Əhaliyə göstərilən optika xidmətlərini qanun tənzimləyəcək – YENİ LAYİHƏ

    3

    Əhaliyə optik xidmətlər yalnız optika mağazaları vasitəsilə göstəriləcək.

    Hurriyyet.org modern.az-a istinadən xəbər verir ki, məlumatına görə, bu barədə yeni hazırlanan “Tibbi optika haqqında” qanun layihəsində qeyd edilib.

    Yeni qanun layihəsinin 8-ci maddəsində (Optika mağazası) göstərilib ki, optika mağazaları hüquqi və fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılır. Qanun layihəsində qeyd edilir:

    1. Əhaliyə optikaçılıq xidmətləri yalnız optika mağazaları vasitəsilə göstərilir.

    2. Optika mağazasının açılması müvafiq icra hakimiyyəti orqanının rəyi əsasında həyata keçirilir. Optika mağazasının açılmasına rəyin əsas məqsədi optika mağazasının və onun işçi heyətinin bu Qanuna və bu Qanuna uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən tələblərə uyğunluğunu müəyyən etməkdir.

    3. Optika mağazasında tibbi optika məhsulları ilə yanaşı, qoruyucu və gün eynəklərinin, eynək sağanaqlarının və digər əlaqəli məmulatların və onların ehtiyat hissələrinin və aksessuarlarının satışı, hazırlanması, quraşdırılması, montajı, sazlanması, uyğunlaşdırılması, təmiri, servis-texniki xidməti həyata keçirilə bilər.

    4. Optika mağazasının fəaliyyətinə dair tələblər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

    5. Optika mağazasında bilavasitə əhaliyə optikaçılıq xidmətləri optikaçılıq və ya optometriya fəaliyyəti ilə məşğul olmaq hüququ olan şəxslər tərəfindən, optometriya xidmətləri isə yalnız optometriya fəaliyyəti ilə məşğul olmaq hüququ olan şəxslər tərəfindən göstərilir. Optika mağazasının müdiri optikaçı və ya optometrist olmaya bilərlər.

    6. Optika məhsullarının satışı pasiyentin şifarişi və ya təqdim olunan həkim resepti əsasında həyata keçirilir. Pasiyentin sifarişi əsasında satılan tibb optika məhsulunun ölçüsünün pasiyentin görmə dərəcəsinə uyğun olmamasına görə optika mağazası məsuliyyət daşımır.

    7. Optika mağazasında optometrist fəaliyyət göstərmirsə, orada müayinə üçün istifadə olunan tibbi optika avadanlığı saxlanıla bilməz.

    Qanun layihəsi Milli Məclisin Səhiyyə komitəsinin iyunun 5-də keçiriləcək iclasında müzakirə ediləcək.