“Hiss olunur ki, Rusiya Türkiyə ilə qarşıdurmadan çəkinir” – ELXAN ŞAHİNOĞLU

6

“Kreml vəziyyətin özü üçün ciddiyyətini anlamaqdadır. Türkiyə ordusunun verdiyi şəhidlər qarşlığında Suriya ordusunun İdlib ətrafındakı mövqelərini darmadağın etməsi Rusiya prezidenti Vladimir Putini iki addım atmağa məcbur edib”. Hurriyyet.org xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

“Putin fikrini dəyişmək məcburiyyətində qalıb”

“Birincisi, Putin türkiyəli həmkarı Rəcəb Təyyub Ərdoğanla telefonla danışaraq onunla yaxın günlərdə görüşə razılıq verib. Halbuki, hələ dünənə qədər Putin naz edirdi, onun mətbuat katibi “Putinin yaxın günlərdə Ərdoğanla görüşmək planı yoxdur” deyirdi. Putin fikrini dəyişmək məcburiyyətində qalıb”,-deyə politoloq əlavə edib.

“Kremldə məntiqsiz qərarlar da qəbul olunur”.

İkinci addımı diqqətə çatdıran Şahinoğlu qeyd edib ki, Putin Kremldə Təhlükəsizlik Şurasının toplantısını çağıraraq nazirləriylə İdlibi müzakirə edib: “Kremldən yayınlanan açıqlamalarda Türkiyə ilə bağlı sərt ifadələrin işlənməsindən çəkiniblər, uzaqbaşı deyiblər və yazıblar ki, “Rusiya Türkiyənin mövqelərini bombalamayıb”, “Türkiyə ordusunun İdlib içərisindəki yerdəyişmələrindən xəbərimiz olmayıb” və s. Hiss olunur ki, Rusiya Türkiyə ilə qarşıdurmadan çəkinir. Məntiq də bundan xəbər verir ki, İdlibə görə, Türkiyə ilə savaşmağa dəyməz, bu, hamıya baha başa gələ bilər. Ancaq uzaq və yaxın tarixdən onu da bilirik ki, Kremldə məntiqsiz qərarlar da qəbul olunur”.

 Şamo EMİN, Hurriyyet.org