Hərbi vəziyyət atəşkəs dövründə də Paşinyanın işinə yarayır –BAŞ NAZİRİN PARTİYASI “YENİ MÜHARİBƏ TƏHLÜKƏSİ”NDƏN DƏM VURUR

333

Ermənistan parlamenti müxalifət partiyalarının sentyabrın 27-dən tətbiq olunan hərbi vəziyyətin ləğvi təklifini rədd edib. Dağlıq Qarabağda hərbi əməliyyatlar dayandırılsa da, hakim “Mənim addımım” bloku “yeni müharibə təhlükəsi”nin olduğunu iddia edir. Bununla birlikdə, “Kommersant”ın İrəvandakı həmsöhbətləri belə bir qərarın əsl səbəbinin tamamilə fərqli olduğuna əmindir – etiraz mitinqlərini dağıtmaq üçün qanuni əsaslara sahib olmaqdan ötrü səlahiyyətlilərin hərbi vəziyyətə ehtiyacı var.

Erməni müxalifəti Cümə axşamı günü hərbi vəziyyətin ləğvinə nail ola bilməyib. Bu nəticə, baş nazir Nikol Paşinyanın reytinqinin aşağı düşməsinə baxmayaraq, onun “Mənim addımım” blokunun liderə sadiq qaldığını göstərir. Hərbi vəziyyətin ləğvinə yalnız 36 deputat səs verib, 56-sı əleyhinə çıxıb, daha 2 nəfər bitərəf qalıb.

Ermənistan parlamentində 132 yer var ki, bunlardan 88-nin sahibi hakim blokun deputatlarıdır.

“Çiçəklənən Ermənistan” və “Maarifçi Ermənistan” partiyaları Dağlıq Qarabağda müharibənin başlaması ilə sentyabrın 27-dən tətbiq olunan rejimin ləğv edilməsinin tərəfdarı idilər. Eyni zamanda, onların təmsilçiləri bunun Nikol Paşinyanın devrilməsinə doğru atılan ilk addım olduğunu da gizlətməyiblər. Doğrudur, Paşinyanı yalnız “Mənim addımım” blokunun tamamilə nəzarətində olan parlament vasitəsilə vəzifəsindən azad etmək olar.

Üstəlik, hərbi vəziyyətin ləğvi məsələsini nəzərdən keçirmək üçün müxalifətin parlament iclasını çağırması belə, son dərəcə çətin idi: o, reqlamentdə boşluq tapmaq məcburiyyətində qalıb ki, bu da məsələni gündəmə gətirməyə imkan verməyib.

“Hakim elitanın və Nikol Paşinyanın hərbi vəziyyəti ləğv etməkdən imtinası bir məqsədi güdür: hərbi vəziyyət məhdudiyyətləri ilə xalqın narazılığının qarşısını almaq və hakimiyyətdə qalma müddətini uzatmaq”. Bunu “Kommersant”-a “Çiçəklənən Ermənistan” parlament fraksiyasının katibi Arman Abovyan bildirib. “Ölkəyə rəhbərlik edə-edə biabırçı məğlubiyyətdən sonra indi hakim elitanın getməsi dövlət təhlükəsizliyi məsələsidir. Nikol Paşinyan iqtidardan getməlidir”.

Politoloq Hrant Mikaelyan müxalifətin baxışı ilə razıdır: “Paşinyan müxalifətçiləri qanuni şəkildə həbs etmək və hakimiyyəti qorumaq naminə mitinqləri dağıtmaq üçün hərbi vəziyyəti qüvvədə saxlayır”.

Xatırladaq ki, Nikol Paşinyanın istefası üçün mitinqlər noyabrın 10-da, Ermənistan baş naziri, Rusiya və Azərbaycan prezidentləri ilə birlikdə, Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılması barədə razılaşma imzaladıqda başlayıb. Bu sənədə görə, döyüşlər zamanı əldə olunan bütün ərazilər Azərbaycana qalır və Ağdam, Laçın, Kəlbəcər bölgələri dekabrın 1-dək boşaldılmalıdır.

Söz düşmüşkən, hakim blok silahlı toqquşmaların yenidən başlaya biləcəyini qəbul edir. “Mənim addımım” blokundan olan millət vəkili Mikael Zolyan “Kommersant”-a bildirib: “Üç liderin imzaladığı atəşkəs bəyannaməsi genişmiqyaslı müharibəyə son qoysa da, münaqişə bölgəsindəki vəziyyət hələ də böyük ölçüdə qeyri-sabitdir. Bir çox məsələnin hələ həll edilməli olduğu bir mühitdə vaxtaşırı müxtəlif hadisələr baş verir, münaqişə bölgəsində təxribatlar mümkündür. Bundan əlavə, cihadçı muzdlular, göründüyü kimi, hələ də bölgədə qalırlar, vaxtaşırı olaraq Azərbaycan və Türkiyədən militarist bəyanatlar eşidilir. Bu şərtlərdə hərbi vəziyyətin ləğvi çətin ki, sabitlik və təhlükəsizliyə kömək edər”.

Həm İrəvanda, həm də Bakıda “təxribat” adlandırıla biləcək hadisə Cümə axşamı Ermənistan və Kəlbəcər bölgəsi sərhədində yerləşən Söyüdlü (Sotk) qızıl yatağında baş verib. Son vaxtlara qədər bəzi yataqlar “Dağlıq Qarabağ Respublikası”nın (“DQR”) ərazisində yerləşirdi və indi Azərbaycan bunlara iddia edir. “Armyanskaya vendetta” “Telegram” kanalı Azərbaycan hərbçilərinin mədənə gəldiyini və işçilərlə söhbət etdiklərini, göründüyü kimi, ərazilərin onların nəzarəti altına verilməsi barədə bir video yayımlayıb.

Ermənistan Müdafiə Nazirliyi isə bunu inkar edib, lakin Rusiyanın iştirakı ilə “bu ərazidə sərhədləri dəqiqləşdirmək üçün işlər aparıldığını” bildirib.

Sahənin heç olmasa bir hissəsi Azərbaycana gedərsə, bu, Qarabağ yox, Ermənistan torpaqlarını təslim etməkdə günahlandırılan Nikol Paşinyanın imicinə əlavə zərbə olacaq.

Tərcümə: Strateq.az