“Heç bir qüvvə Azərbaycanı öz haqlı mövqeyindən döndərə bilməz”

39

Könül Nurullayeva: “Azərbaycanın həyata keçirdiyi siyasət regionun rifahına, Ermənistanın siyasəti isə işğalın və terrorun miqyasının genişlənməsinə hesablanıb”

“Ermənistan törətdiyi müharibə cinayətlərinin bədəlini ödəməlidir”

“Hərbi əməliyyatlardakı uğursuzluqlar Ermənistan cəmiyyətini daha da parçaladı”

 “Azərbaycan haqlı mübarizə aparır. Heç bir qüvvə Azərbaycanı öz haqlı mövqeyindən döndərə bilməz. Azərbaycanın həyata keçirdiyi siyasət regionun rifahına, Ermənistanın siyasəti isə işğalın və terrorun miqyasının genişlənməsinə hesablanıb. Bunu dünya birliyi də əslində yaxşı dərk edir”. Bunu “Hürriyyət”ə müsahibəsində Milli Məclisin deputatı, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Könül Nurullayeva bildirib. O, hərbi əməliyyatlardakı uğursuzluqların Ermənistan cəmiyyətini daha da parçaladığını deyib:

– Döyüş zonasından 100 kilometr məsafədə yerləşən Gəncə şəhərinə edilən hücum “Toçka-U” taktiki raket vasitəsilə həyata keçirilib. Bununla Ermənistan bir daha sübut etdi ki, bu ölkə ilə nə danışıqlar, nə də atəşkəs mümkün olmayacaq. Bəs, beynəlxalq təşkilatlar bu məsələdə niyə susqunluq nümayiş etdirdi?

– Ermənistan bu regionun yeganə təhlükə mənbəyidir. İstər 1994-cü ildə qəbul olunan atəşkəsdən sonrakı dövr ərzində, istərsə də bir neçə gün əvvəl Moskvada razılaşdırılan humanitar atəşkəsin bütün şərtləri məhz Ermənistan tərəfindən pozulub. Yəni atəşkəsin əldə olunmasını istəyən də Ermənistandır, onu kobud şəkildə pozan da. Prezident İlham Əliyevin də vurğuladığı kimi, biz humanitar atəşkəs tətbiq olunandan sonra bir müddət ara vermişdik, çünki sözümüzə sadiqik. Rəsmi Bakı ümid edirdi ki, bundan sonra Dağlıq Qarabağ məsələsi siyasi yollarla həll ediləcək. Çünki döyüş meydanında Ermənistan layiqli cavabını aldı və Azərbaycan Ordusu işğalçı ölkənin bütün atəş nöqtələrini susdurdu. Lakin Ermənistan bu reallıqla hesablaşmadı, işğalçı ölkənin diplomatik müstəvidə müsbət yanaşma sərgiləməyə iradəsi çatmadı. Saat 12-dən qüvvəyə minməli olan atəşkəs Ermənistan tərəfindən pozuldu. Üstəlik, düşmən gecə saatlarında mülki şəxslərə qarşı dəhşətli cinayət törətdi. Gəncə şəhərini raket atəşinə tutdu. Nəticədə azyaşlı uşaqlar və qadınlar daxil olmaqla mülki vətəndaşlar həlak oldu və yaralandı. Dünya mətbuatının nümayəndələri, həmçinin Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusların təmsilçiləri də hadisə ilə yaxından tanış olub. Təbii ki, dünya birliyi Ermənistanın hərbi-siyasi rəhbərliyinin müharibə cinayətləri ilə bağlı işğalçıya təpki göstərməlidir. Sülhə çağırışla kifayətlənmək doğru deyil. Məsələyə obyektiv yanaşma olmalıdır. Ermənistan törətdiyi müharibə cinayətlərinin bədəlini ödəməlidir. Dövlət başçımızın da söylədiyi kimi, dünya erməniliyi, Ermənistanın havadarları, onların hamiləri və islamofob dairələr bu cinayəti gizlədə bilməyəcəklər.

– Sizcə, müharibə getdiyi indiki ərəfədə cəmiyyətdə birlik yetərli səviyyədədirmi?

– Dağlıq Qarabağ Azərbaycanın milli məsələsidir və Azərbaycan cəmiyyəti Vətən müharibəsində vahid amal uğrunda birləşib. Cəmiyyətdə monolitlik var. Azərbaycan vətəndaşları ordumuza ən yüksək səviyyədə dəstək göstərir. Azərbaycan cəmiyyətində  vətənpərvərlik əhval ruhiyyəsi hər zaman yüksək olub. Biz öz torpaqlarımızda özümüzü müdafiə edirik və Azərbaycan ordusunun, Azərbaycan insanının yeganə hədəfi ərazi bütövlüyümüzü bərpa etməkdir.

– Hər zaman terrorçuluqla mübarizədən danışan dövlətlər indi Ermənistanın Cənubi Qafqazı terror yuvasına çevirməsinə göz yumurlar. Bunun səbəbi nədir?

– Ermənistanın 30 ilə qədər Azərbaycan torpaqlarını işğal altında saxlaması da, bu gün humanitar atəşkəsi kobud şəkildə pozması da, döyüş bölgəsinə muzdlu terrorçuları cəlb etməsi də cəzasızlıq mühitinin nəticəsidir. Dünya birliyinin Dağlıq Qarabağ münaqişəsinə ikili standartlar prizmasından yanaşması, işğalçı ilə işğala məruz qalan tərəf arasında fərqin qoyulmaması regionda gərginliyin ən başlıca səbəblərindən biridir. Azərbaycan haqlı mübarizə aparır. Heç bir qüvvə Azərbaycanı öz haqlı mövqeyindən döndərə bilməz. Azərbaycanın həyata keçirdiyi siyasət regionun rifahına, Ermənistanın siyasəti isə işğalın və terrorun miqyasının genişlənməsinə hesablanıb. Bunu dünya birliyi də əslində yaxşı dərk edir.

– Cəbhədəki indiki vəziyyəti necə qiymətləndirirsiniz? Qarşıdurmalar daha böyük müharibəyə, böyük regional böhrana yol aça bilərmi?

– Azərbaycan öz ərazi bütövlüyü uğrunda mübarizə aparır. Ordumuz işğal altındakı ərazilərimizi azad edir. Biz öz gücümüz hesabına torpaqlarımızı işğaldan azad edirik. Amma döyüş meydanında məğlubiyyətə düçar olan Ermənistan 3-cü tərəfi münaqişəyə cəlb etmək istəyir. Ermənistan ərazisindən edilən raket hücumları da işğalçının  təxribatçı məqsədlərini göstərir. Xüsusilə KTMT-nin münaqişəyə cəlb olunması Ermənistanın əsas məqsədlərindən biridir. Lakin Rusiya prezidentinin də bu məsələyə münasibəti bir daha göstədi ki, indiki məqamda KTMT-nin işğalçını dəstəkləmək niyyəti yoxdur. Bu mənada Ermənistanın münaqişənin coğrafiyasını genişləndirmək niyyəti baş tutmur.

– Necə düşünürsünüz, qarşıdurma nə vaxta kimi davam edə bilər?

– Azərbaycan Prezidenti cənab İlham Əliyev də artıq bəyan edib – münaqişə bölgəsində vəziyyətin bundan sonrakı mərhələsi Ermənistanın davranışlarından, özünü necə aparmasından asılı olacaq. Həm beynəlxalq hüquq, həm də tarixi ədalət baxımından biz haqlıyıq. Biz öz torpağımızdayıq, öz torpağımızda vuruşuruq. Erməni əsgəri bizim torpaqlarımızdan çıxarsa, bu münaqişəyə də son qoyulacaq.

– Sizcə, düşmən niyə yalnız mülki əhalini hədəf seçir?

– Düşmənin əsas məqsədi insanlarızımda əhval-ruhiyyəyə təsir etmək, xalqın iradəsini sarsıtmaqdır. Lakin düşmənin heç bir həmləsi xalqın iradəsini sarsıda bilməz. Azərbaycanın ərazi bütövlüyünün təmin olunması bu gün yaşından və cinsindən asılı olmayaraq, hər bir azərbaycanlının ən böyük arzusudur. Ermənistan yaşayış məntəqələrini hədəfə almaqla, döyüş meydanında düçar olduğu məğlubiyyətin aqressiyasını mülki insanların üzərinə yönəltməklə həm də terrorçu mahiyyətini ortaya qoymuş olur.

– Bundan sonra Ermənistandakı siyasi böhran daha da gərginləşənə bilərmi?

– Ermənistanda siyasi böhran artıq pik həddə çatıb. Cəmiyyətdə və hakimiyyətdə parçalanma daha da dərinləşib. Təhlükəsizlik Xidmətinin rəisinin vəzifəsindən azad olunması, orduda “satqın” axtarışı işğalçı ölkədə vəziyyətin nəzarətdən çıxdığını göstərir. Erməni mətbuatının yazdığına görə, ötən gün parlamentin iclasında müxalifətdən olan deputatlar sərt bəyanatlar verərək, toplantını tərk ediblər. Orduda fərarilik halları durmadan artırr. Pandemiya ilə mübarizə apara bilməyən Ermənistan  hərbi əməliyyatların ağır nəticələri ilə üz-üzədir. Yəni hərbi əməliyyatlardakı uğursuzluqlar Ermənistan cəmiyyətini daha da parçaladı.

YƏHYA