Hadi Rəcəbli: “Ulu öndərin əlini qaldırıb Allahdan Qarabağın işğaldan azad edilməsini arzu etdiyinin şahidi olmuşam”

75

“Hər kəs Azərbaycanın rəşadətli ordusunun zəfərindən sevinir. Xalqımızda vətənpərvərlik, torpağa bağlılıq hissi yüksək səviyyədə inkişaf edib. Xalq torpaq uğrunda ölümə getməyə hazırdır. Bu, ən vacib məsələdir”.

 

Hurriyyet.org bildirir ki,bunu Pravda.az-a açıqlamasında Milli Məclisin sabiq deputatı, siyasi elmlər doktoru Hadi Rəcəbli deyib.

 

H.Rəcəbli qeyd edib ki, bunun əsasında Prezidentə bağlılıq, xalq-iqtidar birliyi dayanır: “Hər kəs Şuşanın işğaldan edilməsini səbrsizliklə gözləyirdi. Şuşanın azad edilməsi Dağlıq Qarabağ münaqişəsinin həllində mühüm rol oynayır. Tarixdən şahidik ki, Azərbaycan torpaqları həmişə işğal edilib. Nəhayət, son 200 ildə Azərbaycan ilk dəfə torpaqlarını işğal azad etdi. Düşünürəm ki, zəfər yürüşü davam edəcək, işğal altında olan digər ərazilər də azad ediləcək. Azərbaycanın Ali Baş Komandanı cənab İlham Əliyevin ötən gün Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət etməsi, orada çıxış etməsi önəmli məqamdır. Xatırladım ki, 1994-cü ildə Həcc ziyarətində ulu öndər Heydər Əliyevin yanında idim. Kəbə evinə ulu öndərlə birlikdə 6 nəfər girmişdi. Ulu öndərin əlini qaldırıb Allahdan Qarabağın işğaldan azad edilməsini arzu etdiyinin şahidi olmuşam. Şuşa azad edildikdən sonra Prezident İlham Əliyev də ulu öndərin məzarı qarşısında hesabat verdi. Azərbaycan gözəl anlar yaşayır. Baş verənlər həm iqtisadiyyatımıza, beynəlxalq əlaqələrə, siyasətə təsir edəcək. Dövlət başçısı xalqa müraciətində xüsusi vurğuladı ki, “Əgər iqtisadi gücümüz olmasaydı, bu Qələbəni əldə etmək mümkün olmazdı. İlk növbədə, iqtisadi müstəqillik təmin edilməli idi və təmin edildi. Bu gün Azərbaycan iqtisadi cəhətdən heç kimdən asılı deyil, heç bir ölkədən asılı deyil, heç bir beynəlxalq maliyyə qurumundan asılı deyil. Müstəqilik və bu, bizə imkan verdi ki, ölkəmizi inkişaf etdirək, eyni zamanda, Ordumuzu gücləndirək. Biz Ordumuz üçün lazım olan bütün hərbi texnikanı, silahları xarici bazarlardan alırıq. Əgər bizim iqtisadi imkanlarımız olmasaydı, biz bunları necə əldə edə bilərdik? Biz ölkə daxilində uğurlu siyasət apararaq hesab edirəm ki, ölkəmizdə dünya üçün çox nadir inkişaf modelini yaratdıq. Daxildəki həmrəylik, milli birlik, vahid amal uğrunda birləşməyimiz bizə əlavə güc verdi, imkan vermədi ki, bəzi mənfur xarici dairələr öz çirkin planlarını Azərbaycanda həyata keçirsinlər. Halbuki belə planlar var idi, belə cəhdlər var idi. Biz siyasi iradə göstərərək, birlik göstərərək bu cəhdləri dəf etdik, xalq olaraq, millət olaraq öz qürurumuzu müdafiə etdik, öz müstəqil seçimimizi müdafiə etdik və sübut etdik ki, heç kim bizim işimizə qarışmasın və qarışa bilməz. Əgər bu birlik olmasaydı, milli həmrəylik olmasaydı, biz heç vaxt torpaqlarımızı işğalçılardan azad edə bilməzdik. Bu illər ərzində bizə qarşı aparılan qara piar kampaniyası, qarayaxma, şər-böhtan kampaniyasının da əsas məqsədi o idi ki, bizi əsas vəzifəmizdən uzaqlaşdırsınlar, biz uzaqlaşaq, daxili problemlər içində boğulaq və işğal edilmiş torpaqlar işğalçıların əlində əbədi qalsın. Güclü siyasi iradə, xalq-iqtidar birliyi bu planları da alt-üst etdi. Qələbəmizin üçüncü əsas amili beynəlxalq səviyyədəki uğurlarımızdır. Biz bütün dünyaya sübut etdik ki, Qarabağ əzəli Azərbaycan torpağıdır. Sübut etdik ki, əsrlərboyu Azərbaycan xalqı bu torpaqlarda yaşayıb. Sübut etdik ki, erməni əhalisi bu torpaqlara 200 il bundan əvvəl köçürülübdür, necə köçürülübdür, hansı məqsədlərlə köçürülübdür, hamısını biz dünya ictimaiyyətinə təqdim etdik, sübutlarla, faktlarla. Biz sübut etdik ki, Dağlıq Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır və bu məsələ beynəlxalq hüququn norma və prinsipləri əsasında öz həllini tapmalıdır”. Allah Prezident İlham Əliyevi qorusun. Allahdan şəhidlərimizə rəhmət, yaralılarımıza şəfa diləyirəm. Arzu edirəm ki, Allah bu qələbədən sonra müharibə göstərməsin”.

 

Sabiq deputat vurğulayıb ki, yaxın müddət ərzində məcburi köçkünlər öz yurd-yuvalarına geri dönəcəklər: “Artıq Prezident İlham Əliyev Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında fərman imzalayıb. Mən 2016-cı ildə belə layihə irəli sürmüşdüm. Əminəm ki, Azərbaycan yaxın müddətdə həmin əraziləri abadlaşdıracaq, insanların yaşayışını təmin edəcək. Cənab Prezident “BBC News”a müsahibəsində bu məsələyə toxunub. Dövlət başçısı bildirib ki, “Bütün işğal dövründə biz artıq 300 min qaçqın və məcburi köçkünü yerləşdirmişik. Son illər ən güclü təsir bağışlayan illər olub, çünki təkcə bu il biz 7 min köçkün ailəsini yerləşdiririk. Beləliklə, düşünürəm ki, biz ildə 7 mindən 10 minədək ailəni köçürə bilərik. Lakin, əlbəttə ki, bunun üçün bizim infrastruktura ehtiyacımız var. Biz bunu hər şeyin hazır olduğu Bakıda edirik. Lakin hər şeyin dağıdıldığı həmin ərazilərdə bizim elektrik stansiyalarına, yollara, su təchizatına ehtiyacımız var. Beləliklə, bütün bunlar vaxt aparacaq. Mən bilmirəm bu, nə qədər vaxt aparacaq. Lakin biz bunu maksimum qısa zamanda həyata keçirmək üçün əlimizdən gələni etməyə çalışacağıq””.

 

Sonda H.Rəcəbli Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik edib: “Azərbaycanın şanlı bayrağı Şuşada dalğalanır. Əminik ki, işğal altında olan digər ərazilər də bayrağımız dalğalanacaq. Biz qələbə çalacağıq. Qarabağ Azərbaycandır!”