HƏRB, YOXSA POLİS MƏSƏLƏLƏRİ ŞÖBƏSİ? – Prezident Administrasiyasında həqiqi hərbi xidmət keçilir?

105

Bu günlərdə DİN Baş Mühafizə İdarəsinin rəisi görəvindən alınıb təqaüdə göndərildi və elə həmin gün də Prezidentin hərbi məsələlər üzrə köməkçisinin hərbi məsələlər şöbəsinin müavini görəvinə gətirildi.
DİN-dən general-mayor çini ilə təqaüdə çıxan polisin PA-da həqiqi hərbi xidmətə qəbul edilərək bir çin yuxarı general – leytenant rütbəsinə layiq görülməsi uyğunsuzluğunu “hərbi ekspertlər” necə izah edəcək, bilinmir.  Bircə onu deyə bilərik ki,  birincisi,  ali icra hakimiyyətinin Aparatında həqiqi hərbi xidmət keçmək, sadəcə, mümkün deyil və polis çini hərbi çindən aşağıdır. Yəni, məsələn, mayor hərbi çini polkovnik-leytenant polis çininə bərabərdir . Nə isə, bunlarla işimiz yoxdur, rahatsızlıq doğuran ali dövlət hakimiyyəti orqanının icra hakimiyyəti qolunun hərbi məsələlər şöbəsinin peşəkar hərbçilərdən yox,  polislərdən təşkil edilməsidir.
Yaxın keçmişə nəzər salaq, Prezidentin fərmanı ilə 1992-ci ilin sentyabrın 5-də 57 yaşlı polkovnik Nurəddin Sadıqov Müdafiə Nazirliyinin Baş qərargah rəisi təyin olunub və ona general-mayor hərbi rütbəsi verilib. Generalın rəhbərliyi ilə uğurlu hərbi əməliyyatlar, Qubadlı, Kəlbəcər, Laçın yönündə uğurla sonuclanan hücumlar həyata keçirilib. 1993-cü ilin 2 noyabrında hərbi işlər üzrə dövlət müşaviri vəzifəsi yaradılıb və general-mayor Nurəddin Sadıqov hərbi xidmətdə saxlanılmaqla bu vəzifədə 64 yaşına kimi – 3 fevral 1999-cu ilə kimi dəyişməz general-mayor rütbəsi ilə çalışıb. 2005- ci ildə Prezidentin fərmanı ilə 36 yaşlı general-leytenant Vahid Əliyev prezidentin hərbi məsələlər üzrə köməkçisi görəvinə təyin olunub və 2017-ci ilə kimi bu postda çalışıb.
Yeri gəlmişkən, Vahid Əliyev vətəndaşları şəxsən özü qəbul edən, Qarabağ əlilləri və şəhid ailələrinə özəl qiqqət və qayğı göstərən dövlət qulluqçusu, müşaviri kimi yadda qalıb .
Artıq 3 ildir dövlətin (və başçısının) hərbi siyasətinin yönətilməsi peşəkar hərbçilərə yox,  keçmiş polislərə tapşırılıb. Bilmək olmur, bu mühüm görəv hərbi məsələlər,  yoxsa polis məsələləri şöbəsidir?
…Təhlükəsizlik Şurasının katibi də keçmiş daxili işlər naziridir…

Məğrur BƏDƏLSOY