“Hərbi təlimlərə Rusiya və Ermənistanın etiraz etmək hüququ yoxdur”

111

Politoloq: “Türkiyənin və Azərbaycanın Qarabağ planı sadədir: Ermənistan işğal altındakı Azərbaycan ərazilərini boşaldır…”

“Rusiya Xəzər dənizi hövzəsində və Ermənistan il ərzində bir neçə dəfə hərbi təlimlər keçirir. Rəsmi səviyyədə biz bu təlimlərə etiraz etmirik. Necə ki, Azərbaycanın Türkiyə ilə birgə keçirdiyi hərbi təlimlərə Rusiya və Ermənistanın etiraz etmək hüququ yoxdur”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bu fikirləri “Yeni Müsavat”a açıqlamasında söylədi. Ekspert düşmən tərəfin Türkiyə-Azərbaycan birgə hərbi təlimlərilə bağlı iddialarından bəhs edərkən xatırlatdı ki, Azərbaycan torpaqlarını işğalda saxlamaqla bölgədə vəziyyəti gərgin saxlayan dövlət Ermənistandır: “Rəsmi İrəvanın əsas istəyi Rusiyanın Azərbaycan və Türkiyə ilə münasibətləri gərginləşməsidir. Moskva Ermənistana hərbi dəstək versə də, Azərbaycan və Türkiyə ilə münasibətlərin gərginləşməsində maraqlı olmamalıdır. Tam əksinə, Azərbaycan və Türkiyə Rusiyaya əməkdaşlıq əlini uzadır”. Qeyd edək ki, Ermənistan bütün təbliğat imkanlarından yararlanaraq Rusiyanın Bakı-Ankara münasibətlərinə əngəl olmasına çalışır. Lakin Rusiya və Türkiyə prezidentlərinin son telefon danışığı sübut edir ki, İrəvan istəyinə nail ola bilməyəcək, çünki o, bölgədə söz sahibi deyil, ən uzağı “maşa” rolunu oynaya biləcək “güc” sahibidir.

interview.az - "Atlas Araşdırmalar Mərkəzi"-nin rəhbəri Elxan ...

Politoloq Elxan Şahinoğlu da Türkiyə və Rusiya prezidentlərinin iyulun 27-dəki telefonla danışığına diqqət çəkdi: “İki ölkənin prezidenti il ərzində bir neçə dəfə telefonla danışır, söhbətlərində əsasən Suriya və Liviyadakı vəziyyəti müzakirə edirlər. Bu dəfə belə olmadı. Türkiyə və Rusiya prezidentləri ilk dəfəydi ki, Azərbaycan-Ermənistan qarşıdurmasını detallı şəkildə müzakirə etdilər. Bu baxımdan bu dəfə telefon danışığının təşəbbüskarının hansı prezidentin olduğu maraq doğururdu. Çünki, telefon danışığının kimin təşəbbüskar olmasından məhz hansı prezidentin həmkarı ilə Azərbaycan-Ermənistan qarşıdurmasını müzakirəsinə marağı ortaya çıxacaqdı. Xəbərlərdə telefon danışğının təşəbbüskarı haqqında məlumat yox idi, sadəcə yazılırdı ki, “prezidentlər arasında telefon danışığı olub””.

“Atlas” rəhbəri qeyd etdi ki, telefon danışığının təşəbbüskarı Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğan olub: “Demək məhz Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə Azərbaycan-Ermənistan qarşıdurmasını müzakirə etmək istəyib. Rusiya prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişəsinin həllinə heç vaxt maraq göstərməyib”. E.Şahinoğlu Rusiya prezidentinin bir neçə il əvvəl Moskvadakı mətbuat konftransında iştirak edən azərbaycanlı jurnalistlərdən birinə “yəqin yenə Qarabağdan sual verəcəksiniz” deyərək etinasız münasibət göstərməsini xatırlatdı. Daha bir misal: “Türkiyə Prezidenti Rəcəb Təyyub Ərdoğan bir neçə il əvvəl rusiyalı həmkarıyla görüşdükdə müxtəlif mövzularla yanaşı Qarabağ mövzusunu müzakirə etmək istədikdə Putin ona qısaca belə cavab vermişdi: “Bu çox mürəkkəb məsələdir”. Putin bununla faktiki Ərdoğana demək istəmişdi ki, mən Səninlə  Suriyanı müzakirə etməyə hazıram, ancaq Cənubi Qafqazdakı əsas problemi Səninlə müzakirə etməyə marağım yoxdur. Başqa sözlə Kreml Ankaranın Dağlıq Qarabağ münaqişəsinin həllindəki fəallığını qəbul etmirdi”.

Virtual Qarabağ - Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin ...

Politoloq dedi ki, ancaq indi durum fərqlidir: “Moskva istəməsə belə, Türkiyə Cənubi Qafqazda əsas oyunçulardan birinə çevrilib. Bunun bir səbəbi Azərbaycanla Türkiyə arasındakı strateji münasibətlərin inkişafıdırsa, ikinci səbəbi Azərbaycanın iştirakçısı olduğu böyük enerji və nəqliyyat layihələrinin Türkiyəyə uzanmasıdır. Yəni Azərbaycana qarşı istənilən həmlə Türkiyənin təhlükəsizlik maraqlarına toxunur və Ankara baş verənlərə seyrçi qala bilməz. Türkiyə bundan sonra Azərbaycanın milli və təhlükəsizlik maraqlarına toxunacaq proseslərdən kənarda qala bilməz və qalmayacaq. Bu səbədən Tovuz istiqamətindəki döyüşlərə ən sərt reaksiya verən dövlət məhz Türkiyə oldu. Türkiyənin rəsmiləri sərhəddəki döyüşlər fonunda açıq şəkildə dedilər ki, Azərbaycana istənilən hərbi dəstəyi verməyə hazırdılar. Bu mesaj işğalçı Ermənistanla yanaşı həm də Rusiyaya ciddi mesaj idi. Buna görə də artıq Rusiya prezidenti də anladı ki, Türkiyəni Cənubi Qafqazdakı proseslərdən kənarda saxlamaq fiziki baxımdan mümkün deyil”.

ANKARANIN QARABAĞ PLANI NƏDİR? - Ərdoğan Putinlə müzakirələr ...

E.Şahinoğlunun sözlərinə görə, Ərdoğan Putinə telefon zəngindən bir neçə saat əvvəl vacib strateji gediş etdi: “Türkəyinin ordu birlikləri Naxçıvana daxil oldu və bununla Kreml fakt qarşısında qaldı. Bundan başqa Türkiyə Azərbaycanla birgə ölkəboyu geniş hərbi təlimlərə başlayır. Türkiyə bir sıra ölkələrdə olduğu kimi bir anda Cənubi Qafqazda da oyun qurucusuna çevrildi. Bu vəziyyətdə Vladimir Putin Rəcəb Təyyub Ərdoğanla Azərbaycan-Ermənistan qarşdurmasını geniş şəkildə müzakirə etməyə bilməzdi.  Aydındır ki, Ankaranın Azərbaycanla bağlı strateji planı Kremli narahat edir. Məhz ona görə Putin Ərdoğanla telefon söhbətində gərginliyin eskalasiyasına kömək edəcək hər cür fəaliyyətə imkan verməməyin vacibliyini qeyd edib. Kremldə şübhələnirlər ki, ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqların faydasız olduğunu anlayan rəsmi Bakı işğal altındakı torpaqların azad olunması üçün müxtəlif variantlar üzərində ciddi düşünür və bu planların reallaşmasında Türkiyənin dəstəyi olacaq. Bu baş verməsin deyə Putin Ərdoğanla söhbətdə diqqəti münaqişənin yalnız danışıqlar yolu ilə həllinə yönətlməyə çalışıb. Məsələn telefon danışığıyla bağlı yayılan xəbərdə belə bir hissə var: “Hər iki tərəf münaqişəli vəziyyətin istisnasız sülh yolu ilə həllində maraqlı olduqlarını bildiriblər. Liderər tərəfindən Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq prinsipləri əsasında Azərbaycan və Ermənistan xalqlarının maraqları çərçivəsində siyasi diplomatik yolla nizamlanmasının alternativsizliyi qeyd olunub”.

Azərbaycanda Türkiyə ilə birgə genişmiqyaslı hərbi təlimlər ...

Beləliklə, E.Şahinoğlu hesab edir ki, Kreml Türkiyənin Azərbaycanda var olduğunu qəbul edib: “Bundan sonra Putin Ərdoğanla görüşlərində və telefon söhbətlərində Suriya, Liviya və digər mövzularla yanaşı Azərbaycan-Ermənistan qarşıdurmasını da müzakirə etmək məcburiyyətindədir. Rusiya informasiya agentliklərinin prezidentlərin telefon danışığı barədə yaydığı xəbərdə “regionda sabitlik məqsədi ilə səylərin koordinasiyasına hazırlıq vurğulanıb” cümləsi də bundan verir. Bu cümlə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində yeni Rusiya-Türkiyə formatının yaradılmasına yol aça bilər”.

Türkiyənin və Azərbaycanın Qarabağ planı sadədir: Ermənistan işğal altındakı Azərbaycan ərazilərini boşaldır;  Azərbaycanlılar geri qayıdırlar;  Dağlıq Qarabağa geniş müxtariyyət və təhlükəsizlik təminatı verilir; Azərbaycan və Türkiyə Errmənistanla kommunikasiya xətlərini açırlar və beləcə regional əməkdaşlığa Ermənistanın da qoşulması imkanları açılır. Ermənistan bu təklifləri əvvəlkitək rədd edib danışıqların uzanmasına çalışarsa, gərginliyin artmasına və bundan doğan nəticələrlə barışmalı olacaq”.

Ankaradan verilən son rəsmi açıqlama da məmnunedicidir. “Burada işğalçı olan Ermənistandır. Hörmətli Prezidentimiz bunu dünən hörmətli Putinə də açıq şəkildə izah etdi”. Bunu isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın “CNN Türk”ə müsahibəsində deyib. “Biz Azərbaycanın yanındayıq. Prezidentimizin münasibəti belədir. Bununla bağlı ən kiçik tərəddüd belə yoxdur. Azərbaycana təhdid haradan gəlirsə gəlsin, Türkiyə Azərbaycanın yanında olmağa davam edəcək. Amma bu, diplomatik kanalların bağlanması mənasına gəlmir. Putinlə telefon danışığı zamanı çox yaxşı bir nöqtəyə gəlindiyini söyləyə bilərəm”, – deyə İ. Kalın vurğulayıb.

E.Paşasoy,
Musavat.com