“Palmali“ üçün 9000 manat dənizdəki qumun zərrəsi qədərdi

    6

    “Futbol+“in ötən sayında Mübariz Mənsimovun özünü türk adlandırmasını oxuyanda məni gülmək tutdu. Nəyə gülürdüm? Ona gülürdüm ki, bir insanın özünü başqa millətin, xalqın nümayəndəsi saymasıyla iş bitmir. Şəxs önəmli fiqurdusa, onsuz da onun bütün əsli-nəcabəti ortaya çıxır, əhəmiyyətsizdisə, kim, nəçi olduğu heç kimi maraqlandırmır. Əslində “qarğa, məndə qoz var“ prinsipi ilə heç bir səbəb olmadan milli mənsubiyyətini dilə gətirirsənsə, özü də yanlış informasiya verirsənsə, bu başqalarında ikrah doğurur. Belə həqiqətləri bilmək üçün, deməli, milyardlar qazanmaq kifayət etmir…
    Yuxarıda qeyd etdim ki, heç bir önəmli şəxsin tərcümeyi-halı diqqətdən kənarda qalmır. Bildiyiniz kimi, ABŞ-da vətəndaşlar özlərini amerikalı adlandırırlar. Məsələn, rus jurnalist ABŞ vətəndaşına deyəndə ki,Vladimir Nabokov (məşhur yazıçı – N.R.) milliyyətcə rusdu, o etiraz edib dedi ki, xeyr, amerikalıdı. Bütün bunlara baxmayaraq, dünyanın bu ölkəsində də lazım gələndə milliyyət araşdırılır. Məsələn, Klintonun irland, Trampın isə alman olduğu hər kəsə məlumdu. Və yaxud dünyanın ən əhəmiyyətli ölkələrindən biri Böyük Britaniyaya baxaq. Bu ölkənin xarici işlər naziri Boris Consonun atasının babasının məşhur türk jurnalisti Əli Kamal olduğu aşkar faktdır. Əli Kamal Osmanlı imperiyasının son hökumətində qısa müddət daxili işlər naziri işləməsi və Atatürkün həbsi barədə əmr verməsi ilə də məşhurdu. Deməyim odu ki, lazım olanda hər kəsin keçmişi ortaya çıxır.
    Əslində kiçik xalqdan məşhur şəxs çıxanda o, xalqını məşhurlaşdırır, bunda da pis heç nə yoxdu. Məsələn, mən Freddi Merkurinin (“Kuin“ qrupunun əfsanəvi lideri – N.R.) sayəsində pars xalqının (farsla qarışdırmayın!) mövcudluğunu öyrəndim.
    Mübariz bəy özünü talış adlandırmırsa, bu xalqın nümayəndələri heç də üzülməməlidi. Onlar bilməlidi ki, çar hökumətində ölkəmizi təmsil edən ən böyük hərbçi onların nümayəndəsidi. Port-Artur qəhrəmanı, general Səməd bəy Mehmandarovu nəzərdə tuturam, Əliağa Şıxlinski onun rəhbərliyi altında fəaliyyət göstərib. Səməd bəy ermənilər üzərində qəti qələbə qazanan yeganə müdafiə naziri kimi (çox təəssüf ki!) də öz yerini qorumaqda davam edir. Azərbaycanın yeganə iki dəfə Sovet İttifaqı Qəhrəmanı olmuş övladı Həzi Aslanov da bu xalqın nümayəndəsidi. Fəxrlə özünə Talışinski soyadı götürən minlərlə ziyalı var. Bu soyadın nümayəndələri SSRİ-də də tanınırdı.
    Təəssüf ki, adamlar varlandıqca daha da ədalətsizləşir. Bunu elə “Palmali“ şirkətinin timsalında görmək olar. “Futbol+“ oxucuları bu şirkətin qəzetə 9000 manat borclu olduğundan xəbərdardı. Mənsimovlar bilə-bilə ki, bu borc ictimailəşəcək, heç veclərinə də almırlar, halbuki “Palmali“ üçün 9000 manat dənizdəki qumun zərrəsi qədərdi. Yəqin ki şirkətə rəhbərlik edənlər indi qəzetdə gedən yazıları oxuyanda utanmaq əvəzinə irişə-irişə gülürlər. Adi bir şəxs qonşuya 10 manat borclu olanda bilmir evə necə girsin ki, qonşu onu görməsin. Qəzetə sənin üçün qəpik-quruş olan 9000 manat borclu olasan və bu məsələnin ictimailəşəcəyini bilə-bilə ödəməyəsən… Beləsinə nə demək olar?!
    Bəzi adamlar yalnız özlərinin mənafeyinə zərər dəyəndə hay-həşir salırlar, başqalarının haqqının yeyilməsinə göz yumurlar. Ancaq “Futbol+“ belə deyil, başqalarının da haqqını qorumaqla fərqlənir. Elə götürək “Xəzər Lənkəran“ın adını unutduğum məşqçisini. Ona klub 2500 manat borclu idi, yazıq hey deyirdi ki, xəstəliyim şitdətlənir, müalicə almağa pulum yoxdu. Bütün bunlar “Futbol+“ sayəsində ictimailəşmişdi. Ona görə də qəzetin 9000 manatını istəməsini hamımız müdafiə etməliyik. Mən hətta deyərdim ki, bu məsələ qəzetin hər sayının üz səhifəsində olsun, qoy xalq da kimin kim olduğunu bilsin.
    Məşhurlaşmaq üçün klub (“Xəzər Lənkəran“) yaradan (şəxsən mən onu tanımırdım), sonra da klubu buraxan bir şəxs haqda müsbət fikirlər söyləmək çətindi. Bu üzdən talış ola-ola, özünü türk elan etməsinə də təəccüblənməyə dəyməz.
    P.S. Talış olması ilə fəxr edən Baloğlan Əşrəfov üçün çox üzülürəm: bir tərəfdə onun həyatını qurtaran, digər tərəfdə milli kimliyini danan şəxs…