“Hazırda dünya bazarında neft və təbii qaz sahəsində vəziyyət çox da qorxulu deyil”

159

Pərviz Heydərov: “Neftin bazar qiymətində Azərbaycanı çox pis vəziyyətə sala biləcək qiymət enişini gözləmirəm”

Vüsalə Əhmədova: “İkinci pandemiya dalğası, peyvəndin hazır olmaması və s. bu kimi qeyri-müəyyən faktorlar qiymət artımının müvəqqəti olacağını ehtimal etməmizə səbəbiyyət verir”

Xəbər verdiyimiz kimi, dünya bazarında neftin qiyməti bahalaşıb, təbii qazın qiyməti isə ucuzlaşıb. Belə ki, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin noyabr müqaviləsinin dəyəri 0,67% artaraq 1 barelə görə 43,59 dollar təşkil edib. Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb. Oktyabrda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 3,33% azalaraq 1,98 ABŞ dolları təşkil edib.

Mövzuyla bağlı iqtisadçı Pərviz Heydərovla əlaqə saxladıq. O, “Hürriyyət”ə açıqlamasında OPEK ölkələri bir araya gəlməklə neftin qiymətini stabil saxlaya biləcəyini bir daha sübut etdiyini, qazın bahalaşması və ya ucuzlaşması təbii baş verən tendensiyayla əlaqədar olduğunu bildirdi: “Bu dünya bazarında gedən proseslərlə əlaqədardır. Yəni, bu il ərzində bu sahədə cərəyan edən proseslərə diqqət etsək, qiymətlərin aprel ayının əvvəlində aşağı düşdüyünü müşahidə etdik.

Hansı ki, həmin qiymət səviyyəsi uzun müddət davam etsəydi, Azərbaycan kimi dövlətlərin iqtisadiyyatına kəskin təsirləri ola bilərdi. Hətta, makroiqtisadi göstəricilər sıradan çıxa bilərdi. Ümumidaxili məhsul istehsalında da azalma müşahidə oluna bilərdi. Yaxşı ki, aprel ayının əvvəlində neftin qiyməti 20 dollar səviyyəsində qalmadı. Bunun da səbəbləri var idi. Səudiyyə Ərəbistanı ilə Rusiya arasında anlaşılmazlıqlar yaranmışdı. Onlar bir daha aprel ayının əvvəlində bir araya gəldi. Nəticədə hasilatın azaldılmasıyla bağlı ortaq razılaşma əldə etdilər. May ayında isə qiymət 30 dollardan yuxarı oldu. Bu da bizi baş verəcək iqtisadi təhlükələrdən sığortaladı. Amma neftin bazar qiymətinin hansı səviyyəyə düşə biləcəyi məsələsinə gəldikdə, onun qabaqcadan proqnozunu vermək mümkün deyil. Bununla artıq neçənci dəfədir ki, OPEK ölkələri başçıları bildirir ki, neftin qiymətinin kəskin enməsinə məhz neft ölkələri yol verməyəcək. Bu səbəbdən, neftin bazar qiymətində Azərbaycanı çox pis vəziyyətə sala biləcək qiymət enişini gözləmirəm”.

Onun sözlərinə görə, hazırda dünya bazarında həm neft, həm də təbii qaz sahəsində vəziyyət çox da qorxulu deyil: “Əslində, OPEK ölkələri bir araya gəlməklə neftin qiymətini stabil saxlaya biləcəyini bir daha sübut etdi. Buna görə də inanmıram ki, neftin qiyməti kəskin şəkildə ensin və uzun müddət davam etsin. Hazırda dünya bazarında, xüsusən Avropada qaz ixracı sahəsində çox böyük rəqabət gedir. Bundan sonra da rəqabət daha çox arta bilər. Əslində qazın bahalması və ya ucuzlaşması təbii baş verən tendensiyadır”.

“Hürriyyət”ə danışan digər iqtisadçı Vüsalə Əhmədova isə bazardakı ümumi vəziyyətin yaxşılaşmasında əsas amil neft və neft məhsullarına olan tələbin bərpa sürəti, dolayısıyla dünya iqtisadiyyatının bərpası kimi qiymətləndirib.

O, neftə olan tələbin tam olaraq 2021-ci ilin ikinci rübündə bərpa olunacağını vurğuladı: “Neft bazarında baş verən qiymət artımının bu səhər də davam etdiyini müşahidə etdik. Brent markalı neftin noyabr fyuçersləri 1,04% yüksələrək barel üçün 43,72 dollar, WTI markalı neftin oktyabr fyuçersləri isə 1,04% artaraq barel üçün 41,37 dollar təşkil edib. Hazırda dünya bazarında Brent markalı neftin bareli 43,50 dollar, WTI markalı neftin bareli isə 41,12 dollar təşkil edir. Neftə olan qlobal tələbin bərpa olunma perspektivləri artıq görünür deyə bilərik. Neft bazarındakı bu hərəkətliliyi OPEC+ iştirakçılarının son iclasında neft hasilatının azaldılması ilə bağlı əldə edilən sazişlə əlaqələndirmək olar. Məlum olduğu kimi, OPEC+ iştirakçıları neft hasilatının azaldılması ilə bağlı sazişi yüksək nisbətdə yerinə yetirdilər. Ölkələr tərəfindən öhdəliklərin ümumi icrası 101%, konkret Rusiya tərəfindən 98% təşkil etdi. İttifaqa daxil olan lakin hasilatın azaldılmasında iştirak etməyən Meksikada belə neft hasilatının azalmaqda davam etdiyini görə bilərik. Avqust göstərdi ki, ölkələr razılaşmanın tətbiqinə daha məsuliyyətlə yanaşdılar. Müqavilədə iştirak edən ölkələr tədricən dünya neft bazarını tarazlaşdırmağa doğru irəliləyərək öz öhdəliklərini yüksək səviyyədə yerinə yetirməyə davam edirlər. Hazırda neft hasilatı gündəlik təxminən 100 milyon barel olmaqla böhrandan əvvəllki səviyyəsinin 93%-nə yaxınlaşıb. Ticari ehtiyatlar isə ikinci rüb ərzində tədricən azalmağa doğru gedir. Bazardakı ümumi vəziyyətin yaxşılaşmasında əsas amil neft və neft məhsullarına olan tələbin bərpa sürətidir, dolayısıyla dünya iqtisadiyyatının bərpasıdır. Neftə olan tələbin tam olaraq 2021-ci ilin ikinci rübündə bərpa olunacağını gözləmək olar. Təbii ki, COVID-19 faktoru qalmaqda davam edir. İkinci pandemiya dalğası, peyvəndin hələ ki, hazır olmaması və s. bu kimi qeyri-müəyyən faktorlar qiymət artımının müvəqqəti olacağını ehtimal etməmizə səbəbiyyət verir. Düşünürəm ki, tələbin həqiqi mənada artmasına ehtiyac var”.

YƏHYA