HƏRŞEYŞÜNAS DEPUTAT

300

Və yaxud Bəhruz Məhərrəmovun “yarımçıq papaqçılığı”

Sentyabrın 27-də Ermənistan silahlıq qüvvələrinin hücum cəhdi ilə başlayan İkinci Qarabağ Savaşı istər ölkə daxilində, istər də regionda və bütün dünyada siyasi gündəmi zəbt etdi. Təsadüfi deyil ki, noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan dövlət rəhbərlərinin imzaldağı atəşkəs bəyanatına qədər keçən 44 gün ərzində dünyanın bütün nüfuzlu media orqanları Qarabağ savaşı haqda xəbərləri öz manşetlərindən düşürmədilər.

O cümlədən Azərbaycanın daxilində də müharibə ab-havası aylardır qlobal böhrana çevrilən koronavirus pandemisyasını belə, arxa plana keçirdi. İkinci Dünya Müharibəsinin “Hər şey müharibə üçün, hər şey qələbə üçün!” devizinə uyğun olaraq, böyükdən-kiçiyə bütün vətəndaşlarımız istər ön, istər də arxa cəbhədə Şanlı Ordumuzun qələbəsi üçün əlindən gələni əsirgəmədi. Və ilk gündən cəbhədən gələn qələbə əhval-ruhiyyəsi ilə ölkə daxilində baş verən digər ictimai-siyasi proseslər tamamilə diqqətdən kənarda qaldı. Noyabrın 6-da Milli Məclisin iclasında Biləsuvarı təmsil edən deputat Bəhruz Məhərrəmovun İran haqda çıxışları da bu qəbildəndir. Hansı ki, cəmiyyətin güzgüsü olan media bütün diqqətini cəbhəyə yönəltdiyindən, biz bu haqda yalnız deputata töhmət verildikdən sonra xəbər tutduq…

Bəhruz Məhərrəmovun İran haqda fikirləri, ölkənin ali liderindən hesabat tələbə etməsi və Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin “ondan imtina edən” bəyanatı, o cümlədən İntizam komissiyasının ona töhmət verməsi və s. haqda geniş məlumat verməyə ehtiyac duymuruq. Çünki bu haqda saytlarda yetərli qədər məlumat var. Odur ki, deputatın bu “cəsarətli çıxışını” qaçıran oxucularımız gec də olsa, bu haqda informasiya əldə edə bilərlər. Xüsusən də Biləsuvar seçicilərinin B.Məhərrəmovun bu “qəhrəmanlığından” xəbər tutması daha vacibdir. Hər halda, insanlar “böyük səsçoxluğu” ilə “seçdikləri” deputatlarını tanımalıdırlar, ya yox?!

Deputatı tanımaqdan söhbət düşmüşkən, məlumat üçün bildirək ki, 22 avqust 1983-cü ildə Zərdab rayonunun Ağabağı kəndində anadan olan Bəhruz Məhərrəmov 2003-cü ildən “Azad Azərbaycan” teleradio yayım şirkətində, Azərbaycan Beynəlxalq Bankında, “Avromed company” MMC-də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində, “PAŞA Sığorta” şirkətində məsul vəzifələrdə çalışıb. Həmçinin BDU-nun Hüquq fakültəsinin “İnsan hüquqları və informasiya hüququ” UNESCO kafedrasının dosentidir.

Bəzi mənbələrdə qeyd olunur ki, B.Məhərrəmov uzun müddət ATV kanalında jurnalist və redaktor vəzifələrində işləyib, 2008-2009-cu illərdə “ATV İnternational” kanalına rəhbərlik edib. 2009-cu ildən isə bir sıra beynəlxalq təşkilatlarda hüquqşunas kimi çalışıb.

2013-cü ildə “Avromed” şirkətlər qrupunun baş direktorunun müavini təyin edilib. O, həmin tarixə qədər şirkətin hüquq idarəsinə rəhbərlik edib.

9 fevral 2020-ci il növbədənkənar parlament seçkilərində 66 saylı Biləsuvar seçki dairəsindən VI çağırış Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçdirilib.

***

Göründüyü kimi, deputatın “sicili” kifayət qədər zəngindir. Adam demək olar ki, hər işlə məşğul olub. Əvvəlcə, jurnalist kimi fəaliyyətə başlayıb. Görünür, bu peşədən “çörək” çıxmadığından, özünü bank işçisi kimi sınamaq qərarına gəlib. Lakin Beynəlxalq Bankda da çox duruş gətirə bilməyib. Yəqin onun çalışdığı illər baş bankir Cahangir Hacıyev və digər rəhbər şəxlərin Beynəlxalq Bankı talan etdiyi dönəmə düşdüyündən, B.Məhərrəmova “pay” düşməyib. O, elə bu məqsədlə də daha gəlirli biznes sahəsində özünə yer etmək fikrinə düşüb. Beləliklə, qısa müddət sonra “Avromed company” MMC-də çalışmağa başlayıb. Hansı ki, çox da uzun olmayan zamanda şirkətin direktor müavini vəzifəsinədək yükəsələ bilib. Ancaq həmin vaxt ölkədə dərman biznesinə nəzarət gücləndirildiyindən, çox güman ki, “indi pul məhkəmələrdədir” deyib, Konstitusiya Məhkəməsinə qarmaq atıb. Və kənardan yüngül təkanla burada da özünə yer edə bilib. Bir müddət sonra Bəhruz Məhərrəmovun “yüksəlmək” eşqi Konstitusiya Məhkəməsinin divarlarına sığmayıb. Çünki onun uşaqlıdan ən böyük arzusu deputat olmaq olub. Təsadüfi deyil ki, bu məqsədlə uzun müddət Bakı Dövlət Universitetinin (BDU) sabiq rektoru Abel Məhərrəmovun yanında “deputatlıq dərsi” də alıb. Üstəlik, BDU-da “təcrübə” keçdiyi müddətdə özünə burada da yer edə bilib və həmin vaxtdan paralel olaraq Hüquq fakültəsinin “İnsan hüquqları və informasiya hüququ” UNESCO kafedrasında çalışır.

***

Abel Məhərrəmovun “qələmi qırıldıqdan” sonra BDU-dan gedən yolların heç birinin onu Milli Məclisə aparmayacağını bildikdən sonra, B.Məhərrəmov özünə tamamilə fərqli bir iş tapmaq qərarına gəlib. Bu, elə bir iş olmalı idi ki, onu uşaqlıq arzusuna qovuşdursun. Əlbəttə, bunun üçün vəzifə deyil, iş yeri önəmli faktor olmalı idi. Bu səbəbdən də, Bəhruz Məhərrəmov çox düşünmədən sığortaçı olmaq qərarına gəlib. Özü də məhz “PAŞA Sığorta” şirkətində çalışmağa cəhd edib və istəyinə nail olub. Nəhayət, bu şirkətdə özünü gözə soxmağı bacaran Məhərrəmov uşaqlıq arzusuna gedən yolda addımlamağa başlayıb. Nəticədə isə, 9 fevral 2020-ci ildə baş tutan növbədənkənar parlament seçkilərində Milli Məclisdəki deputat kürsülərindən birini məngirləyə bilib.

***

Biz Bəhruz Məhərrəmovun bir deputat kimi göstərdiyi fəaliyyət haqda yaxşı, yaxud pis heç nə deyə bilmərik. Bunun üçün yetərli zaman lazımdır ki, adam öz potensialını ortaya qoya bilsin. Hər halda Milli Məclisin üzvü olaraq ilk 100 günlük fəaliyyəti ilə bağlı seçicilərində hansısa qənaət formalaşmış olar. Ümumilikdə isə, onun fəaliyyətinə 1 ilin sonunda qiymət vermək daha düzgündür. Amma mətbuatı izləyəndə bəlli olur ki, bu adama çox da güvənmək olmaz. Necə ki, onu deputat seçdirmək üçün qan-tər tökən, insanlarla üz-göz olan sabiq icra başçısı Mahir Quliyevin bir balaca “ayağı büdrəyən” kimi Bəhruz Məhərrəmov onu əleyhinə danışmağa başladı. Hətta həmin vaxt ayrı-ayrı rayonların icra hakimiyyətlərində əməliyyat keçirən DTX-nı Biləsuvara dəvət etdi…

Amma bütün bunlar bizim yazımızın mövzusu deyil. Üstəlik, M.Quliyev haqsız yerə həbs olunmadığından, B.Məhərrəmovun DTX-ya müraciətinə irad tutmaq da doğru olmaz. Sadəcə, o, sabiq icra başçısının parlament seçkilərindəki zəhmətini də yerə vurmalı deyildi. Axı, nə qədər olmasa da, M.Quliyev onun necə deputat “seçildiyini” hər kəsdən daha yaxşı bilir. Yox, əgər Bəhruz Məhərrəmov düşünürsə ki, “icra başçısı kim idi, mən işimi daha “yuxarı”larla görmüşəm…”, ona da haqq  qazandırmaya bilmərik.

Deputatın konkret olaraq İranla bağlı qalmaqallı çıxışına gəldikdə isə, şübhəsiz, o, öz fikirlərini sosial şəbəkədə, yaxud hansısa müxalif mediada səsləndirsəydi, ona kimsə irad tuta bilməzdi. Çünki bizim ölkəmizdə söz azadlığı mövcud olduğundan, hər kəs öz düşüncəsini sərbəst şəkildə ifadə etmək hüququna sahibdir. Hər halda, həm də hüquqşünas olan B.Məhərrəmov bunu daha yaxşı bilməlidir. Amma adam görün nə qədər “cəsarətə” gəlib ki, Milli Məclisi “Zərdabın çayxanası” hesab edərək, oradan İrana, onun dini liderinə barmaq silkələyir və hesabat tələb edir. Özü də elə bir ərəfədə ki, prezident İlham Əliyev öz çıxışında Ermənistanla bağlı tutduğu mövqeyə və məlum bəyanata görə İran rəhbərliyinə təşəkkürünü çatdırmışdı. Yoxsa, beşinci peşəsi sığortaçı olan B.Məhərrəmov deputat mandatı əldə etdikdən sonra özünü “sığortalatdırdığı” üçün Milli Məclisdə istədiyi fikri səsləndirməkdə sərbəst olduğunu düşünür?!

Əslində, B.Məhərrəmovun həyat yoluna diqqət etdikdə, onun bu cür qeyri-peşəkar çıxışlar etməsini təbii qarşılamaq olar. Ən azı ona görə ki, adam heç bir sahə üzrə ixtisaslaşmayıb. Doğrudur, hər bir peşədən az-çox başı çıxır. Amma uşaqlıqdan deputat olmaq arzusu ilə yaşasa da, görünür, ya bu sahədə peşəkarlaşmaq üçün ya yetərli “dərs” almayıb, ya da “müəllimi” zəif olub.

Lakin güman edirik ki, hələ gənc olduğundan qarşıdakı illərdə öz peşəsinin sirlərinə daha dərindən bələd olar və bir daha, xüsusən də həssas dönəmlərdə, Milli Məclis kürsüsündən ağzına gələni danışmaz.

KƏNAN

P.S. Sonda deputata Nizaminin məşhur bir kəlamını xatırlatmaq yerinə düşər: “Kamil bir palançı olsa da insan, yaxşıdır yarımçıq papaqçılıqdan”. Odur ki, cənab deputat, “yarımçıq papaqçılıqla” çox da uzağa getməyin mümkün olmadığını bilməyinizdə fayda var…