Hindistanla Pakistan arasında yeni döyüşlər – həlak olanlar

414

Hurriyyet.org xəbər verir ki, Hindistan ilə Pakistan arasında baş verən toqquşma nəticəsində ən azı 10 nəfər dinc sakin və 5 nəfər asayiş keşikçisi həlak olub.

Pakistan Kəşmir nəzarət xəttində Hindistan qüvvələrinin raket və zenit hücumu nəticəsində dörd nəfər dinc sakinin və bir hərbçinin öldüyünü açıqlayıb. Pakistan ordusu Hindistan tərəfindən açılan atəşə cavab verildiyini qeyd edib.

Hindistan öz tərəfindən altı nəfər dinc sakin, üç nəfər hərbçi və bir nəfər sərhədçinin öldüyünü bildirib.

Azad Cammu Kəşmirin Baş naziri Raca Məhəmməd Faruk Heydər Xan hind birliklərinin hücumları nəticəsində ən azı 31 dinc sakinin yaralandığını çox sayda evin də zərər çəkdiyini açıqlayıb.

Bu il Hindistan ilə Pakistan hərbçiləri arasındakı döyüşlərdə 40 nəfərdən artıq dinc sakin həlak olub.

Pakistan Hindistana etiraz notası verib. Pakistan XİN-ə çağrılan hind diplomatına Kəşmirdəki atəşkəsin pozulduğu ilə bağlı etiraz notası təqdim edilir. Açıqlamada Hindistanın bu il ərzində 2779 dəfə atəşkəsi pozduğu, nəticədə 21 dinc vətəndaşın həlak olduğu, 206 nəfərin isə yaralandığı bildirilir.

İki ölkə arasında atəşkəs 2003-cü ildə əldə edilib.

İngiltərə 1947-ci ildə müstəmləkəsi olan Hindistanı tərk edəndən sonra Kəşmir yenicə müstəqil olan Hindistan ilə Pakistana birləşmək məsələsində seçim qarşısında qalıb.

Kəşmirin əhalisinin 90 faizi müsəlman  olan Kəşmir xalqı 1947-ci ildə Pakistana birləşmək istəsə də, o dövrdəki Kəşmir şahzadəsi Hindistan ilə birləşməyi qərara alıb. Müsəlman Kəşmir xalqı isə buna qarşı çıxıb. Bundan sonra 1947, 1965 və 1999-cu illərdə iki ölkə arasında döyüşlər baş verib. Müharibələrdən sonra əldə edilən növbəti atəşkəs nəticəsində Cammu Kəşmirin 45 faizi Hindistanın, 35 faizi isə Pakistanın nəzarətində qalıb. Regionun şərqindəki 20 faizlik bir hissə isə həmsərhəd Çin hakimiyyətinə verilib.