“Hamı çalışır ki, Lukaşenko sakitliklə getsin, ölkədə qarşıdurma yaranmasın” – QUBAD İBADOĞLU

111

“Böyük ehtimalla, hakimiyyət 23 avqust yürüşündə və ya yürüşdən qabaq təxribat törətməklə xalqın azad və dinc nümayişini əngəlləməyə çalışacaq”

“Hazırda ən çox qarşılaşdığım sual Belarusla bağlıdır. Əslində Belarus xalqı 26 illik avtoritar idarəçiliklə bağlı problemini həll etmək istiqamətində əsas addımını atıb, Lukaşenkoya seçkilərdə “Yox” deyib, seçki saxtalaşdırılandan sonra küçələrə çıxıb “Get” deyir”. Hurriyyet.org xəbər verir ki, bu fikirlər Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri, iqtisadçı alim Qubad İbadoğluna məxsusdur.

ADR Hərəkatının sədrinin bildirdiyinə görə, hamı çalışır ki, Lukaşenko sakitliklə getsin, ölkədə qarşıdurma yaranmasın: “Çünki Lukaşenko da həmişə deyərdi ki, xalq mənə get deyəndə gedəcəm. İndi isə ona hər kəs – fəhləsi də, ziyalısı da, alimi də, incəsənət və mədəniyyət xadimi də, hətta milisi də – birlikdə və daha gur səslə get deyir. Lukaşenkonun sözünə əməl etmədiyini və getmədiyini görən müxalifət təşkilatlanıb, 23 avqusta ümummilli yürüş təyin edib. Böyük ehtimalla, hakimiyyət bu yürüşdə və ya yürüşdən qabaq təxribat törətməklə xalqın azad və dinc nümayişini əngəlləməyə çalışacaq. Ümid edirəm ki, Belarus xalqı ayıq olub, təxribata uymayacaq və ötən bazar günündəkindən də çox əzəmətli aksiyanı bu bazar günü təşkil edib, etirazlarını pikə qaldıracaqlar”.

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org