“Hiqos” qasırğası Çinin cənub sahillərinə çatıb

78

Sakit okeanda əmələ gələn “Hiqos” qasırğası Çinin Quandun əyaləti istiqamətində cənub sahilinə çatıb.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Honkong meteoroloji rəsədxanası məlumat verib.

Bildirilir ki, atmosfer hunisinin episentri ÇXR-in qeyd edilən inzibati bölgəsindən 130 km qərbdədir. Siklon tədricən gücünü itirərək şimal-qərbə doğru hərəkət edir.

Honkongun özündə yüksək fırtına təhlükəsi – 10 ballıq şkala üzrə 9 nömrə elan edilib. Ofislər , banklar, təhsil müəssisələri bağlı olmalı, nəqliyyatın və limanın fəaliyyəti dayandırılmalıdır.

Meteoroloqların bildirdiyinə görə, gecə saatlarında 27.5 m/s sürətlə küləyin əsməsi qeyd edilib. Hələlik iki zərərçəkən haqqında bildirilir.

Makao şəhərində maksimum təhlükə səviyyəsi tətbiq olunub – 10 nömrəli. “Asiyanın Las Veqas”ında bütün kazinolar bağlanıb. Bölgədə nəqliyyat əlaqələri kəsilib, bəzi reyslər təxirə salınıb ​​və ya ləğv edilib.

“Hiqos” bu mövsüm Asiyada yeddinci tropik siklondur. Adı Sakit Okeandakı Quam adasının aborigen dilindən tərcümədə “əncir ağacı” deməkdir.