HƏBS EDİLMƏSİ ƏMRİ VERİLDİ!

    9

    Almaniyada Əsədin adamına qarşı qərar verildi

    Hurriyyet.org xəbər verir ki, Almaniyanın Baş Prokurorluğu Suriyanın kəşfiyyat xidmətinin rəhbəri Cəmil Həsən barəsində, insanlara qarşı cinayət törətdiyi iddiası ilə həbs qərarı verib.

    “Der Spiegel” qəzetinin cümə günü yazdığı xəbərə görə, alman müstəntiqlər 64 yaşlı Həsəni yüzlərlə məhkumun işgəncə ilə öldürülməsinə şərait yaratmaqda ittiham edib.

    2011-ci ilin baharı ilə 2013-cü ilin yayı arasındakı dövr ərzində Suriya hava qüvvələrinin kəşfiyyat xidmətinin əməkdaşlarının yüzlərlə şəxsi döydüyü, işgəncə verdiyi, təcavüz elədiyi və öldürdüyü, Cəmil Həsənin isə bütün bunlardan xəbərdar olduğu və həmin hadisələrin baş verməsinə razılıq verdiyi bildirilib.

    İnsan Hüquqları naminə Beynəlxalq Federasiya (FIDH), Beynəlxalq Amnistiya Təşkilatı və Avropa Konstitusiya və İnsan Haqqları Mərkəzi (ECCHR) qərarı müsbət qarşılayıblar.

    2017-ci ilin martında Suriyadakı “işgəncə həbsxanalarından” xilas olan yeddi nəfər Almaniyada altı suriyalı kəşfiyyat rəhbəri və Suriya hökumətindəki bəzi şəxslərə qarşı cinayət ittihamları irəli sürmüşdülər.

    Hurriyyet.org