“Heç bir dövlət bu silahları və birgə istehsalı bizə hədiyyə etməyib” – MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

150

“Məhz uğurlu enerji siyasətinin nəticəsidir ki, Avropa, ABŞ və Rusiya hazırda Qarabağ məsələsində neytrallağını qoruyur”

“Azərbaycan neft gəlirlərindən güclü ordu yaradaraq işğal olunmuş əraziləri azad edir. Azərbaycan ordusunun arsenalında olan müasir 5-ci nəsil silahların alınmasına milyardlarla dollar xərcləyib. Çox vaxt hakimiyyətin neft siyasəti tənqid edilirdi. Amma, nəticə ortadadır”. Hurriyyet.org xəbər verir ki, bunu Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, heç bir dövlət bu silahları və birgə istehsalı bizə hədiyyə etməyib: “Bu silahların hamısı neft gəlirlərindən qaynaqlanır. Rusiyadan, İsraildən, qardaş Türkiyədən bu silahları öz pulunuza almışıq. Bakı-Ceyhan neft kəmərinin 40 faizi İsrailə gedir. Əvəzində isə bizə müasir silahlar və yerli hərbi sənayenin qurulmasına yardım etdi. Burada bütün yollar bu günə və gələcəyə- Qarabağa aparırdı. Həmçinin, neft gəlirlərindən yerli müdafiə sənayesi yaradıldı, İsraillə birgə silah zavodları inşa edildi. Artıq neft pulları ilə aldığımız silahlarla biz Qarabağı azad edirik. Əgər bizim neft gəlirlərimiz olmasaydı, isgal davam edəcəkdi və heç bir dövlət bizə silah hədiyyə etməyəcəkdi. Hansısa bir dövlətin himayəsinə sığınacaqdıq. Müstəqilliyimiz olmayacaqdı. Məhz uğurlu enerji siyasətinin nəticəsidir ki, Avropa, ABŞ və Rusiya hazırda Qarabağ məsələsində neytrallağını qoruyur. Bu gün Rusiyada Azərbaycanın müasir hərbi üstünlüyünün fərqindədir. Məhz, budur inkişaf. Bəli, prezident İlham Əliyev neft gəlirlərindən ordunun maddi-texniki bazasının gücləndirilməsinə yönəltməklə, işğalın bitməsi üçün çalışdı. Həqiqətən bu gün ordunun şəxsi heyətinin maddi rifahı və hərbi-texniki imkanları yüksək səviyyədədir. Məhz buna görə də ordumuz bizə sevinc yaşadır. Bu illər ərzində neft bumundan səmərəli istifadə edildi, deyə bilərik”.

Politoloq bildirib ki, Azərbaycan neft ixracına görə ən axırıncı yerlərdə qərarlaşıb və ölkəmiz OPEC də neft istehsalına görə qabaqcıl ölkə deyil: “Buna baxmayaraq, neft gəlirləri bizə bu illər ərzində toparlanmağa, ordumuzu və digər sahələrdə inkişafımıza böyük dəstək oldu. Müəyyən problemlər olsa da, əsas problemimiz Qarabağın işğalda olması idi. Artıq Qarabağı inkişaf edən hərbi üstünlüyümüzlə alırıq. Bu uğurlu siyasətin banisi həqiqətən prezident İlham Əliyevdir. Ölkəmiz yeni qaz gəlirlərinə hazırlaşır. Biz Baki-Tiflis-Ceyhan neft kəmərindən gələn gəlirlərlə ordunu gücləndirib Qarabağı işğaldan azad edirik. Cənubi Qaz Dəhlizi və onun əsas seqmentləri olan TANAP və TAP -dan gələn ildən başlayan gələn gəlirlərlə Qarabağda infrastrukturun yaradılması və köçkünlərin oraya köçürülməsinə nail olacağıq. Neft və qaz gəlirlərindən Qarabağı azad etməklə və orada yaşayışı təmin etdikdən sonra, həmin ərazilər bizə gəlir gətirəcək. Qarabağ turizm zonasıdır və orada gələcəkdə turizmin inkişafı olacaq. Həmçinin kənd təsərrüfatı üçün geniş perspektivləri var. Bundan əlavə, ölkədə içməli su problemlərimiz həll olunacaq. Nəzərə alaq ki, işğal olunmuş ərazilərimiz şirin suyun əsas mənbəyidir. Azərbaycanın aran rayonları suvarma sistemləri təmin ediləcək və ölkənin aran zonası əsas əkinçilik sahəsinə çevriləcək. Göründüyü kimi, biz neft və qaz gəlirlərindən səmərəli istifadə etməklə ölkəmizin ərazi bütövlüyü təmin olunması ilə yanasi, neft asılılığına son qoyulacaq. Ölkəmizdə turizm, kənd təsərrüfatı və digər sahələr inkişaf edəcək. Məhz, budur əsas inkişaf strategiyası”.

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org