Hansı halda yanmış, cırılmış pullar dəyişdirilir? – EKSPERT CAVABLADI

    12

    Oğrulardan gizlətmək üçün illərdir işləyib yığdığı 2060 manat pulu evində, çilçiraqda gizlədən Cəlilabad sakini Səbuhi Musayevin başına olay gəlib. Elektrik xətlərində baş verən qısaqapanma S.Musayevin yığdığı pulların yanmasına səbəb olub.

    Ailə başçısı Xəzər TV-yə bildirib ki, yanmış pulların çox az bir qismini bank dəyişdirib və S.Musayevə bankdan cəmi 360 manat pul verilib. Yarısı yanmış yerdə qalan 1640 manatı isə Cəlilabad rayon sakini dəyişdirə bilmir.

    Maraqlıdır, yarısından bir qədər az hissəsi yanan pulların hamısının bankdan dəyişdirilməsi mümkündürmü? Yanmış, zədələnmiş pullar hansı hallarda dəyişdirilə bilər və bu hansı şəkildə müəyyən edilir?

    Mərkəzi Bank haqqında Azərbaycan Respublikasının Qanununun 40-cı maddəsinə və Mərkəzi Bankın “Bank sistemində pulların ekspertizasının təşkili və aparılması Qaydaları”nın 3.3 bəndinə uyğun olaraq zədələnmiş pulların dəyişdirilməsi mümkündür.

    Korlanmış pulların dəyişdirilməsi üçün vətəndaşlar iş günlərində saat 10-dan 11-ə qədər Mərkəzi Bankın inzibati binasında saxlama departamentinin kassasına müraciət edə bilərlər. Əsginazların dəyişdirilməsi üçün vətəndaşlardan heç bir sənəd tələb olunmur.

    Saxta olmayan, bütöv bir hissədən ibarət, səthinin 60 faizindən az olmayan hissəsini və ya eyni əsginaza məxsus hissələrdən ibarət səthinin 100 faizini saxlamış pul nişanlarının nominal dəyəri Mərkəzi Bank tərəfindən məhdudiyyətsiz ödənilir.

    Pulun 60 faizdən çox hissəsi yararsız hala düşübsə, pul dəyişdirilmir və vətəndaşa bu haqda izahat verilir.

    Bəs pulun 60 faizdən az olmayan hissəsi hansı hissəsidir və bu, necə müəyyən edilir?

    Hurriyyet.org-un məlumatına görə, iİqtisadçı alim, ekspert Vüqar Bayramov axar.az-a açıqlamasında bildirib ki, pulun neçə faizinin yandığının müəyyənləşdirilməsi üçün xüsusi mexanizm var:

    “Pulu Mərkəzi Banka təqdim etmək lazımdır. Adi gözlə bunu müəyyənləşdirmək çətindir. Məsələn, səthi tam olmayan əsginazların səthini müəyyənləşdirmək üçün xüsusi 200 damalı cədvəllərdən istifadə olunur. Əsginazların saxlanılan hissəsinin sahəsi aşağıdakı kimi müəyyən edilir:

    * zədələnmiş əsginazın saxlanılan hissələri damalı cədvəlin üzərinə qoyulur, sol yuxarı künclə uyğunlaşdırılır və perimetr boyu qırmızı qələmlə konturu çəkilir;

    * konturun daxilində qalan tam damalar sayılır, konturun xətti ilə kəsilmiş damaların sayı yarı bölünüb tam damaların sayı ilə toplanılır. Alınan damaların sayı 120-dən az olmadıqda əsginazın nominal dəyəri ödənilir”.

    V.Bayramov bildirib ki, müəyyən olunsa ki, pulun 60 faizdən çox hissəsi yanıb, o zaman pul qəbul olunmur.