“Heç bir rəqibdən qorxub bu addımı atmamışıq ki…”

252
Ayxan Abbasov “Sumqayıt”ın qabardılmasını düzgün saymır

“Bu, bizdən asılı olmayan vəziyyətdi. Çalışırdıq qorunaq. Ancaq təəssüf ki, koronavirus pandemiyası bizim komandadan da yan keçmədi, kütləvi şəkildə yoluxduq”. Bu fikirləri sport24.az-a açıqlamasında “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov söyləyib.

Məlumdu ki, Premyer Liqamızda qarşıdakı turun birdən-birə 3 matçı futbolçuların COVİD-19-a yoluxmasına görə təxirə salınıb. Onlar sırasında say baxımından ən çox məhz sumqayıtlılardı. Abbasovun sözlərinə görə, bu təhlükəni son oyundan əvvəl hiss ediblərmiş: “Həmin vaxt komanda şəklində bir yerdə – oteldə idik. Gecə bəzi futbolçuların hərarəti qalxdı. 4-5 nəfər idilər, onları dərhal komandadan uzaqlaşdırdıq. Simptomlar olduğundan şübhələr vardı. Hərçənd, 2 gün qabaq test vermişdik, bəzilərində cavablar neqativ çıxmışdı. Buna görə də “Qəbələ”ylə həmin matça çıxmaq məcburiyyətində idik – sağlam, özünü yaxşı hiss edən futbolçularla. Bu görüşün səhərisi futbolçularımızın demək olar 70-80 faizinin şikayətləri çoxaldı və test vermək qərarına gəldik. 16 futbolçuda cavab pozitiv çıxdı. Fizioterapevtimiz, inzibatçımız da bu problemlə üzləşdilər. Sağlam 4-5 futbolçumuz qalıb. Onlar da şikayət edir və kontaktda olduqlarından, hər an onlarda da virus çıxa bilər. İndi yalnız futboçularımızın sağalmasıyla məşğuluq. Çalışacağıq ki, tez bir zamanda sıraya dönsünlər. Bilrisiniz ki, bu vəziyyətdə 10-14 gün karantində olmalıdırlar. Onlara SMS də gəldi ki, qətiyyən evdə çölə çıxmamalıdırlar. Bir otağa təcrid olunublar, əks halda say arta, ailə üzvlərini də yoluxdura bilərlər. Maksimum dərəcədə qorunmaları əsas tövsiyəmiz oldu. Bəzi futbolçularımız var ki, onlara kömək elədik hansısa yerdə qalsınlar. Bu vəziyyətdə futbolçuların, işçilərin ailələri təhlükə altındadı”.

Gənc mütəxəssis indiki vəziyyətdə futbol haqda danışmağı yersiz sayır: “Futbolu hamımız sevirik. Ancaq bu gün insanın həyatı hər şeydən üstündü. Bu vəziyyətdə oyunçulara futbol haqda nə danışa bilərəm, nə maraq yarada bilərəm? Axı, onlar bu dəqiqə hamısı bu virusdan qurtarmağı fikirləşirlər. Ona görə futbol haqda bir şey deməyin yeri yoxdu axı. Mətbuat konfransında bəzi problemləri dediyimdə, bir az bunu yaxşı qarşılaşmamışdılar. Gördüm ki, sanki futbolu istəmirik, fikirləşmirik – belə qəbul edirlər. Ancaq hamıdan çox futbolu biz fikirləşirik. Çünki bu, peşəmizdi – həm burdan evimizə pul qazanırıq, həm də işimizdi. Buna görə onunla sevə-sevə məşğuluq. Komandada bu vəziyyətin olacağı görünürdü. Çünki ölkəmizdə “korona”nın yayılması pik həddədi. Bəzi məqamlar olurdu ki, yoluxmada artımının olacağı görünürdü. Futbolçular avtobusa, taksiyə minirlər, məşqə gəlirsən, paltardəyişmə otağında olursan. Nə qədər məsafədə olsan da, futbol kontakt oyunudu, mübarizə aparırsan. Ona görə bu yoluxma normaldı”.

Abbasov bu gün tək “Sumqayıt”ın deyil, ümumilikdə 3 oyunun təxirə salındığını xatırladıb: “Ancaq sanki “Sumqayıt”ı ön plana çəkirlər. Onu xatırladaq ki, ilk təxirə salınan bizim komandanın oyunu olmadı. Bizdən qabaq 4 komandanın matçı təxirə salınıb. Belə olmasını nə mən istəyirdim, nə klub rəhbərliyi, nə də futbolçular. Heç bir rəqibdən qorxub bu addımı atmamışıq ki, bu oyunu oynamağı istəmirik. Sağalandan sonra hamımız oynayacağıq. Bu günədək necə bunu etmişik. Qarşımıza böyük məqsədlər qoymamışıq ki, bizim üçün qeyri-adi nəsə olsun. Futbol oynamaq istəyirik, futbolçularımız mübarizə aparmaq istəyir. Bunun üçün də sağlam olmaq lazımdı. Bu, olmasa, hansısa futboldan danışmağın yeri yoxdu”.

39 yaşlı çalışdırıcı sonda təklifini də səsləndirib: “Təklifim odu ki, bütün virus daşıyıcıları sağalsınlar. Çempionatımızda sağlam, idman prinsipləri şəklində mübarizə getsin. Necə ki bunadək yaxşı mübarizə gedib, elə də davam eləsin. Bu, nə qədər çəkəcək, onu deyə bilmərəm. Yəqin, hamı mənim kimi fikirdədi ki, ilk növbədə futbolçular sağalmalıdı. Həkim də virusa yoluxub. Komandanın həkimi xəstədirsə, o komandanın futbolçuları necə sağlam olacaq?”.

Xatırladaq ki, “Sumqayıt” bu turda bazar günü “Zirə”nin qonağı olmalı idi.