HƏMKARLAR İTTİFAQI KİMƏ VƏ NƏ ÜÇÜN LAZIMDIR… – SENSASİON ARAŞDIRMA

    36

    Səttar Möhbalıyev “könüllü vəkil” xidmətinə görə 32 il AHİK-in sədri olacaq

    Ölkəmiz müstəqillik qazandıqdan sonra başqa nazirlik və qurumlar kimi, həmkarlar ittifaqlarının da yaranmasına ehtiyac yaranıb. İlk dəfə 1993-cü ilin fevralında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyanın (AHİK) təsis qurultayı keçirilib. Məlum olduğu kimi, təsis qurultayının iştirakçılarının yekdil təklif və səsi ilə Səttar Möhbalıyev AHİK-in sədri seçilib. S.Möhbalıyev 1998, 2003, 2008, 2013, 2018-ci illərdə də AHİK-in I, II, III, IV və V qurultaylarında bu vəzifəyə seçilib. Maraqlıdır ki, bəzi nazirlər 20 ildən çox keçməsinə baxmayaraq, yenə nazir kürsüsündə əyləşdikləri kimi S.Möhbalıyev də artıq 25 ildir AHİK-in sədri vəzifəsini tutur və guya, səsvermə yolu seçilir.

    Əslində, demokratik, şəffaf səsvermə proseduru həyata keçirilsə, bir adam 25 il eyni vəzifəni tuta bilməz. Görünən odur ki, S.Möhbalıyev AHİK sədri kimi heç zaman seçilməyib, təyin olunub. AHİK sədrinin seçilməməsi onun bu il fevralın 5-də keçiriliən qurultay zamanı çıxışından da məlum olur: “Biz 2008-ci və 2013-cü il prezident seçkilərində olduğu kimi, bu dəfə də ənənəmizə sadiq qalaraq İlham Əliyevin namizədliyini dəstəkləyəcək və onun könüllü vəkilləri olacağıq”.

    Görünür, məhz “könüllü vəkil” xidmətinə görə S.Möhbalıyev 25 ildir ki, AHİK sədri statusunu, eyni zamanda deputat mandatını qoruyub saxlayır. Hətta “könüllü vəkil” xidmətini layiqincə yerinə yetirdiyinə görə, son qurultayda AHİK sədrinin səlahiyyət müddəti də prezidentin səlahiyyət müddəti ilə eyniləşib, yəni 5 ildən 7 ilə qaldırılıb. Beləliklə, S. Möhbalyev 32 il AHİK-in sədri olmuş olacaq.

    Bəs, üzvlərin sayı niyə 100 min azalıb?

    Səttar Möhbalıyevin qurultayda hesabatı maraqlı məqamlarla yadda qalıb. O, deyib ki, hazırda Konfederasiyanın sıralarında 1,5 milyona yaxın üzvün birləşdiyi 16 min 901 həmkarlar ittifaqları təşkilatı fəaliyyət göstərir: “Son 5 ildə 507 yeni ilk həmkarlar ittifaqı təşkilatı yaradılıb, 56 min 497 nəfər həmkarlar ittifaqı üzvlərinin sırasına cəlb edilib”. Ancaq AHİK-in müxtəlif illərdə olan hesabatlarındakı rəqəmlər kifayət qədər ziddiyyət təşkil edir. Məsələn, 2008-ci ildə prezident seçkiləri öncəsi AHİK-in III Qurultayında təqdim olunan hesabatda 1,6 milyon nəfər üzvünün olduğunu göstərilir(“Azərbaycan” qəzeti, 2008-ci il, 6 Fevral). Daha sonra 2013-cü ildə prezident seçkiləri öncəsi, IV Qurultayda çıxış edən AHİK sədri Səttar Mehbaliyev bildirib ki, son 5 ildə üzvlərinin sayı 6,6 faiz artaraq, 1,6 milyon nəfər olub. Maraqlıdır ki, S. Mehbalıyev 2008-ci ildə də, 2013-cü ildə də 1,6 milyon üzv olduğunu deyir. Bəs, onda 6,6 faiz artım hanı? Halbuki, bu artımla üzvlərin sayı 1,7 milyon nəfəri keçməli idi.

    O da təəccüb doğurur ki, son 5 ildə 507 yeni həmkarlar ittifaqı təşkilatı yaradılıbsa, bəs, üzvlərin sayı niyə 100 min azalıb? Maraqlıdır ki, həmkarlar ittifaqlarının sayı artır, üzvlərin sayı azalır. Əslində, bütün bunlar araşdırılmalı məsələlərdir. Görünür, üzvlərin sayını az deməkdə hansısa maraqları var. Əslində, üzvlərin sayının azalması həm də işçi sayının azalmasıdır ki, bu da ölkədə işsizliyin göstəricisidir. Konfederasiyasının saytında isə “üzv təşkilatlar” bölməsində 27 sektor üzrə həmkarlar ittifaqlarına üzv olanların sayı 1,2 milyon nəfəri ötmür. Burada təxminən 300 min nəfər kənarlaşmadan söhbət gedir.

    Rəsmi məlumata görə, 1,5 milyon üzvü olan bu qurumun sən demə tabeçilyində həm də xeyli sayda müalicə və istirahət üçün nəzərdə tutulan sanatoriyalar var imiş. Bütün bunlar qurumun ahik.org rəsmi internet səhifəsində qeyd olunub. Azərbaycan Həmkarlar İttifaqlarının “Kurort” Səhmdar Cəmiyyəti mövcuddur. Əslində, bu cəmiyyət hər bir üzvünə müalicə və istirahət üçün “putyovka”, yəni “göndəriş vərəqəsi”verməlidir. Çünki “Kurort” Cəhmdar Cəmiyyətinin nəzdində xeyli müəssisə – “Naftalan”, “Bilgəh”, “Abşeron”, “Günəşli”, “Qaranquş” ,”Şıx”, “Pirşağı” və “Xəzər” sanatoriyaları, “Azgeokaptajminsu” Ekspedisiyası, “Avtonəqliyyat” müəssisəsi, “Azərkrortlayihə” institutu, Təchizat Birliyi, “Azərkurorttikintitəmir” Birliyi var.

    AHİK-in tabeçiliyində digər qurumlar, o cümlədən Azərbaycan Respublikası Turizm və Ekskursiyalar Şurası və bu şuranın nəzidində “Xəzər” turist bazası, “Dostluq” turist bazası, Şəki “Soyuq bulaq” turist-ekskursiya birliyi, Mingəçevir “Günəşli” turist bazası, Hacıkənd "Göy göl” turist bazası, “Bakı-Tur” Turizm Agentliyi, “Turist” Avtobazası BİS, Təmir-Tikinti Sahəsi, Bakı Səyahətlər və Ekskursiyalar bürosu mövcuddur.

    Bundan başqa AHİK-in tabeçiliyində olan “Azərbkolxozlararası Sağlamlıq” Respublika Birliyinın nəzdində Sənaye İstehsalatı və Texniki dəstləşdirmə idarəsi, “Şahdağ” istirahət evi, “Şəfa” müalicə-pansionatı var.

    AHİK-in tabeçiliyində hətta Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası da var. Bunun nəzdində isə “Spartak” Könüllü Bədən Tərbiyəsi İdman Cəmiyyəti, “Gənclik” Tələbə İdman Cəmiyyəti, “Məhsul” Kənd Könüllü İdman Cəmiyyəti, “Qarabağ” İdman Cəmiyyəti, “Zenit” İdman Cəmiyyəti, “Alpinist və Turizm” Respublika İdman Klubu, “Pəhləvan” Respublika İdman Klubu, “Şahmat və Dama” İdman Klubu və “Atilla” İdman Klubu var.

    Bütün bunlardan başqa, qurumun Əmək və Sosial Münasibətlər Akademiyası da mövcuddur.

    Maraqlıdır ki, tabeçiliyində bu qədər sanatoriyalar olan AHİK üzvlərinə istirahət üçün “putyovka” verirmi? Təbii ki, yox. Ətrafımızda olan dövlət müəssisələrində çalışan şəxslərin hələ indiyə kimi AHİK-in xətti ilə heç bir müalicə və istirahət zonasında müalicə olunduğunun və istirahət etdiyinin şahidi olmamışıq. Aydındır ki, Azərbaycan Həmkarlar İttifaqlarının “Kurort” Səhmdar Cəmiyyəti bu “putyovkaların” bir hissəsini yuxarı dairələrdən olan şəxslərə paylayır, qalan hissəsini də pulla satır. Çünki S.Möhbalıyevin Milli Məclisdə “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı “Deputatlar, Nazirlər Kabinetinin işçiləri 4-5 “putyovka” istəyirlər” deməsi də onu göstərir ki, bu “putyovkalardan” elə yuxarı dairələr yararlanır.

    “Amma “göndəriş vərəqəsi” hər adama ildə bir dəfə verilə bilər. Bu məsələni Prezident Administrasiyasında da müzakirə etmişəm”,-deyən S. Möhbalıyevin fikirlərindən də görünür ki, deputat yoldaşlarının və Nazirlər Kabinetinin işçilərinin 4-5 “putyovka” istəməsindən S. Möhbalıyev cana gəlib. Amma bu “putyovkalardan” tək Nazirlər Kabinetinin işçiləri, deputatlar deyil, AHİK-in 1,5 milyon üzvü yararlanmalı, müalicə və istirahət üçün sanatoriyalara “putyovka” verilməlidir. Təəssüf ki, başqa sahələrdə dost-tanışa, pula önəm verildiyi kimi, göründüyü qədər “putyovkaların” verilməsində də bu hal özünü göstərir. Baxmayaraq ki, həmkakarlar ittifaqlarının 1,5 milyon üzvündən AHİK-in büdcəsinin formalaşması üçün hər ay əməkhaqqlarından ən azı 2 manat üzvlük haqqı tutulur.

    S.Möhbalıyev hesabat çıxışında qeyd edib ki, ötən beş ildə həmkarlar ittifaqları tərəfindən 308 min 223 nəfərin müalicəsi və istirahəti təmin olunub: “Sanatoriya-kurort və istirahət müəssisələrində 291 min 973 nəfər, o cümlədən 35 min uşaq və yeniyetmənin valideynləri ilə birlikdə istirahəti təşkil olunub”. Təəccüblüdür ki, müalicəsi və istirahəti təmin olunan 308 min 223 nəfərdən birini biz niyə tanımırıq?! Görünən odur ki, müalicəsi və istirahəti təmin olunan şəxslər ya həmkarlar ittifaqlarına yaxın olan şəxslərdir, ya da həmin “putyovkalar” satılır. Çünki, qeyd etdiyimiz kimi, dövlət müəssisələrində çalışan yaxınlarımızdan birinin belə həmkarlar ittifaqları hesabına müalicə və istirahətinin təmin olunduğunu eşitməmişik.

    Həmkarlar ittifaqları heç vaxt üzvlərinin hüquqlarını müdafiə etməyiblərsə…

    (Ardı var)

    Şamo EMİN, Hurriyyet.org

    Növbəti yazılarımızda biləcəksiniz:

    – Həmkarlar İttifaqına ayrılan pullar necə mənimsənilir?

    – Səttar Möhbalıyevin rəhbərlik etdiyi qurumun hansısa korrupsiyalaşmış dövlət orqanından nə fərqi var?

    – Konfederasiya sədri qeyri-qanuni yollarla nə qədər sərvət toplayıb və hansı milyonluq əmlakları var?