Hərbi və siyasi şərtləri indi Azərbaycan diktə edir

87

Rusiyanın paytaxtı Moskvada oktyabrın 9-dan 10-a keçən gecə keçirilən Azərbaycan, Rusiya və Ermənistan Xarici işlər nazirlərinin 11 saatlıq üçtərəfli görüşündən sonra atəşkəslə bağlı bəyanat qəbul edilib.

Son 20 ildə Qarabağa dair ən uzun müddətli danışıqların sonunda qəbul olunan bəyanata əsasən, 2020-ci ilin 10 oktyabr tarixi, saat 12:00-dan etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) vasitəçiliyi və onun kriteriyalarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanılan şəxslər və ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunub.

11 saat ərzində davamlı olaraq danışıqların aparılması prosesin mürəkkəb olduğunu və gərgin bir şəraitdə aparıldığını göstərir. Məlumdur ki, danışıqlar çərçivəsində qarşı tərəf özünə sərf edən şərtlərlə razılaşmaqda maraqlı olub. Ancaq Prezident İlham Əliyevin də ötən gün xalqa müraciətində dediyi kimi, Ermənistan rəhbərliyi nəhayət başından böyük zərbə alandan sonra dərk etməyə başladı ki, o, ancaq bizim şərtlərlə oturub duracaq: “Biz nə desək, o da olacaq. Şans veririk ki, danışıqlar yolu ilə, sülh yolu ilə torpağımızdan çıxsın”.

Azərbaycana qarşı hər hansı şərtlərin irəli sürülməsinin qəbuledilməzliyini hamı başa düşdü

Təbii ki, əldə olunmuş humanitar atəşkəs birinci mərhələdir. Hərbi əməliyyatlar gedişində dəyişilmiş status-kvo siyasi və diplomatik müstəviyə daşınmalıdır. Bu proseslər paralel şəkildə aparılmalıdır ki, əldə edilmiş nailiyyətlər daha da gücləndirilsin.

Düşməni sülhə məcburetmə əməliyyatları nəticəsində əldə olunan uğurlara və üstünlüyə görə, artıq danışıqların gedişində şərtləri Azərbaycan müəyyən edir və Azərbaycana qarşı hər hansı şərtlərin irəli sürülməsinin qəbuledilməzliyini hamı başa düşdü.

Azərbaycan rəhbərliyi dünyaya göstərdi ki, ölkəmiz sülh tərəfdarı olsa da, bu yolla münaqişənin həlli mümkün olmayacağı təqdirdə, hərbi yolla torpaqlarını azad etməyə qadirdir.

Ali Baş Komandan İlham Əliyev də çıxışı zamanı bunu bir daha vurğulamışdı: “Azərbaycan xalqı da bunu vasitəçilərdən, bəzi beynəlxalq təşkilatın rəhbərlərindən dəfələrlə eşidib ki, bu münaqişənin hərbi həlli yoxdur. Mən isə demişdim ki, bu tezislə razı deyiləm və mən haqlı çıxdım, mən! Otuz ilə yaxındır danışıqlar aparılır. Bir məsələ yerindən tərpəndi? Bir santimetr torpaq bizə danışıqlar yolu ilə verildi? Təcavüzkarı məcbur etdilərmi ki, bizim torpağımızdan çıxsın, BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirsin? Yox. Bəs, bu məsələ indi necə həll olunur? Bu, hərbi yol deyilmi? Məhz hərbi yolla bu məsələ həll olunur. Hərbi, ondan sonra siyasi. Bu əməliyyat olmasaydı, biz təcavüzkara lazımi zərbələr endirməsəydik, onların dərsini verməsəydik, indi o qaçardımı Moskvaya danışıqlar aparmaq üçün?! Oturacaqdı özündən razı, deyəcəkdi ki, torpaqları vermirik”.

“Münaqişənin hərbi həlli yoxdur” tezisi darmadağın edildi

Həmçinin nəzərə almalıyıq ki, bütün bu əməliyyat Azərbaycana qarşı artan siyasi-diplomatik təzyiqlər şəraitində həyata keçirilir. Prezident İlham Əliyev bu siyasi təzyiqlərə sinə gəlir və məharətli və vaxtında atılan diplomatik addımlarla Azərbaycana qarşı olan təzyiqləri neytrallaşdırır. Ermənistan və onun havadarlarının bir araya gələrək Azərbaycana qarşı vahid diplomatik cəbhə formalaşdırılmasının qarşısı alınır.

Diplomatiyada səhvə yol verilməsi hərbi üstünlüklərimizin də əldən çıxmasına səbəb ola bilər. Humanitar atəşkəsə Azərbaycanın birtərəfli qayda da yox deməsi Ermənistanın mövqeyini gücləndirmiş olardı.

Hər kəs də bilir ki, humanitar atəşkəs müvəqqəti xarakter daşıyır. Əgər bundan sonra Ermənistan yenə də öz siyasətini davam etdirəcəksə və işğal olunmuş ərazilərdən öz qoşunlarını çıxarmayacaqsa, onda hərbi əməliyyatların bərpa olunması hər zaman baş verə bilər. Mahiyyətli danışıqlar aparılmalı və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını nəzərdə tutan plan hazırlanmalıdır. Təmas xətti deyilən anlayış yoxdur. Münaqişənin hərbi həlli yoxdur tezisi də darmadağın edildi.

Prezident İlham Əliyev həmişə, o cümlədən Ermənistanın hərbi təxribatlarına qarşı başlanılan son əks-hücum əməliyyatlarının gedişində yenilməz siyasi iradə, əzm, qətiyyət, prinsipiallıq nümayiş etdirdi, düşmən ölkənin havadarları olan dövlətlər və böyük güclərin təzyiqlərinə baxmayaraq, Azərbaycanın milli maraqlarını qətiyyətlə müdafiə etdi. Bir daha sübut olundu ki, Azərbaycanın milli maraqları Prezident İlham Əliyev üçün ən ali dəyərdir.

Hər bir düşünülmüş və dəqiq addım bizi əsas hədəfə daha da yaxınlaşdırır

Münaqişənin həll olunmaması və işğala əsaslanan status-kvonu saxlamaq üçün Ermənistana dəstək göstərilir və danışıqlar prosesi imitasiya olunmuş əsasda aparılırdı. Məqsəd tədricən Azərbaycan torpaqlarının Ermənistan tərəfindən ilhaqına nail olmaq idi. Prezident İlham Əliyev qəti siyasi iradə nümayiş etdirərək 30 il ərzində qurulmuş və daim möhkəmləndirilən bu sistemi darmadağın etdi, Azərbaycanın işğalla heç zaman barışmayacağını sübut etdi. Ölkə başçısının da dediyi kimi, artıq status-kvo dəyişdi. Hərbi və siyasi şərtləri indi Azərbaycan diktə edir.

ATƏT-in Minsk qrupunun həmsədrləri status-kvonu dəyişmək üçün heç nə etmədilər. Mövcud diplomatik və hərbi ətalət həmsədrləri və Ermənistanı qane edirdi. Nəticədə Azərbaycan özü status-kvonu dəyişdi. Prezident İlham Əliyev, özünün də dediyi kimi, qəti və məntiqli diplomatik gedişlərlə regionun geo-siyasi mənzərəsini dəyişir:

“Stasus-kvo deyilən məsələ yoxdur, qurtardı getdi. Status-kvo belə olmalıdır, elə olmalıdır. Mən dəyişdirdim status–kvonu, dəyişdirdim! Bax, orada, döyüş meydanında. Yoxdur status-kvo. Təmas xətti, yoxdur təmas xətti. Yarmışıq onu”.

Dağlıq Qarabağın inzibati ərazisinə daxil olan Hadrutun və ətraf kəndlərin azad edilməsinin böyük geo-siyasi əhəmiyyəti vardır. Azərbaycan hərbi sahədə əldə etdiyi böyük uğuru həm də diplomatik müstəviyə keçirdi. Ermənistanın danışıqları formatını dəyişdirmək və Dağlıq Qarabağdakı qondarma rejiminin danışıqlar prosesində tərəf kimi çıxış etməsinə nail olmaq, o cümlədən 1994-cü il Bişkek protokolunu əlində bayraq etmək iddiasının üzərindən birdəfəlik xətt çəkildi. Ermənistan etiraf etdi ki, bu münaqişədə tərəf olan Dağlıq Qarabağdakı qondarma rejim deyil, məhz Ermənistan dövlətidir. Ermənistan baş naziri artıq 7 şərt irəli sürmür, ona diktə edilən şərtləri qəbul etmək zorundadır. Bu gün danışıqlar prosesində məhz Azərbaycan öz iradəsini diktə edir və şərt irəli sürür.

Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 15 iyul 2020-ci il tarixli iclası zamanı bildirib: “Nə vaxt, nəyi, necə etmək lazımdır, bunu biz bilirik. Yaxın tarix dəfələrlə bunu göstərib, həm siyasi müstəvidə, diplomatik müstəvidə, eyni zamanda, döyüş meydanında. Nəyi ediriksə, dəqiqliklə edirik”.

Bu günədək aparılan siyasət, atılan adımlar, o cümlədən sentyabrın 27-dən başlayan əks-hücum əməliyyatları dövlət başçısının bu fikirlərinin tam əsaslı olduğunu təsdiq edir. İstər danışıqlar masasında, istərsə də hərb meydanında atılan hər bir düşünülmüş və dəqiq addım bizi əsas hədəfə daha da yaxınlaşdırır.