“Hərarəti yüksək olanlar…” – DSX-dan koronavirusla bağlı açıqlama

3

Son günlərdə bir sıra kütləvi informasiya vasitələrində və sosial mediada Azərbaycanın dövlət sərhəd buraxılış məntəqələrində şəxslərin və nəqliyyat vasitələrinin dövlət sərhədindən keçidində məhdudiyyətlərin tətbiq olunması barədə məlumatlar yayılmaqdadır.

Hurriyyet.org xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsi bu məlumatların həqiqətə uyğun olmadığını və reallığı əks etdirmədiyini bildirib.

"Azərbaycanın həmsərhəd ölkələrlə dövlət sərhədindən buraxılış məntəqələrində vətəndaşların, sərnişin avtobuslarının, fərdi və yük nəqliyyat vasitələrinin dövlət sərhədindən buraxılmasında hər hansı məhdudiyyətlər tətbiq edilməyib. Dövlət sərhədindən buraxılış məntəqələri gücləndirilmiş iş rejimində fəaliyyətlərini davam etdirirlər. Hazırda dövlət sərhədindən buraxılış məntəqələrində şəxslərin və nəqliyyat vasitələrinin keçidində sıxlıq halları müşahidə olunmur.

Həmsərhəd ölkələrin sərhəd mühafizə orqanları ilə zəruri məlumat mübadiləsi həyata keçirilir, həmin ölkələr tərəfindən də dövlət sərhədindən buraxılış məntəqələrində tibbi profilaktik tədbirləri gücləndirilib.

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən aidiyyəti dövlət orqanları arasında “koronavirus” xəstəliyinə qarşı mübarizə tədbirlərinin qarşılıqlı koordinasiyası yüksək səviyyədə təşkil olunub.

Dövlət sərhədindən buraxılış məntəqələrində sanitarkarantin nəzarətinin gücləndirilməsi, “koronavirus” xəstəliyinə yoluxmalarına şübhələr yaranan şəxslərin aşkarlanması və tibbi təxliyəsi istiqamətində kompleks profilaktik tədbirlər həyata keçirilir. Dövlət sərhədindən buraxılış məntəqələrində tibbi personalın və təcili tibbi yardım avtomobillərinin fasiləsiz fəaliyyəti təşkil olunub. Ölkəyə daxil olan vətəndaşların hər birinin bədən hərarəti mütləq qaydada müasir tibbi texniki vasitələrdən istifadə olunmaqla yoxlanılır, hərarətinin yüksək olmasına şübhələr yaranan şəxslər daha dərinləşdirilmiş tibbi müayinələrə cəlb olunur və zərurət olduqda tibbi təxliyələri təşkil edilir.

Dövlət sərhədindən keçən şəxslərin “koronavirus” xəstəliyinə qarşı profilaktik tədbirlər haqqında maarifləndirilməsi istiqamətində lazımi tədbirlər həyata keçirilir. Dövlət sərhədindən buraxılış məntəqələrində xidmət aparan şəxsi heyət tibbi təhlükəsizliklərinin təmin edilməsi məqsədilə fərdi müdafiə və digər tibbi mühafizə vasitələri ilə təmin olunublar".