“Hazırda bizim təhsil sistemi sovet standartından da aşağıdır” – SAMİR ƏLİYEV

384

“Nazirin pul yığımına “beynəlxalq don” geyindirməsi yolverilməzdir və rüşvətə dolayısı yaşıl işıq yandırmaqdır”

“İnternetdə xəbərləri oxuyarkən təhsil naziri Emin Əmrullayevin razılaşmadığım daha bir açıqlaması diqqətimi cəlb etdi. Söhbət valideynlərdən pul yığılmasından gedir. Nazir qeyd edir ki, valideyn məktəbə pul ödəməyə məcbur edilməməlidir, ancaq onların məktəbə kömək etmə hüququ və səlahiyyəti var. Nazirə görə, pul yığılmaması həmişə o qədər də xoşagəlməz hal kimi qiymətləndirilməməlidir”. Hurriyyet.org xəbər verir ki, bunu tanınmış iqtisadçı ekspert Samir Əliyev deyib.

Samir Əliyevin sözlərinə görə, hiss olunur nazirin bizim təhsil sisteminin real vəziyyəti barədə məlumatı məhduddur: “Sanki ABŞ və Avropa ölkələrinin təhsil naziri kimi fikir bildirir. Nazirin viziyonunun Qərb təhsil sisteminə yönəlik olması müsbət haldır, ancaq bizim təhsil sistemi hazırda sovet standartından da aşağıdır. Bütün dünyada icma töhfəsi mexanizmi sosial sferanın bütün mərhələlərində tətbiq edilir və bu mexanizm hazırda geniş yayılıb. Bunu o təhsil sistemində edirlər ki, orda valideyndən “süpürgə pulu” yığılmır, repetitor xidmətinə ehtiyac qalmır, bir sinifdə 30-40 nəfər iştirak edilmir. Azərbaycan valideyni onsuz da bu “töhfələri” həmişə edib. Ancaq əvəzində keyfiyyətli təhsil görə bilməyib”.

Dövlət büdcəsindən təhsilə hər il milyardlarla həcmdə pul ayrıldığını vurğulayan iqtisadçı ekspertin bildirdiyinə görə, 2020-ci ildə 3 milyard manatdan çox vəsait ayrılması nəzərdə tutulub ki, bunun da 1,7 milyard manatı nazirin valideynlərdə pul yığmaq istədiyi ümumi təhsil sisteminin payına düşür: “Bundan əlavə, investisiya xərcləri xətti ilə milyonlarla vəsait məktəb tikintisinə və ya təmirinə ayrılır. Bu vəsaitlər vasitəsilə məkəblər təmir də olunur, stadionlar da tikilir, süpürgə də alınır. Bu vəsaitlərin kağız üzərində və ya real olaraq ayrılması da başqa müzakirə mövzusudur. Ancaq nazirin pul yığımına “beynəlxalq don” geyindirməsi yolverilməzdir və rüşvətə dolayısı yaşıl işıq yandırmaqdır. Nəzarət mexanizmləri, şəffaflıq, hesabatlılıq olmayan bir sistemdə istənilən maliyyə axını təyinatından kənarlaşmaya gətirib çıxarır”.

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org