“Heç bir azərbaycanlı Fransada müdafiəsiz deyil”

129

Rza Zeyni: “Azərbaycan səfirliyi və Mədəniyyət Evi bütün soydaşlarımızın xidmətindədir

Reallığa baxsaq, bu gün erməni lobbisini keçəcək bir gücdə də deyilik. Çünki azərbaycanlılar Fransaya 20 ildir gəlib, ermənilər isə 100 ildir orda yaşayır

(Əvvəli ötən sayımızda)

– Fransada azərbaycanlıların milli kimliyini, adət-ənənəsini unutmaması üçün hansısa işlər aparılır? Məsələn, bizim dilimizdə məktəblər var?

– Belə bir məktəb Mədəniyyət Evinin balansında açılıb. Bura Mirvari Fətəliyevanın Asosassiyası rəhbərlik edirdi. Mən Parisdənki məktəbdən danışıram. Amma Nant şəhərində “Qarabağ”məkəbimiz fəaliyyət göstərir. “Qarabağ” məktəbi Heydər Əliyev fondunun təşəbbüsü ilə açılıb və dövlətin dəstəyi var. Hazırda da bu məktəb fəaliyyət göstərir.

Paris şəhərində Mədəniyyət Evinin balansındakı məktəbdə 7-8 uşaq ana dilini öyrənir. Ümumilikdə, Parisdə yaşayan uşaqlar o məktəbə gedə bilmir. Çünki uşaqların məktəbə getməsi üçün nəqliyyat vasitəsi yoxdur. Mənfur düşmənlərimiz bunun üçün nəqliyyat vasitəsindən istifadə edir. Onlar nəqliyyat vasitəsi ilə qapı-qapı erməni uşaqlarını götürüb, təhsil ocağına aparır. Günün sonunda isə həmin nəqliyyat vasitəsilə uşaqlar yenidən evinə aparılır. Belə bir nəqliyyat vasitəsi bizdə də təşkil edilməlidir. Ümid edirəm ki, gələcəkdə bu məsələ də öz həllini tapacaq. Səfirliklə bu məsələni qaldırmağa hazırıq.

– Necə düşünürsünüz, uğurlu nəticə üçün Fransadakı təşkilatlarımızın koordinasiyalı çalışmasının rolu varmı? Bu koordinasiyalı çalışma təmin olunurmu?

– Koordinasiyalı fəaliyyət yeni başlayıb. Diaspora Komitəsinin sədri Fuad Muradovun rəhbərliyi ilə tətbiq edilmiş yeni üsuldur. Pandemiya olmamışdan əvvəl bununla bağlı danışıqlarımız olub. Bununla bağlı Komitə sədrinə də bildirmişik. Lakin pandemiyayla bağlı bununla bağlı işlərimiz bir qədər səngiyib. Bu da normal haldır. Təbii ki, Fransadakı təşkilatlarımızın koordinasiyalı çalışmasıyla bağlı görülən işlər gələcəkdə effektini verəcək. Biz Komitənin üstünə çox gedə də bilmərik. Zamanla bütün məsələlər öz həllini tapacaq.

– Bilirik ki, Avropanın müxtəlif ölkələrində Azərbaycan evləri fəaliyyət göstərir. Fransadakı Azərbaycan evinin ölkəmizin təbliğindəki rolunu necə dəyərləndirisiniz?

– Bizim Fransadakı Mədəniyyət evimiz, Azərbaycan səfirliyindən sonra ikinci dövlət evidir. Yəni rəsmi fəaliyyət göstərən yerdir. Təbii ki, mənim kimi təşkilat rəhbərlərinin hansısa fikir və ideyası varsa və yaxud sərgi keçirmək istəyiriksə, biz heç vaxt yox cavabı almamışıq. Tədbirlərimiz olan zaman təklifimizi vermişik və Səfirlik də öz dəstəyini göstərib. Amma ora ciddi yer olduğuna görə, azərbaycanlıların əksəriyyəti ora getmir. Bəziləri düşünürlər ki, onlar ora sığınacaq almağa gediblər. Bu baxımdan, Azərbaycan səfirliyinə və Mədəniyyət Evinə getməkdən çəkinirlər. Soydaşlarımız bilməlidirlər ki, Azərbaycan səfirliyi və Mədəniyyət Evi onların xidmətindədir. Eyni zamanda, biz Fransada Azərbaycan naminə təşkilat qurmuşuqsa, onların xidmətindəyik. Azərbaycanın birliyi naminə çalışmaq istəyiriksə, özümüz də millətin xidmətində durmalıyıq. Fikrimcə, öz imkanlarımız hesabına müəyyən bir yeri icarəyə götürüb, orda Azərbaycan Evi altında fəaliyyət göstərməliyik.

– Sizcə, Dövlət Diaspora Komitəsi tərəfindən xarici ölkələrdə yaşayan azərbaycanlıların hüquqlarının müdafiəsi istiqamətində hansısa addımlar atılır?

– Əlbəttə ki, addımlar atılır. Heç bir azərbaycanlı Fransada müdafiəsiz deyil. Bununla bağlı səfirliyimiz güclü rejimdə işləyir. Eyni zamanda, məsləhətlərini əsirgəmir və müxtəlif istiqamətlərdə dəstək göstərirlər. Uzağa getməyək… Pandemiya vaxtı Fransada təhsil alan bir sıra tələbələrimizə və çətinlikdə olan ailələrə Azərbaycan dövləti tərəfindən birbaşa maddi yardım olunub. Diaspora Komitəsi də öz dəstəyini əsirgəməyib. Bu cür işləri danmaq olmaz. Danılmaz faktdır ki, dövlətimiz hər bir azərbaycanlının arxasında bütün imkanları daxilində mənəvi dəstəkdir.

– Xaricdəki azərbaycanlıların yaşadıqları ölkələrdə ictimai-siyasi proseslərdə aktiv iştirakını təmin etmək də bu gün aktual mövzulardan biridir. Bununla əlaqədar mövcud mənzərə necədir?

– Fransada fəaliyyət göstərən ən güclü yəhudi icmaları var. Hazırda güclü lobbi onlardadır. Reallığa baxsaq, bu gün erməni lobbisini keçəcək bir gücdə də deyilik. Çünki azərbaycanlılar Fransaya 20 ildir gəlib, ermənilər isə 100 ildir orda yaşayır. Bundan əlavə, say olaraq onlar çoxdur, biz isə azıq. Əslində, məsələnin həlli yolları var. Necə ki, Azərbaycan dövlətinin İrsaillə dostluq əlaqələri varsa, biz də Fransada yaşayan azərbaycanlılar olaraq, ordakı yəhudilərlə əlaqələrimiz olmalıdır. Amma biz bu əlaqələri daha da gücləndirməliyik. Fransanın daxili və xarici siyasətində formalaşmalıyıq. Formalaşandan sonra, müəyyən uğurlar əldə edə bilərik. Bu işdə də bizə yəhudi lobbisi öz dəstəyini göstərə bilər.

– Erməni lobbisinə qarşı mübarizəyə də toxunmaq istərdik. Azərbaycan diasporunun erməni lobbisinin fəaliyyətinə qarşı hansı addımlar atmasını vacib hesab edirsiniz?

– Fransada yaşayan azərbaycanlılar qanuni çərçivədə və bütün hüquqi məsələlərdə öz haqlarını tələb edir. Başda Səfirliyimiz olmaqla, hər bir soydaşımız bunu edir. Ermənilərin Fransada çox böyük təsir gücü olduğu məlum məsələdir. Bizim onlarla və onların dilində danışmağa gücümüz yoxdur. Sadecə olaraq, bizi Fransada ancaq qanun qoruya bilər. Təbii ki, haqlı mövqedə durmuşuqsa…Heç bir halda ermənilərin çirkin əməllərinə getmək məsləhət deyil. Müharibə başlayan ərəfədə gecə-gündüz məcbur olub, onlara sosial şəbəkələrdə cavab verirdim. Mən Azərbaycanın haqlı mövqeyini deyirdim. Onlar söhbəti dəyişib “erməni soqyrımı”nı qəbul etmirsən?” deyə sual verirlər. Əgər, sən desən ki, “bəli, mən qəbul etmirəm”, buna görə cəza düşür. Fransada rəsmi olaraq bununla bağlı qanun qəbul edilib. Əgər, qəbul etmədiyini bildirsən, rəsmi olaraq cinayət işi açıla bilər. Təbii ki, bu da ikili standartların nəticəsidir. Bir tərəfdən Fransa söz azadlığından danışır, digər tərəfdən isə ikili standartları sərgiləyir. Nəzərə almaq lazımdır ki, Fransada biz azıq, ermənilər isə çoxluq təşkil edir. Onlar hər fürsətdə biz zəiflətməyə çalışır. Eyni zamanda, bizi bilərkdən Fransada başımızı tirubunallara sala bilərlər…Demək olar ki, soydaşlarımıza qarşı bu cür təxribatları dəfələrlə törədiblər. Bir çox soydaşımız Fransa tirubunallarında cavab verməli olub. Azərbaycan Evinin rəhbəri Mirvari Fətəliyeva hələ də bu cür problemlərlə üz-üzədir. Halbuki, Mirvari xanım parlamentdə döyülmüşdü. Bununla bağlı Fransa qanunlarına uyğun hansısa addımlar atıldımı?…Əksinə, məsələ ört-basdır olundu. Ona görə də, əvvəlcə biz müxtəlif istiqamətlərdə güclənməliyik. Necə ki, cənab Prezident 30 ildir danışıqlar yolu ilə danışsa da, ordumuzu və iqtisadiyyatı  gücləndirib. Eləcə də biz…Bu o damək deyil ki, biz ömür boyu bunlarla danışıq aparacayıq. Biz daxilən güclənməliyik. Əsas da iş adamları bir yerə gəlməlidir.

– Mediadan da məlumdur ki, siz Fransada yaşamağınıza rəğmən, Azərbaycanda istər pandemiyanın yeni vaxtlarında, istərsə də Vətən müharibəsində ordumuza yardımlar etmisiz…

– Pandemiyanın yeni vaxtlarında ailəmlə birlikdə Azərbaycana gəlmişdim. Qərara gəldim ki, kiçik iş adamı kimi tam imkansız ailələrə yardım göstərək. Əslində, böyük bir iş deyil. İstədik ki, insanları bir-iki günlük də olsa sevindirə bilək. Çətin sınaq qarşısındayıq. Pandemiya hələ bitməyib. İndi də insanlarımız çətin sınaq qarşısındadırlar. Amma, bunu da dərk etmək lazımdır ki, qaydalar ona görə tətbiq olunur ki, insanlarımızın itkisi az olsun. Orduya yardıma gəldik də isə, bunu həqiqətəndə ürəkdən istəyirdim. Həmin vaxtlar Fransadaydım. Azərbaycanda yaşayan yaxınlarıma bildirdim ki, mənim adımdan birbaşa orduya dəstək olunsun. Biz xaricdə yaşasaq da, ürəyimiz Azərbaycanla döyünür. Hər an istəyirik ki, xaricdə yaşasaq da Azərbaycana zərrə qədər də olsa faydamız dəysin. Çünki, bu torpaq bizim ana Vətənimizdir. Necə ki, Vətən müharibəsi deyib, hamı səfərbər oldusa, biz xaricdə yaşayan azərbaycanlılar da Ana yurdumuz deyib hamılıqla səfərbər olduq.

Söhbətləşdi: YƏHYA