“Nədən çəkinirsən, Əli Kərimli? Nədən qaçırsan?“

    3

    Həmsöhbətimiz məqsədlərinin indiyə qədər problem kimi görünən məsələlərə aydınlıq gətirmək olduğunu bildirdi. Dedi ki, problemlərin əmələ gəlməsinin səbəblərindən biri konfliktlərin birgə müzakirə olunmamasıdır: “Partiyalararası deyişmələr siyasət deyil. İnsanların siyasi səviyyəsini yüksəltmək lazımdır. Partiyalar hamısı bir-birindən küsüb. Ortada ancaq qeybət və narazılıqlar var. Bu, siyasət deyil. Təəssüf ki, insanların siyasi səviyyəsi getdikcə daha da aşağı düşür. AXCP müxalifətdaxili inteqrasiyadan niyə yayınır? Debatda bu suala cavab tapmaq istəyirik. Qoy gəlib öz səbəblərini səsləndirsinlər. Üzümüzə desinlər ki, sizin ağlınız çatmır və ya siz xəyanətkarsınız. Düşündüklərini bildirsinlər və cavablarını alsınlar. “Mən hamıdan yaxşıyam, qalan hamı pisdir” deməklə adam yaxşı olmur. Biz müxalifətdaxili münasibətləri müzakirə etmək istəyirik. Burada çəkinəsi nə var ki? Hamının gözü önündə debat təşkil olunsun və hər kəs partiya sədrlərinin həm mövqeyini, həm də nə cür davrandıqlarını görsün. Bildiyiniz kimi, bu günlərdə Müsavat Partiyası sədri Arif Hacılı ilə görüşdüm. Çünki o, mənimlə əlaqə saxladı və müraciətdə onun üçün qaranlıq qalan məqamların olduğunu bildirdi. Ona görə də üzbəüz görüşüb danışmağımızı istədi. Mən də etiraz etmədim. Əgər AXCP sədri də öncədən görüşüb nəyəsə aydınlıq gətirilməsini istəsə, onunla da görüşə bilərəm. Və yaxud da YAP tədbirin mahiyyəti ilə bağlı hər hansı bir sual ünvanlayarsa, biz onlara hər şeyi izah etməyə hazırıq. Kimsə bu cür tələblə çıxış etməyibsə, biz heç kimlə zorla görüşə bilmərik. Baş tutacaq debatın canlı yayımını da təşkil etmək istəyirik. Tədbirə internet televiziyaları ilə yanaşı, digər media qurumlarının da nümayəndələri gələ bilər. Zalda xeyli sayda vətəndaşın iştirak etməsini istərdik. Onlar tədbirə qatılmaqla istənilən partiya sədrinə açıq suallarını verə bilərlər. Artıq neçə ildir ki, bu cür debatlar təşkil olunmur. Partiyalararası münasibətlərlə bağlı bir çox suallar var. Onlara da aydınlıq gətirməyə çalışacağıq”.