Hakim “Gürcü Arzusu” qələbəni qeyd edir müxalifət isə…

228

Şahin Cəfərli: “Gürcüstan siyasəti 8 ildir İvanişvili-Saakaşvili rəqabətinin çərçivəsinə sıxışıb qalıb”

“Majoritar dairələrdə pozuntuların olduğuna şübhəm yoxdur, çünki ötən bir neçə seçkidə də hakimiyyətin namizədləri yerlərdə inzibati resurslardan, maddi imkanlardan maksimum yararlanıb”

Məhəmməd Əsədullazadə: “Artıq Gürcüstanda Saakaşvili dönəmi başa çatıb və müxalifətin etiraz aksiyaları heç də ölkədə inqilabi dəyişikliklərə gətirməyəcək”

“Seçkilərin nəticələri göstərdi ki, ölkə əhalisinin bir qismi mövcud siyasi hakimiyyətin qalmasında maraqlıdır”

Oktyabrın 31-də qonşu Gürcüstanda növbəti parlament seçkiləri keçirilib. Bu barədə axar.az-da yer alan məlumata görə, seçkiləri yerli müşahidəçilərlə yanaşı, 20 səfirlik və 23 beynəlxalq təşkilatın nümayəndələri izləyib. Qeyd edək ki, artıq Gürcüstanın Mərkəzi Seçki Komissiyası seçkilərinin ilkin nəticələrini açıqlayıb. Belə ki, “Gürcü Arzusu” Partiyası 49,32 faiz, Vahid Milli Hərəkat Partiyası 25,94 faiz, Avropalı Gürcüstan Partiyası 3,77, Vətənpərvərlər Alyansı 3,26 faiz, Lelo Partiyası 3,16 faiz, “Aqmaşenebeli strategiyası” 3,1 faiz, “Qirçi” 2,87 faiz, “Vətəndaş – Eliko Elisaşvili” 1,34 faiz, Leyboristlər Partiyası isə 1,03 faiz səs əldə edib.

Gürcüstanın Mərkəzi Seçki Komissiyasından bildirilib ki, bu seçkilər yeni sistem üzrə keçirilib. Parlamentin 150 deputatının 120-si proporsional, 30-u isə majoritar qaydada seçilib. Majoritar namizədlərdən bir neçəsi yetərincə səs toplaya bilmədikləri üçün noyabrın 21-də ikinci turda təkrar mübarizə aparacaqlar. Həmçinin, qeyd olunub ki, doqquz siyasi qüvvə – “Gürcü Arzusu” Partiyası, Vahid Milli Hərəkat Partiyası, Avropalı Gürcüstan Partiyası, “Qirçi”, “Lelo”, “Aqmaşenebeli strategiyası” bloku, Leyboristlər, Vətənpərvərlər Alyansı və Vətəndaş Partiyası Gürcüstan parlamentinə daxil ola biləcək.

Beləliklə, hakim “Gürcü Arzusu” Partiyasının fəalları artıq qələbəni qeyd edirlər. Bu münasibətlə partiyanın mərkəzi qərargahının önündə tədbir keçirilib, partiyanın sədri Bidzina İvanişvili siyası həmfikilərini qələbə münasibətilə təbrik edib. Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili isə “Mtavari” telekanalına müsahibəsində Gürcü Arzusu Partiyasının parlament seçkilərində uduzduğunu bəyan edib. Onun sözlərinə görə, Vahid Milli Hərəkat və digər müxalifət partiyaları mütləq səs çoxluğu əldə ediblər: “Gürcüstanda hakimiyyət dəyişir, ölkə irəli getməkdə davam edəcək”. Saakaşvili həmçinin, ölkəsinə qayıda bilməməsindən dolayı narahat olduğunu da qeyd edib: “Məni heç bir vəzifə, Gürcüstanın baş naziri vəzifəsi də maraqlandırmır. Müxalifət hökuməti formalaşdırmaq üçün Gürcüstan xalqı üçün məqbul olan şəxsləri tapmalıdır”. Digər müxalifət partiyaları da seçkinin nəticələrini rədd edir, onu seçki deyil, “müharibə”, “səslərin qarəti” adlandırıb. Hazırda müxalifət partiyaları parlamenti boykot etmək haqda düşünür, nəticələrin ləğvi, yeni seçki keçirilməsinin hüquqi yollarını axtarır.

“İstedadlı və hiyləgər siyasət mühəndisi olan İvanişvili Saakaşvilinin aqressiv mühacirət müxalifətçiliyindən çox məmnundur”

“Hürriyyət” xəbər verir ki, mövzu ilə bağlı mövqeyini bölüşən siyasi şərhçi Şahin Cəfərli majoritar dairələrdə pozuntuların olduğuna dair şübhəsinin olmadığını vurğulayıb: “Gürcüstan müxalifəti bildirir ki, seçkidə saxtakarlıq olub. Amma proporsional sistem üzrə Mərkəzi Seçki Komissiyasının açıqladığı rəqəmlərlə paralel səssayma həyata keçirən İSFED (The International Society for Fair Elections and Democracy) təşkilatının rəqəmləri arasında çox az fərq var. MSK “Gürcü Arzusu”nun 48,15 faiz, İSFED isə 45,8 faiz səs topladığını elan edib. Seçkiqabağı rəy sorğuları da hakim partiyanın açıq fərqlə birinci olacağını göstərirdi. Başqa bir göstərici isə “exit poll” rəqəmləridir. Majoritar dairələrdə pozuntuların olduğuna şübhəm yoxdur, çünki ötən bir neçə seçkidə də hakimiyyətin namizədləri yerlərdə inzibati resurslardan, maddi imkanlardan maksimum yararlanıb. Lakin proporsional sistem partiyaların gerçək reytinqini və nüfuzunu aydın göstərir. “Gürcü Arzusu” əhalinin 48 faizi tərəfindən dəstəkləndiyi halda, onun əsas rəqibi olan Vahid Milli Hərəkatı dəstəkləyənlər 27 faizdir”.

Siyasi şərhçinin sözlərinə görə, bu partiyalar 4 il əvvəlki seçkilərdə də eyni miqdarda səs almışdılar: “Heç nə dəyişməyib. Gürcüstan siyasəti 8 ildir İvanişvili – Saakaşvili ikili rəqabətinin çərçivəsinə sıxışıb qalıb. Əslində, bunu rəqabət yox, şəxsi düşmənçilik adlandırmaq daha doğru olar. Bu ikiqütblü siyasi səhnə müxalifətin böyüməsinə və yenilənməsinə mane olur. İstedadlı və hiyləgər siyasət mühəndisi olan İvanişvili Saakaşvilinin aqressiv mühacirət müxalifətçiliyindən çox məmnundur. Gürcüstan reallıqlarından uzaq qalmış Saakaşvili ölkə içərisindəki partiyadaşlarına hərəkət sərbəstliyi vermir və informasiya-kommunikasiya radikallığı ilə hər seçki öncəsi ümumi işə zərbə vurur. Onun bu seçkidə özünü baş nazir vəzifəsinə namizəd elan etdirməsi isə yersiz, zərərli, hətta gülünc addım idi. Uzun sözün qısası, fövqəladə hadisələr baş verməsə, “Gürcü Arzusu” daha 4 il hakimiyyətdə qaldı. Növbəti, 224-cü il seçkisi tam proporsional sistem üzrə keçiriləcək”.

“Seçkilərdə saxtakarlıq olub, amma xalq və Qərb Mixail Saakaşvilinin növbəti dəfə hakimiyyətə gəlməsinə hazır deyil”

“Hürriyyət”in məlumatına görə, “Cənubi Qafqazda Azərbaycanın Qarabağda apardığı uğurlu hərbi əməliyyatlara maraqlı dövlətlərin diqqəti kəsildiyi bir dönəmdə Gürcüstanda seçkilər keçirildi” deyən Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadənin fikrincə, seçkilərin nəticələri göstərdi ki, ölkə əhalisinin bir qismi mövcud siyasi hakimiyyətin qalmasında maraqlıdır: “Baxmayaraq ki, seçkilərdə saxtakarlıq olub, amma xalq və Qərb Mixail Saakaşvilinin növbəti dəfə hakimiyyətə gəlməsinə hazır deyil. Həm Azərbaycan, həm də Gürcüstan Qərb üçün xüsusi strateji tərəfdaşdır və burada baş verən siyasi proseslər daim diqqət mərkəzində olub. Hazırda region həlledici bir mərhələdən keçir və burada davam edən siyasi-hərbi proseslər Rusiya və Qərbin maraq toqquşması arealı müstəvisindədir. Burada isə yeni oyunçu olaraq Türkiyə var. Türkiyə isə tam şəkildə Azərbaycan və Gürcüstanla birgə siyasi platforma üzərində çalışır. Qərb və Rusiya, həmçinin Türkiyə regionu itirməmək üçün çalışırlar ki, öz maraqlarının qorunmasını təmin etsin. Burada əsaslı uduşlu tərəfin Ankara olacağı şübhəsizdir”.

Politoloq hesab edir ki, Azərbaycan regionda prosesləri kifayət qədər öz lehinə dəyişərək Qərb üçün də əlverişli zəmin yaradır: “Ona görə ki, Qərb enerji-nəqliyyat layihələri və Asiyaya açılımını üstün tutaraq, bu layihələrin Azərbaycan üzərindən keçdiyindən prioritet bir tərəfdaş kimi qəbul edir. Qarabağ məsələsində də müəyyən dərəcədə neytrallağı buna əsaslanır. Gürcü Arzusu Partiyasının hakimiyyətdə qalması isə Gürcüstan-Azərbaycan münasibətlərinin hazırkı vəziyyətdə davam etməsini şərtləndirəcək. İki tərəfli əlaqələrin yüksək inkişafına isə rəsmi Tiflis tərəfindən imkan verilməyəcək. Bunun da əsas səbəbi isə “boz kardinal” Bidzina İvanişvilinin Azərbaycana qarşı şəxsi qərəzindən irəli gəlir. Burada biznes maraqları və Kremldən gələn təlimatlar rol oynayır. Artıq Gürcüstanda Mixail Saakaşvili dönəmi başa çatıb və müxalifətin etiraz aksiyaları heç də ölkədə inqilabi dəyişikliklərə gətirməyəcək. Bundan sonra da rəsmi Tiflisin Rusiya ilə əlaqələrdə problemlərə getməsi gözlənilmir. Buna baxmayaraq, NATO-ya inteqrasiya prosesi davam edəcək. Gələn il Gürcüstanın alyansa qəbul ediləcəyi də reallaşa bilər”. Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədrinin fikrincə, rəsmi Tiflis artıq Abxaziya və Cənubi Osetiyasız NATO-ya qəbul edilməklə, Gürcüstanın təhlükəsizliyini təmin edərək, gələcək perspektivdə separatizmə qarşı mübarizəni gücləndirə bilər: “Hətta Azərbaycanın Qarabağda uğurlu hərbi əməliyyatları və ərazi bütövlüyünü təmin etməsi Tiflis üçün də separatizm və işğala qarşı əlavə bir üstünlük qazandıracaq. Azərbaycanla əlaqələrdə Gürcü Arzusu Partiyası sərhəd məsələsini daim gündəmdə saxlanmasına cəhd edəcək. Və bunu Azərbaycana qarşı “təzyiq” kimi planlayır. Amma Azərbaycanın Qarabağda qələbəsi və Ermənistan üzərində tam hərbi üstünlüyü Gürcüstanın sərhəddə “Keşikçidağ” məsələsində mövqeyini kifayət qədər zəiflədəcək. Ümumiyyətlə, Gürcüstan regionda Azərbaycan və Türkiyənin ortaq maraqları çərçivəsində addımlamağa məcburdur. Bu ölkənin Rusiya-Ermənistan tamdemində yer alması isə ölkədə siyasi sabitliyin pozulmasına gətirə bilər. Bundan sonra Gürcüstanda demokratiyanın inkişafı və hüququn tam üstünlüyü zəifləməyə doğru getməsi gözlənilir. Bu isə ölkədə siyasi sabitliyi pozmayacaq və gürcülər hazırkı vəziyyətlə barışacaq”.

Vazeh BƏHRAMOĞLU