“Hakimiyyət bundan nəticə çıxarmalı, hər kəs də hərəkətlərinə çəki-düzən verməlidir” – ELŞAD MUSAYEV

81

“Hadisələrin gedişində polisin qanunun hansı maddəsinə əsasən hərəkət etdiyini əsaslandıracağı da çox maraqla gözlənilir”

“Az bir qisim polisin hərəkətlərini doğru hesab edir. Çoxluq polisin üstünə zibil atılmasının yanlış olduğunu söyləməklə polisin qoşun halında binanı mühasirəyə almasını, çoxluq halında icazəsiz mənzillərə daxil olmasını, şübhəli şəxsləri həbs etmə formasını, kobudluğunu və uşaqların gözü önündə adamları alt paltarında həbs edərək aparmasını qəbul etmir və sərt tənqid edir. Doğru edir”. Hurriyyet.org xəbər verir ki, bu fikirlər Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevə məxsusdur. 

Partiya sədri qeyd edib ki, “Polis haqqında” Qanunun 23, 24 və 25-ci maddələrində polisin hansı halda şəxsi mənzilə girməsinə aydınlıq gətirilir: “Polisin məhkəmə qərarından başqa bir sıra hallarda şəxsin mənzil hüququnun məhdudlaşdırılmasına və mənzildə yaşayanların iradəsinin ziddinə olaraq mənzilə daxil olmasına icazə verilən müddəalar var. Amma hüquqşünasların əksəriyyəti mövcud halın bu müddüalara uyğun gəlmədiyini əsas gətirməklə polisin bu formada icazəsiz mənzillərə daxil olmasını qanunsuz hesab edir. Hadisələrin gedişində polisin qanunun hansı maddəsinə əsasən hərəkət etdiyini əsaslandıracağı da çox maraqla gözlənilir. Amma nəzərdən qaçan cox ciddi amil var. Çox qısa müddətdə, ani olaraq ölkənin xaosa, qarşıdurma meydanına çevrilə bilmə təhlükəsi. Bir nəfərin karantin rejimini pozması və qaçmağa cəhd etməsi ilə başlanan adi bir hadisənin ölkədə nəyə səbəb olduğunu tək biz yox, bütün dünya gördü və Azərbaycanın imicinə xeyir gətirmədi”.

Elşad Musayev bildirib ki, Tunisdə başlanan və ərəb ölkələrinin əksəriyyətinə yayılan “Ərəb baharı” sadə bir tunislinin özünü bazarda yandırması ilə başlamışdı: “Elə bu yaxınlarda Amerikada polisin aşırı güc tətbiq etməsi nəticəsində bir zəncinin öldürülməsi də nəinki ABŞ-da bir sıra başqa ölkələrdə də ciddi qarşıdurmalara, xaosa səbəb olmuşdu. Odur ki, hakimiyyət bundan nəticə çıxartmalı, hər kəs də hərəkətlərinə çəki-düzən verməlidir”.

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org