“Hakimiyyətdə qarşıdurmalar açıq müstəviyə keçib”

189

Natiq Cəfərli: “Ola bilər ki, gömrüklə bağlı qərarlar müxtəlif maraqlara xidmət etsin…”

“Azərbaycan höküməti dünyada gedən aktiv trendlərin əksinə hərəkət edir”

Yeni dəyişikliyə əsasən, vətəndaş internet üzərindən 1000 dollara qədər məhsul sifariş etdiyi zaman gömrük rüsumu ödəmirdisə, indi bu limit 300 dollara endirilib. Yəni artıq karqo şirkətləri və “Azərpoçt” daşıma servisi ilə xaricdən dəyəri 300 dollardan artıq məhsul sifariş etdikdə gömrüyə rüsum ödəməli olacaq. Qeyd edək ki, qaydalar 1 ay ərzində edilən sifarişlərə aiddir. Mövzuyla bağlı  “Hürriyyət”ə açıqlama verən Respublikaçı Alternativ Partiyasının (ReAL) icra katibi, iqtisadçı Natiq Cəfərli deyib ki, verilən qərar insanlarda sosial narazılığı artırır. O bildirib ki, sosial narazılıqlar çoxaldıqca dövlətdən və hökümətdən də narazılıq daha da artır:

– Natiq bəy, Gömrük Komitəsinin xaricdən gətirilən malların limitinin 300 dollara endirməsiylə bağlı fikirləriniz necədir?

– Ümumiyyətlə, verilən qərar absurddur. Qərarın verilməsi dünyada gedən trendlərin əleyhinədir. Çünki, dünya artıq online ticarətə keçir və online sifarişlər üzərində qurulur. Pandemiya bu prosesi daha da sürətləndirdi. Keçən ilin eyni 8 ayını, bu ilin 8 ayını götürdükdə dünyada online ticarət dörd dəfə artıb. Yəni, bu dünyanın tutduğu yoldur. Azərbaycan höküməti və Gömrük Komitəsi hər zaman olduğu kimi dünyada gedən aktiv trendlərin əksinə hərəkət edir. Bu işi təşviq etməkdənsə və şəffaflığı artırmaq əvəzinə, müəyyən məhdudiyyətləri artırmaqla məşğuldur. Əsas hədəf də təbii ki, bunu indiki işsizlik şəraitində edilməsi oldu. Ayda bir dəfə olmaqla 1000 dollarlıq mal sifariş verib, müəyyən kiçik biznes quran yüzlərlə vətəndaşımız var ki, onlar bu işi görməklə, dövlətin üzərində olan sosial yükünü azaldırdılar. Özlərinə kiçik də olsa iş qururlar. Bunu təşviq etməkdənsə, əksinə bunun qarşısını alırlar. Yenə, təkrar edirəm, absurd və məntiqsiz qərardır. Əgər, bunun vergi tərəfini düşünürlərsə, başqa çıxış yolları da var. Vergiyə cəlb olunmasının xüsusi qaydaları tətbiq oluna bilərdi.

– İkinci mərhələdə sərhədyanı bölgələrdə yaşayan əhalinin, məsələn, Gürcüstün və İranla sərhəddə yaşayan əhalinin mal gətirib satmasına limit qoyula bilərmi?

– Artıq burda da azalma var. Əvvəl ayda 1500 dollarlıq mal gətirmək mümkünüydüsə, indi 800 dollara endiriblər. Yəni, burda da məhdudiyyətlər var. Eyni zamanda ayda bir dəfə mal gətirə bilərlər. Ona görə də kifayət qədər sərhədyanı ticarətə də təsirləri olub.

– Gömrük Komitəsinin son məlum qərarı ölkədə manopoliyanın gücləndirilməsinə xidmət etmir?

– Əslində, böyük oyunçuların marağına xidmət edir. Çünki, kiçik sahibkarlar kiçik biznes formalaşdırırdı.  Məsələn, internet ticarəti sahəsini götürək. Bu da iri şirkətlərin və şəbəkələrin maraqların zidd olurdu. Əsasən də eklektortexnika sahəsində hiss olunurdu. Çünki, vətəndaş elektron malları online sifariş verirdi və burdan almırdı. Hazırda da 300 dollara endirilməsi və ayda bir dəfəyə limit qoyulması, yeni avadanlıqların ölkəyə gətirilməsinə qadağa qoyacaq. Təbii ki, bu da yerli satış şəbəkəsinin maraqlarına uyğundur.

– “Oyunçular” deyəndə konkret kimləri nəzərdə tutursunuz?

– Ad çəkmək doğru olmaz. Hamı da tanıyır. Ölkədə təqribən 7-8  şəbəkə var ki, onlar da iri elektonikayla məşğul olur və satışını həyata keçirir. Heç kimə də sirr deyil ki, bəziləri məmurlara bağlıdır. Qərar da onların maraqlarına uyğun verilib.

– Azərbaycan prezidentinin Türkiyəyə səfəri ərəfəsində və Türkiyə ilə hərbi ittifaqın gündəmdə olduğu vaxtda, Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin bu qərarı ölkədə sosial narazılığın daha da artırılmasını və bu narazı kütlənin siyasi müstəvidə, məhz prezidentin Türkiyə ilə yaxınlaşmağa yönəlmiş siyasətinə vurmaq istəyən zərbə kimi dəyərləndirmək olarmı?

– Əslində, bunu demək tez olar. Təbii ki, bu sosial narazılıq yaradır. İnsanlarda sosial narazılıq artdıqca dövlətdən və hökümətdən də narazılıq daha da artır. Bu da yolverilməzdir. Yeri gəlmişkən, bu qərarı Gömrük Komitəsi verməyib. Qərar Nazirlər Kabineti tərəfindən verilib. Sadecə, Gömrük Komitəsi qərarı çox ciddi cəhtlə müdafiə edir. Mənə elə gəlir ki, qərarın verilməsində Gömrük Komitəsinin lobbiçiliyinin mühüm rolu olub. Yəni, qərarı Nazirlər Kabineti veribsə, Gömrük Komitəsi icra qrumu olaraq deyə bilərdi ki, biz icra qrumuyuq və qərar verən qurum deyilik. Verilən istənilən qərarın da icrasıyla məşğul olacayıq. Görünən odur ki, bir neçə gündür həm mediada, həm də sosial şəbəkələrdə Gömrük Komitəsi qərarın müdafiəsinə qalxıb. Belə çıxır ki, bu qərar Gömrük Komitəsinin özünə sərf edən bir qərardır. Bu da haqlı olaraq, çox ciddi sosial narazılıq yaradır. Çünki, işsizlik dövründə bəzi insanlar online qaydada qazanc əldə etməyə başlamışdır. Əslində, bu çox yaxşı bir nəticə idi. Hətta Gömrük Komitəsinin idarə rəisi deyir ki, bundan işbazlar istifadə edir. “İşbaz” sözünü çox neqativ formada təqdim edirik. Dünyanın bütün ölkələri işbazlara kömək edirlər. “İşbaz” yəni işini sevən deməkdir. Yəni, dövlətdən sosial asılı olmayan biridir. Bunun nəyi pisdir ki?…

– Belədirsə, bu qərarın ölkədə “beşinci kolon”un rəhbəri tərəfindən ortaya atılmasını güman etmək olarmı?

– Düzdür, hakimiyyət daxilində müəyyən maraqlı proseslər gedir. Yəni, açıq müstəviyə keçən qarşıdurmaların şahidiyik. Ola bilər ki, müəyyən qərarlar müxtəlif maraqlara xidmət etsin. Əsas maraqlardan biri də sosial gərginliyin və narazılığın artılmasdır. Bu ehtimallar heç də az deyil.

YƏHYA