Hitlerin rumın müttəfiqi, qanlı cəllad, amansız marşal – Antonesku edam olunarkən atəş əmrini özü verib

18

Adı 20-ci əsr Rumıniya tarixinə diktator kimi həkk olunan İon Antonesku gənclik illərindən həm hərbi, həm də siyasi fəaliyyəti ilə diqqət çəkib. Orta, orta ixtisas, ali hərbi təhsil alan Antonesku qısa müddət ərzində hərbi karyerasında böyük uğurlar qazanıb.

İon Antonesku 1882-ci ildə Rumıniyanın Piteşti şəhərində anadan olub. Böyük torpaq sahələrinə malik olan atası bölgənin ən imkanlı şəxslərindən biri sayılıb. Valideynləri İonu kənd təsərrüfatı sahəsinə, ailəyə məxsus olan torpaq sahələrində işləməyə cəlb etmək istəsələr də, o, hərbçi olmaq arzusundan əl çəkməyib.

Hərbi təhsil aldıqdan sonra əsasən qərargah işlərində xidmət edən Antonesku I dünya müharibəsi dövründə ayrı-ayrı cəbhələrdə əməliyyat qruplarına rəhbərlik edib və peşəkar, bacarıqlı hərbçi kimi tanınıb.

1920-ci ildən İon Antonesku əvvəlcə Parisdə, sonra Londonda, daha sonra isə Brüsseldə Rumıniyanın hərbi attaşesi vəzifəsini daşıyıb. 1927-ci ildə isə o, Buxaresdəki ali hərbi məktəbə komandan təyin edilib.

Təkkəbürlü və iddialı olmasına baxmayaraq Antonesku hərbi sahədə peşəkarlığına görə vəzifə pillələrini sürətlə qalxıb. 1933-cü ildə ona Rumıniya silahlı qüvvələrinin baş qərargah rəisi vəzifəsi həvalə edilib, 1937-ci ildə müdafiə naziri təyin edilib.

Antonesku bu vəzifəyə təyin olduqdan sonra siyasi fəaliyyətinini genişləndirib. Mövcud qanunvericiliyə görə, hərbi vəzifəlinin siyasi proseslərə müdaxiləsinin yolverilməzliyinə baxmayaraq, o, Rumıniya kralı 2-ci Karolun və hökumətin qərarları haqqında nümayişkarcasına münasibət bildirməkdən, tənqidi fikirlərini açıq şəkildə bəyan etməkdən çəkinməyib.

1940-cı ildə mübahisəli ərazilər olan Bessarabiyanın və şimali Bukovinanın SSRİ-nin tərkibinə daxil edilməsi İon Antonesku ilə kral 2-ci Karolun arasında münasibətləri daha da kəskinləşdirib. Antonesku 2-ci Karolun qarşısında ölkəni tərk etmək ultimatumunu qoyub və səlahiyyətlərini oğlu 1-ci Mixaya verilməsini təklif edib. Silahlı qüvvələrin Antoneskunun əlində olduğunu nəzərə alan 2-ci Karol ölkəni tərk edib, onun səlahiyyətləri isə oğluna keçib.

Bu mübahisəli ərəfədə İon Antonesku Rumıniyanın baş naziri kürsüsünə sahib olub, ölkədə milli legioner hökuməti yaradıb. Yeni hökumətin tərkibinə yerli hərbi birləşmələrlə yanaşı, faşist hərəkatının “Dəmir ordu”su da daxil edilib.

Artıq 1940-cı ilin payızında alman hərbi missiyası Rumıniyada çoxsahəli fəaliyyətə başlayıb. Adolf Hitlerlə İon Antonesku bütün sahələr üzrə, o cümlədən hərbi sahədə də tərəfdaşlıq müqavilələri imzalayıblar. Beləliklə, Rumıniya Almaniyanın rəsmi tərəfdaşı olub.

Hakimiyyəti ələ aldıqdan sonra İon Antonesku ölkədə diktatura rejimi yaradıb. Cəmi altı ay ərzində Rumıniyada 35 həbs düşərgəsi salınıb. On minlərlə insan Antonesku repressiyasının qurbanına çevrilib. Ölkənin ən ucqar kəndlərində yaşayanlar belə rejimin xofu altında olublar. Rumıniyanın ziyalı təbəqəsinin əsas hissəsi Antoneskunun qısamüddətli hakimiyyəti illərində ölkəni tərk etmək məcburiyyətində qalıblar.

1941-ci ildə almanlar SSRİ-yə hücum edində Rumıniya ordusu da ən yaxın müttəfiq kimi onlarla yanaşı olub.

Antoneskunun qəddarlığının həddi-hüdudu olmayıb. 22 oktyabr 1941-ci ildə Rumıniya ordusunun Odessada yerləşən qərargahı partladılanda, Antonesku hər ölən zabitinə görə 200, hər əsgərinə görə isə 100 nəfər sovet vətəndaşının güllələnməsini əmr edib.

Stalinqrad döyüşlərində Rumınya ordusu daha çox itki verib. 18-ci və 22-ci Rumıniya diviziyaları tamamilə məhv edilib. Bununla da Rumıniya ordusunda ölənlərin sayı 500 min nəfəri keçib. Bu itkilərdən sonra Antonesku ordusunda fərarilik kütləvi şəkil alıb.

Böyük itkiləri nəzərə alan İon Antonesku 1943-cü ildə müharibədən kənara çəkilmək haqqında qərar qəbul etmək istəyib. Ancaq Hitlerlə görüşündən sonra o, bu qərarından vaz keçib. Belə ki, danışıqlar zamanı Hitler ona Rumıniyanın bütün maddi-iqtisadi problemlərinin həll edəcəyini vəd edib.

Amma zaman nə Hitlerin, nə də Antoneskunun xeyrinə işləməyib. 24 mart 1944-cü ildə sovet qoşunları Rumınyanın ərazisinə daxil olublar və ölkə SSRİ-nin nəzarəti altına keçib. Bu zaman Rumıniya kralı 1-ci Mixay Antoneskunu saraya dəvət edib və sovet qoşunları ilə sülh müqaviləsi imzalamığı tapşırıb. Antonesku kralın təklifi ilə razılaşmayıb, o, bu addımı atmazdan əvvəl müttəfiq Almaniya ilə razılaşmağın vacib və mütləq olduğunu bildirib. Özünə və müttəfiqinə güvənən İon Antonesku heç bir danışığa macal tapmayıb, bir neçə gündən sonra o, həbs olunub və saxlanılması üçün SSRİ-yə göndərilib.
II dünya müharibəsi başa çatdıqdan, Rumıniyada kommunistlər hakimiyyətə gəldikdən sonra, 1946-cı ildə İon Antonesku Rumıniyaya təhvil verilib. 10 may 1946-cı ildə Antoneskunun məhkəməsi başlayıb və bir həftə davam edib. 17 may 1946-cı ildə 63 yaşlı marşal İon Antonesku Buxarest məhkəməsinin hökmü ilə ən ağır cəzaya, güllələnməyə məhkum edilib.

Antoneskuya məhkəmədə son söz veriləndə, o, ona qarşı sürülən ittihamlarla razılaşmadığını bildirib: “Bir həftə ərzində burada danışdıqlarınızın heç biri mənə aid deyil və sizin hökmünüzü də qəbul etmirəm. Mən özüm özümə hökm verirəm, məni güllələyin. Amma məhkəmədən bir xahişim var, məni adi cinayətkarlar kimi həbsxana əməkdaşları yox, əsgərlər güllələsin…”

Elə həmin gün saat 18.05-də hökmün icrası yerinə yetirilib. Edam zamanı hökmü icra edənlərə İon Antonesku özü şlyapasını yuxarı qaldıraraq atəş haqqında əmr verib…/musavat.com/