Hadrut təxribatında Rusiyanın barmağı var?

417

Xaqani Cəfərli: “Rusiya “sülhməramlı”ları ermənilərin təxribatlarından istifadə edib, nəzarət zonalarını genişləndirirlər”

Məhəmməd Əsədullazadə: “Hadrut təxribatı Kremlin planıdır və bu səbəbdən də Rusiya “sülhməramlı qüvvələrinin” bu ərazilərdən çıxarılması tələb edilməlidir”

“Rusiyanın “sülhməramlı qüvvələrinin” komandanı Rüstəm Muradov və terrorçubaşı Araik Arutunyan birgə hərəkət edir”

Qarabağda hərbi əməliyyatların bitməsindən sonra  ilk dəfə olaraq atəşkəs pozulub. Belə ki, erməni tərəfi Azərbaycanın işğaldan azad olunmuş ərazilərində atəşkəs rejiminin pozulması ilə müşayiət olunan təxribat əməlləri törədib. Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı birgə məlumatda deyilir ki, 10 noyabr 2020-ci ildə Azərbaycan Respublikası, Rusiya Federasiyası prezidentlərinin və Ermənistan baş nazirinin imzaladığı bəyanata əsasən atəşkəsin elan olunmasından sonra Azərbaycanın Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində meşəlik ərazidə bəzi erməni silahlı birləşmələri qalmışdı.

Qeyd olunur ki, həmin erməni silahlı dəstələri ərazini tərk etməmiş, əksinə, döyüş mövqeləri yaratmış və son günlər qeyd olunan ərazidə Azərbaycan tərəfdən mülki xidmətləri həyata keçirən şəxslərə, hərbi qulluqçulara qarşı terror-təxribat və diversiya əməllərini törədiblər: “Belə ki, 2020-ci il noyabr ayının 26-də işğaldan azad olunmuş Xocavənd rayonun Sur kəndində Müdafiə Nazirliyinin həmin ərazidə xidmət aparan hərbiçilərinə ermənilərin qəfil hücumu nəticəsində 3 hərbi qulluqçumuz öldürülmüş, 2 nəfər yaralanmış, dekabrın 8-də həmin rayonun Hadrut qəsəbəsi yaxınlığında rabitə qurğularının və ötürücü avadanlıqların quraşdırılması işlərinin aparılması zamanı 1 hərbi qulluqçu həlak olmuş və “Azercell” şirkətinin əməkdaşı ağır yaralanmışdır. Qeyd olunan nəzərə alaraq, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidməti həmin ərazidə anti-terror əməliyyatı keçirmək məcburiyyətində qalmışdır. Ermənistanın bəzi rəhbər şəxslərinin və erməni kütləvi informasiya vasitələrinin bu kimi hallara görə Rusiya sülhməramlı qüvvələrinə və Azərbaycan tərəfinə qarşı əsassız iddialar irəli sürməsi qəbuledilməzdir. Ermənistan tərəfi üçtərəfli bəyanatın müddəalarının yerinə yetirilməsini təmin etməli, atəşkəs rejiminin qorunmasına və sülhün təmin olunmasına dəstək verməli, ərazidə qalmış erməni silahlı dəstələri və ya Ermənistan silahlı qüvvələrinin qalıqları vasitəsilə təxribatların törədilməsi, vəziyyətin qəsdən gərginləşdirilməsi və bu kimi halların ölkədaxili siyasi məqsədlər üçün istifadə edilməsi cəhdlərindən çəkinməlidir. Azərbaycan Respublikası üçtərəfli bəyanatın müddəalarına sadiq olaraq, Rusiya Federasiyası sülhməramlı qüvvələri ilə sıx əlaqələndirmə və əməkdaşlıq şəraitində regionda sülhün təmin olunması üçün səylərini davam etdirir”.

Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandiri general-leytenant Rüstəm Muradov isə məsələ ilə bağlı keçirdiyi brifinqdə bildirib ki, Hadrut qəsəbəsi ətrafındakı vəziyyət sabitləşib: “Dekabrın 11-də atəşkəsin pozulması halı baş verib və Rusiya sülhməramlı kontingentinin addımları ilə bu halın qarşısı alınıb”. O, əlavə edib ki, indi durum sakitdir, Rusiya sülhməramlıları vəziyyətə daimi monitorinq həyata keçirir, həmçinin Ermənistan və Azərbaycan tərəflərinin nümayəndələri ilə əlaqədədirlər.

“Rusiya Müdafiə Nazirliyinin yaydığı xəritədən belə aydın olur ki, Köhnə Tağlar və Çaylaqqala kəndləri rusların nəzarət zonasına daxil edilib, bu isə ermənilərin terror fəaliyyətinin rusların planı olması ilə bağlı fikir yaradır”

Beləliklə, “Hürriyyət”in məlumatına görə, mövzu ilə bağlı fikirlərini bölüşən politoloq Xaqani Cəfərli hesab edir ki, Rusiya sülhməramlıları ermənilərin təxribatlarından istifadə edib, nəzarət zonalarını genişləndirirlər: “Ermənilərin terror aktları nəticəsində 4 əsgərimizin şəhid olmasından sonra Azərbaycan ordusunun Xocavənd rayonun Köhnə Tağlar və Çaylaqqala kəndlərinin yaraqlılardan təmizlənməsi məqsədi ilə əməliyyat keçirdiyi haqqında məlumat və görüntülər yayıldı. Daha sonra Azərbaycan mətbuatında Ermənistanın baş naziri Nikol Paşinyanın bu iki kəndin Azərbaycanın nəzarətinə keçməsini bildirməsinə istinad edilərək, daha iki kəndimizin işğaldan azad edilməsu haqqında məlumat yayıldı. Rusiya Müdafiə Nazirliyinin Dağlıq Qarabağdakı “sülhməramlı”larının fəaliyyəti ilə bağlı yaydığı məlumat və xəritədən belə aydın olur ki, Köhnə Tağlar və Çaylaqqala kəndləri rusların nəzarət zonasına daxil edilib. Halbuki, bu kəndlər son hadisəyə kimi Rusiya “sülhməramlı”larının nəzarət zonasına daxil deyildi. Açıq görünür ki, Rusiya “sülhməramlı”ları ermənilərin təxribatlarından istifadə edib, nəzarət zonalarını genişləndirirlər. Bu isə ermənilərin terror fəaliyyətinin rusların planı olması ilə bağlı fikir yaradır”.

“Rusiya bu cür insidentlərin davam etməsində, həmçinin Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmamasında maraqlıdır”

“Hürriyyət” xəbər verir ki, Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə isə Ermənistanın siyasi rəhbərliyinin və Xankəndindəki terrorçu Araik Arutunyanın əsas planının Hadrutu geri almaq olduğunu vurğulayıb: “Məhz bu məqsədlə Hadrut ətrafında meşəliklərə Turşsu istiqamətindən təchizat yığıb, hücum ediblər. Onlar bir aydan artıq mühasirədə qalıb, soyuq və qida çatışmazlığından buranı tərk edə, yaxud təslim ola bilərdilər. Xankəndindəki terroçubaşlar Araik Arutunyan, Vitalı Balasanyan Rusiya sülhməramlı qüvvələrinə arxayın olub, Azərbaycan ordusunun hücum etməyəcəyinin fərqindədirlər. Onlara Rusiya sülhməramlı qüvvələri o qədər dəstək verib ki, Hadrut əməliyyatlarına start veriblər. Bu, birbaşa imzalanmış bəyannəmənin pozulmasıdır. Azərbaycan adekvat əməliyyat nəticəsində iki kəndə və bir yüksəkliyə nəzarəti ələ alıb. Bundan sonra Ermənistan prezidenti Moskvaya müraciət edib. Onların bu uğursuzluğundan sonra belə qəfil toparlanmaları və müraciətləri Hadrut planlarının pozulmasından irəli gəlir. Məqsəd Hadruta Rusiya süıhməramlı qüvvələrinin yerləşdirilməsidir. Moskvada bu prosesdən məmnundur. Çünki Rusiya bu cür insidentlərin davam etməsində, yəni Qarabağda sülh və təhlükəsizliyin təmin edilməməsində, həmçinin Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmamasında maraqlıdır”.

“Rusiyanın əsas məqsədi Qarabağda münaqişəni körükləmək və sülhün əldə edilməsinə qarşı çıxmaqdır”

Politoloqun fikrincə, Türkiyə-Azərbaycan tandemi Rusiyanın bu planının qarşısını alacaq: “Azərbaycan prezidenti İlham Əliyevin Minsk Qrupu həmsədrlərinə diplomatik master-klası bütün siyasi-hərbi üstünlüyün Azərbaycan tərəfində olduğunu nümayiş etdirdi. Göründüyü kimi, Ermənistan prezidenti və Qarabağdakı separatçıların əsas fəaliyyəti Dağlıq Qarabağda münaqişəni davam etdirməkdir. Azərbaycan qəti şəkildə buradakı silahlı erməni birləşmələrinin çıxarılmasını tələb etməlidir. Əgər qalacaqlarsa, Rusiya onlardan istifadə edərək, daim təhlükəsizliyi təhdid edəcək. Rusiya sülhməramlı qüvvələrinin son günlər qurduqları postlarında mühəndis istehkam işlərini davam etdirməsi məhz bu planın tərkib hissəsidir. Yoxsa, sülhməramlılar niyə bu qədər güclü müdafiə sistemləri qursunlar?!” Rusiyanın ermənilərlə birgə yaşayış və azərbaycanlıların bu ərazilərə köçürülməsində maraqlı görünmədiyini qeyd edən Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədrinin sözlərinə görə, Rusiya “sülhməramlı qüvvələri” bölgədə sülh üçün deyil, ermənilərin müdafiəsi və burada öz maraqlarını təmin etmək üçün gəliblər: “Rusiyanın əsas məqsədi Qarabağda münaqişəni körükləmək və sülhün əldə edilməsinə qarşı çıxmaqdır. Hadrut təxribatı Kremlin planıdır və bu səbəbdən də Rusiya “sülhməramlı qüvvələrinin” bu ərazilərdən çıxarılması tələb edilməlidir. Azərbaycan ictimaiyyəti bilməlidir ki, Rusiya özünün və ermənilərin maraqlarını müdafiə etmək üçün Qarabağa zorla girib. Hadrut təxribatı onların məqsədini ifşa etdi. Moskvanın fəaliyyəti Azərbaycana təzyiq etməkdən ibarətdir. Odur ki, Türkiyə qoşununun Şuşa, Hadrut və Ağdamda yerləşdirilməsi həyata keçirilməlidir. Biz Türkiyəni Azərbaycana ona görə dəvət etmişik ki, Rusiyanı neytrallaşdıraq. Rusiyanın Qarabağda istədiyi kimi hərəkətinə imkan verilməməlidir. Çünki Rusiya öz sülhməramlı təyinatından başqa, burada ermənilərin silahlanması və digər işlərlə məşğul olur. Buna görə də Azərbaycan Rusiyaya qarşı öz prinsipiallığını ortaya qoymalıdır. Ona görə ki, Rusiya “sülhməramlı qüvvələri” Qarabağda erməni terroruna dəstək verir. Bu səbəbdən də Rusiya “sülhməramlı qüvvələri” Qarabağdan çıxarılmalıdır. Hadrut təxribatında Rusiyanın “sülhməramlı qüvvələrinin” komandanı Rüstəm Muradov və terrorçubaşı Araik Arutunyan birgə hərəkət edir. Rusiya Şuşaya çəkilən yolu ermənilərin nəzarətinə verməyə çalışır. Hadrut ətrafında xeyli silah-sursat aşkar edilib ki, bu da terrora lojistik dəstəkdir. Bura Abxaziya, nə də Cənubi Osetiya deyil. Rusiya buradan çıxmalıdır. Onun onun fəaliyyəti Qarabağda sülhməramlı deyil, erməni terroruna dəstək verməkdən ibarətdir”.

Vazeh BƏHRAMOĞLU