“Hitler” roluyla məşhurlaşan Frits Dits nədən SSRİ-yə gəlmək istəmirdi… – Brejnevin Honekkerdən xahişi

111

Sovet dövründə insanlar kinoya böyük maraq göstəriblər. 1950-ci illərdən başlayaraq isə müharibə mövzulu filmlərə maraq daha da artıb. Sıravi vətəndaşlarla yanaşı, siyasi liderlər də filmləri seyr etmək məsələsində vaxtlarına qənaət etməyiblər. 

SSRİ rəhbərləri arasında İosif Stalin və Leonid İliç Brejnev isə kino yaradıcılığına xüsusi həssaslıqla yanaşıblar. Stalin SSRİ-nin istehsalı olan hər filmin kütləvi nümayişə buraxılmasına şəxsən nəzarət edib. Onun ən çox sevdiyi filmlərdən biri “Çapayev” olub. Filmin “xeyir-dua”sını vermək üçün Stalin bu əsərə 38 dəfə baxıb. Nəhayət, bir çox düzəlişlər aparıldıqdan sonra ona filmin üç variantını təqdim ediblər. Stalin filmin Çapayevin Ural çayında boğulması ilə sona çatan variantını seçib. Sonuncu dəfə isə Stalin 1 mart 1953-cü ildə “Sirk” filmini seyr edib.

Leonid İliç Brejnev də filmlərə baxmaqdan imtina etməyib. Hər həftənin beşinci günü axşamlar Leonid İliçin bağ evində baş katibə yeni filmləri nümayiş etdiriblər. Brejnev Stalindən fərqli olaraq kino yaradıcılığı ilə məşğul olanları vaxtaşırı qəbul edib, onların problemləri ilə maraqlanıb və sözsüz ki, öz “dahi” məsləhətlərini də verib.

Belə görüşlərdən biri də 1971-ci ildə baş tutub. Bu dəfə görüş təklifi tanınmış rejissor Yuri Ozerov tərəfindən gəlib. Qeyd edək ki, Ozerov beş filmdən ibarət olan “Azadlıq” kinoepopeyasının rejissoru olub. Filmin çəkilişinə dörd il vaxt sərf olunub. Çəkiliş uğurla davam edib. Rejissorun həll edə bilməyəcəyi bir problemi qalıb – Adolf Hitlerin obrazını yaradacaq aktyoru filmə cəlb edə bilməyib. Belə ki, Ozerov bu rola bir neçə sovet aktyorunu dəvət etsə də, sınaq çəkilişləri onu qane etməyib. Ozerov Hitlerin rolunu oynamaq üçün alman aktyoru Frits Ditsə müraciət edib. Frits Dits Almaniyada (ADR) bir neçə dəfə fürerin rolunda çəkilib və bu, çox uğurlu alınıb. Alman aktyoru rus rejissorunun təklifindən qəti şəkildə imtina edib. Elə Ozerovu da Brejnevin yanına aparan məhz bu problem olub.

Brejnev Ozerovu mehribanlıqla qarşılayıb və ilk sualı da filmin çəkilişləri ilə bağlı olub:

– Yuri Nikolayeviç, “Azadlıq” əldə etməyimizə çox var, yoxsa hələ “döyüşürük?”

Ozerov özünəməxsus cavab verib:

– Leonid İliç, “döyüş” sona çatır, amma SSRİ-də Hitleri tapa bilmirik.

– Hitleri SSRİ-də yox, Almaniyada axtarmaq lazımdır.

– Məsələ ondadır ki, biz onu Almaniyadan SSRİ-yə gətirə bilmirik.

Sonra Ozerov Brejnevə Frits Ditsin çəkiliş təklifindən imtina etdiyini söyləyib. Baş katib özünəgüvənliklə rejissoru sakitləşdirib:

– Bu problem deyil, həll edərik.

Brejnev masasının sol tərəfindəki telefonun düyməsini basıb və köməkçisinə Almaniya Vahid Sosialist Partiyasının baş katibi Erik Honekkerlə telefon əlaqəsi yaratmasını göstəiş verib. Az sonra baş katiblər telefon əlaqəsinə giriblər. Brejnev Honekkerə bir az amiranə, bir az da zarafatyana fikrini bildirib:

– Erik, (Brejnev almaniyalı həmkarına məhz belə müraciət edib) biz 1945-ci ildə Hitleri Moskvaya gətirə bilmədik. Gec də olsa, indi bu məsələni həll etməliyik.

Brejnevin izahından sonra məsələni anlayan Honekker aktyoru Moskvaya göndərəcəyinə söz verib.

Qeyd edək ki, aktyor Frits Dits 1901-ci ildə Almaniyada, Mayningen şəhərində anadan olub. Ali Teatr İncəsənət Məktəbində təhsil alıb. 1932-ci ildə Almaniya Kommunist Partiyasına daxil olub. 1933-cü ildə Reyxstaq binası yandırılanda Frits Dits şübhəli şəxs kimi saxlanılıb və işlədiyi teatrdan heç bir günahı olmadan qovulub. Yanğını törədənlər aşkar olunanda Frits Dits sərbəst buraxılıb. Bu hadisədən sonra o, Almaniyanı tərk edərək İsveçrəyə köçüb və bu ölkədə aktyor kimi fəaliyyətini davam etdirib.

Frits Dits Adolf Hitleri insanlığın bir nömrəli düşməni adlandırıb və kütləvi tədbirlərdə nasist partiyasını tənqid etməkdən çəkinməyib.

Aktyor öz vətəninə 1945-ci ildə, II dünya müharibəsindən sonra qayıdıb. O, kinoda və teatr səhnəsində tanınmış aktyorlardan biri sayılıb. Hitlerin obrazını yaratdıqdan sonra isə, Frits Ditsin populyarlığı daha da artıb.
Beləliklə, Brejnevin zəngindən sonra Erik Honekker Frits Ditsi yanına dəvət edib. Aktyorun imtinası ilə baş katibin təkidi Honekkerin “qələbə”si yekunlaşıb. Frits Dits çəkilişə razılıq verib. O, bu roldan imtina etməyinin səbəbini də bildirib:
“Bu filmin tamaşaçı auditoriysı çox böyük olacaq. Mən bu insan kütlələrinin nifrətini və lənətini qazanmaq istəmirəm…”
Bəli, həqiqətən də Frits Dits mükəmməl yaratdığı bu obrazla milyonlarla sovet tamaşaçısının nifrətini “qazanıb”.

“Azadlıq” kinoepopeyasının çəkilişləri başa çatdıqdan sonra Frits Dits Moskvada növbəti bir təklif alıb. Rejissor Tatyana Liozonova onu “Baharın on yeddi anı” filminə dəvət edib. Beləliklə, aktyor SSRİ-də ikinci dəfə “nifrət obyekti”nə çevrilib.
Alman aktyorunun SSRİ ilə bağlı təəssüratları yüksək olub. Yəqin elə buna görə də o, Yuri Ozerovun digər bir təklifinə, “Moskva uğrunda döyüş” filmində Hitlerin roluna çəkilməyə razılıq verib. Amma bu çəkiliş ona qismət olmayıb. Frits Dits 1979-cu ildə, 78 yaşında vəfat edib./musavat.com/