Hamı türk malı alsın, xeyir qardaşa qalsın – yeni trend yaranır

42

Ekspert: “Yalnız türk malları almaqla deyil, iqtisadiyyatın digər sahələrində də…”

Deputat, iqtisadçı-alim Vüqar Bayramov bildirib ki, Qarabağ uğrunda apardığımız savaşda Türkiyənin Azərbaycana ciddi siyasi dəstəyi var: “Son illər bir sıra aparıcı dövlətlərin qardaş ölkəyə olan siyasi basqıları Türkiyə iqtisadiyyatına da təsirsiz ötüşməyib. Biz bazarlıq edən zaman yerli məhsullarla yanaşı, Türkiyə malları almaqla qardaş ölkə iqtisadiyyatına töhfə vermiş olarıq.  Hamımız türk malı alsaq, xeyir qardaşımıza qalar”.

Deputatın sözlərinə görə, idxal bir ölkəyə valyuta dəstəyi deməkdir. Hansı ölkədən idxal ediriksə, həmin ölkəyə valyuta göndəririk.  Bəs görəsən, Azərbaycandan qardaş ölkəyə daha nə kimi dəstək göstərilə bilər, iqtisadiyyatın digər sahələrində də əməkdaşlıq mümkündürmü?

İqtisadçı-ekspert Elman Sadıqov mövzu ilə bağlı fikirlərini bildirib: “Bəli, bu təkliflə razıyam, amma bunu yalnız türk mallarının alışı ilə məhdudlaşdırmaq olmaz. İqtisadiyyatın digər sahələrinə də baxıb, hansı sahədə irəliləmək istəyiriksə, ilk növbədə Türkiyəyə baxmalıyıq, bizim bu sahədə Türkiyə ilə əməkdaşlığımız mümkündürsə, elə qardaş ölkə ilə əməkdaşlıq etməliyik.  Son aylarda baş verən hadisələr onu göstərdi, biz öz dostlarımızla düşmənlərimizi daha yaxşı ayırd edə bildik. Bəzi ölkələr var idi, üzdə Azərbaycana dəstək verdiyini bildirirdi, amma reallıqda həmin ölkələrin tamamilə əks mövqedə durduğunu gördük”.

Elman Sadıqov: “10 gündən sonra kreditlərin restruktruzasiyasına  başlanılacaq”

Elman Sadıqov

İqtisadçı qeyd edir ki, bu gün Türkiyə-Azərbaycan iqtisadiyyatları həm də bir-birilərini tamamlaya bilən iqtisadiyyatlardır: “Məsələn, Türkiyə enerji idxal edən, Azərbaycan ixrac edən ölkədir. Burada biz əsas gücü Türkiyəyə verəcəyik. Ikinci məsələ isə ondan ibarətdir ki, Azərbaycanda, xüsusilə işğaldan azad olunan rayonlarımızda böyük turizm potensialı var. Orada turizm infrastrukturunun qurulması, layihələrin həyata keçirilməsində Türkiyə şirkətləri ilə yaxından əməkdaşlıq edə bilərik. Bu, önəmli məsələdir, çünki Türkiyənin turizm sahəsindəki təcrübəsi, imkanları hamıya bəllidir. Amma konkret olaraq bu təklifə gəlincə, Türkiyənin bizə ixrac etdiyi məhsullar var. Həmin məhsulların da alternativləri var ki, bunlar Çindən, İrandan, digər ölkələrdən gətirilir. Əgər ölkə iqtisadiyyatında idxal etdiyimiz məhsullar arasında daha çox Türkiyə mallarına üstünlük versək, digər ölkələrin mallarından imtina etməklə də olsa, qardaş ölkəyə bir dəstəyimiz ola bilər. Türkiyə iqtisadiyyatı təxmini olaraq 700 milyard dollar təşkil edir və onun bizə qeyri-neft sahəsində ixrac etdiyi məhsulların həcmi 1 milyard ətrafındadır. Əlbəttə, Türkiyə iqtisadiyyatının böyüklüyünə baxanda, Türkiyədən idxal olunan malların həcminə baxanda bu rəqəm çox deyil. Hər bir halda Azərbaycan bundan sonra nəinki türk mallarının alışında, hətta layihələrin icrasında, müəyyən sektorların – kənd təsərrüfatı, turizm, kimya, sənaye, neft emalı ilə bağlı məsələlərdə Türkiyə ilə əməkdaşlığı nə qədər çox genişləndirsə, bu hər iki ölkənin, xüsusilə də Türkiyənin iqtisadiyyatına töhfə vermiş olar”.

İlqar Vəlizadə: “Tuskun bəyanatları indiki vəziyyəti əks etdirmir”

Politoloq İlqar Vəlizadə də mövzu ilə əlaqədar fikirlərini bölüşüb: “Hər kəs ilk olaraq özündən başlamalıdır. Çalışıram ki, ailəvi olaraq türk mallarını alaq, istifadə edək. Həm də ona görə ki, türk malları çox keyfiyyətli, sınaqdan keçmiş mallardır. Burada geyim malları və texniki avadanlıqların çox davamlı olması xüsusi qeyd edilməlidir. Türkiyə mallarını almaqla özümüzə yalnız xeyir edə bilərik. Amma məsələyə konseptual yanaşsaq, müxtəlif ölkələrin Türkiyəyə qarşı mövqeyi, səsləndirilən  şüarların heç bir əsası yoxdur. Çünki alıcılar əsasən keyfiyyətə üstünlük verirlər, nəinki şüarlara. Türkiyə malları kifayət qədər rəqabətə dözümlüdür və Türkiyə sənayesi dünyada öz sözünü demiş sayılır və bu ölkə dünyada 20 aparıcı ölkədən biridir. İqtisadiyyatı da inkişaf edib. Bu səbəbdən hansısa şüarlar çətin ki, ona təsir edə. Bir müddət əvvəl Ermənistan rəqəmlər açıqladı. Son illərdə Ermənistanla Türkiyə arasında açıq yox, qapalı ticarət mübadiləsi var, onlar türk mallarını alır, istifadə edirlər. Bu, təxminən 3 milyarddan çox vəsait təşkil edir. O səbəbdən Ermənistan rəhbərliyi xalqa üz tutub ki, türk mallarını heç kim almasın. Yaxşı, Türkiyə malı almayacaqlar, hansı malı alacaqlar?! Sərhədlər bağlıdır, ən etibarlı yol Gürcüstandır, Gürcüstanın da bazarlarında Batumi,  Kabuleti, və digər sərhədyanı ərazilərin bazarlarında yalnız türk malları satılır. Ermənilər də məcbur olub türk mallarını alacaqlar. Əslində bu qeyri-sağlam yanaşmadır. Ümumdünya Ticarət Təşkilatının (ÜTT) tələblərinə zidd olan çağırışdır. Əlbəttə, belə çağırışlarla bağlı Türkiyə ÜTT-nin qarşısında məsələ qaldırmalıdır. Əslində siyasətin ticarətə təsiri olmamalıdır”.

Politoloq qeyd edir ki, hazırda Türkiyə ilə Azərbaycan arasında müxtəlif istiqamətdə münasibətlər qurulub: “Nəqliyyat, enerji, iqtisadiyyatın müxtəlif sahələrində münasibətlər inkişaf edir. Bizim ikitərəfli münasibətlərimiz digər ölkələrə də cəlbedici görünür. Belə ki, bunlar Türkiyə, Azərbaycan, Gürcüstandan gedən infrastruktur layihələridir ki, bu da Mərkəzi Asiya, Çin və digər ölkələri özünə cəlb edib. Bu   infrastrukturdan hamı yararlanır. Baxmayaraq ki, indi pandemiya dövrüdür, Azərbaycanla Türkiyədən Bakı-Tiflis-Qars dəmir yolu vasitəsilə daşınan malların həcmi artıb. Hazırda Çindən gətirilən mallar Azərbaycan və  Türkiyədən daşınır. Bu, nəqliyyat infrastrukturuna da aiddir. Bu ilin sonuna qədər ”Cənubi Qaz Dəhlizi” layihəsi reallaşacaq və Azərbaycanla Türkiyə vasitəsilə Avropaya qaz ötürüləcək. Kim bunun qarşısını ala bilər. Bunlar hamısı irimiqyaslı, müxtəlif ölkələrin maraqlarına cavab verən layihələrdir. Bu layihələrə milyardlarla investisiyalar qoyulub, müxtəlif ölkələrin maraqları var. Ancaq iki-üç özləri kimi xəstə təxəyyüllü insanlar ola bilər ki, türk mallarını almasın. O da Türkiyə iqtisadiyyatına heç bir təsir göstərməyəcək”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”