HƏR ŞEYDƏN BİR AZ

78

    Fəxrəddin kimi dostu

Kəşf eləmək çətindir.

Bu, qoşa əl deməkdir –

Mənəvi sərvətindir.

 

Bu müdrik arxadaşdır,

Həm həyat, həm sənətdə.

Dörd-beş belə qardaşa

Rast gəldim məmləkətdə.

 

Otuz ilə yaxındır,

Hey əl-ələ vermişik.

İdrakın əl çatmayan

Meyvələrin dərmişik.

 

Külliyatım çətin ki,

Onsuz başa gələydi.

Bu gün iftixar ilə

Rəflərdə düzüləydi.

 

Təyyar, Məmmədxan, Elman

Kruqumuz belədir.

Azad və xoşbəxtlərik!

Qalanları kölədir.

 

Məncə o ruh deyilən

Ölməzlik varsa əgər,

O bizim bu kruqun

Qismətidir, müxtəsər.

 

O ölməzlik yaşayır

Dəstəmizin zatında.

Demək toplanacağıq

Yerin hansı qatında?

 

Yenə məclis, söhbətlər

Davam edəcək məncə.

Ta haçansa maddəmiz,

Enerjiyə dönüncə.

 

               *   *   *

               QƏZƏL

 

Bütün kəndlər, obalar, xırda pulum,

Yüzlüklər şəhərdə eyvanımdır.

 

Yorğanım pulla dolu dollardır,

Döşəyim amma cibişdanımdır.

 

Oğluma hey baxıram, oxşamayır fərzəndə,

Hər tərəf naziri, madyanımdır.

 

Pədərim ölkəni viran qoydu,

Hara baxsan, ora ünvanındır.

 

Ən gözəl içkiləri tərgitdim,

Div kimi butulkada canımdır.

 

Puldur bu beynimin neyronları da

Pul mənim namusu vicdanımdır.

 

Ey Nicat, bil ki, İran əhli də bizlər kimidir.

Bil ki, Təbriz də mənim bir növü Tehranımdır.

 

         *   *   *

 

Bu ölkənin dünyada

Tayını tapmaq olmaz.

Nə qədər şişirtsən də,

Vallah-billah ağ olmaz.

 

İnsan necə var isə,

Öylə də qalacaqdır.

Qəhrəmanı söysən də,

Döysən də qorxaq olmaz.

 

Qorxaq doğulmuşlar da

Gürcü, erməni kimi.

Dönüb qəhrəman ya da,

Nəbi tək qaçaq olmaz.

 

Hər şeyin öz vaxtı var,

Yayda tədbir görməsən

Qışda evdə rahatlıq

Peçdə od, ocaq olmaz.

 

Millət də uşaq kimi

Tərbiyə olunmasa,

Rəftarında, sözündə

Əsla qanacaq olmaz.

 

Ha intiqama səslə,

Faydası olmayacaq.

Malın cinsi pis olsa

Südündən qaymaq olmaz.

 

Neyləməli sənin də

Bəxtinə bu xalq düşüb

Neyləməli, ey Nicat

Yumaqla üz ağ olmaz.

 

           *   *   *

 

 VƏZİYYƏTİMİZİN  QANUNAUYĞUNLUĞU

 

Bütün bu təsadüflər,

Qanunauyğunluqdur.

Baş verən bu xeyir, şər

Qanunauyğunluqdur.

 

Elə bilir ki, bu xər

Belə olmalıdır şər.

Onunçün bu zülmətlər

Qanunauyğunluqdur.

 

İstər əzabdan bağır,

İstər qırğına çağır.

Həm amansız, həm fağır

Qanunauyğunluqdur.

 

Biri deyir şah bicdir,

Oxuduğu xaricdir.

Ağıllısa da, gicdir…

Qanunauyğunluqdur.

 

Nə dediyini qanır,

Nə doğruya inanır.

Axmaqlığında yanır

Qanunauyğunluqdur.

 

Uçmaq üçün bu gəvəz

Heç vaxt qanad gərəmməz.

Heç vaxt xoş gün görəmməz

Qanunauyğunluqdur.

 

İcazəli qoçaqdır

Buynuzu da, haçaqdır.

Demə bu sözlər ağdır…

Qanunauyğunluqdur.

 

       *   *   *

Niyə mənim qəlbimi

Heç nə sakit eləmir.

Var ikən yoxa dönmək

Heç nə ilə ödənmir.

 

Nədəndir kədərimi

Öldürmür heykəllərin.

Yapışıbdır dünyadan

Niyə qopmur əllərin.

 

Şəkillərin əbədi

Kitablarda qalarsa.

Dürdanə tək gözəlin

Qəlbində daim varsa.

 

Bu qəm niyə silinmir

Ürəyimdən bəs niyə?

Niyə belə məlulsan?

Qarışmaqdan heçliyə.

 

Doğrudanmı yüz illik

Ömür səninçün azdır.

Ağıl ilə ölməzlik

Bir-birinə çarpazdır.

 

Axı beləsi yoxdur

Bir göydəkidir, o da.

Varlığı ilə yoxluğu

Məlum deyil dünyada.

 

Təsəlli lazım deyil,

Qalib gəlib qorxuya.

Vaxtı gəlib çatanda

Get əbədi yuxuya.

 

əllimin Ərəstun,

Ağ tük yoxkən başında.

Necə könüllü getdi

Altmış üç yaşında.

 

Axı özün şahidkən

Öz fövqəl-qüdrətinə.

Dözməlisən qaya tək

Ey Nicat, hər çətinə!

 

      *   *   *

Baxıram ağ çöllərə

Ürəyim xoşhallana.

Kişmiş ya da badam yox,

Yeyəm üzüm allana.

 

Elə bil ki, ölkədə

Siyasi zəlzələdir.

Zəlzələ bir an çəkir,

Bu da bir növ tələdir

 

Onunçün xalqın ahı

Qışın yağan qarıdır.

Şikayət məktubları

Xəzan yarpaqlarıdır.

 

İki məktub da yazdım,

Fatı nənəyə çatdı.

Oxudu, sonra cırıb

Zibil qabına atdı.

 

Ancaq biz yaşayırıq,

Allahın köməyilə.

Nicat Qulam oğlunun

Tükənməz əməyilə.

 

                   18.II.2011

 

                *   *   *