“Hər bir futbolçu Ronaldoya qarşı oynamaq istəyər” 

237
Mirabdulla Abbasov: “Belə vəziyyətdə oynamaq çox çətindir”

“Qrupumuzdakı rəqiblərin hər biri güclüdür. Bizim üçün çətin qrupdur. Amma öz komandamız da mübarizə apara biləcək gücdədir. Ümid edirəm ki, yaxşı oyun göstərib azarkeşlərimiz sevindirə biləcəyik”. Bu fikirləri “Report”a açıqlamasında Azərbaycan millisinin futbolçusu Mirabdulla Abbasov 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin püşkünü dəyərləndirərkən deyib.

25 yaşlı hücumçu Portuqaliya yığmasının A qrupunun aşkar favoriti olduğunu söyləyib. Abbasov portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldo barədə də danışıb: “Bu futboldur. Əvvəlcədən bilmək olmaz ki, hansı nəticələr qeydə alınacaq. Portuqaliyanın heyətində Ronaldo ilə üz-üzə gəlmək yaxşı hissdir. Düşünürəm ki, hər bir futbolçu bu hücumçuya qarşı oynamaq istəyər”.

Forvard seçmə mərhələnin sonunda hansı xalı toplayacaqları ilə bağlı proqnoz verməyin çətin olduğunu sözlərinə əlavə edib: “Bunu heç kim deyə və proqnoz verə bilməz. Çünki futbolda nəticələri öncədən bilmək olmur. Hər matçda əlimizdən gələni edəcəyik ki, maksimum xallar qazanaq. Bu seçmə mərhələdə özümüzü yaxşı tərəfdən göstərəcəyimizə inanıram”.

Qeyd edək ki, Azərbaycan millisi Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqla birlikdə A qrupunda mübarizə aparacaq.

Mirabdulla Abbasov Azərbaycan Premyer Liqasının koronavirusa rəğmən keçirilməsinə də münasibət bildirib: “Çempionatla bağlı qərarı futbolçular vermir. Bizim işimiz meydana çıxıb futbol oynamaqdır. Amma əlbəttə, belə vəziyyətdə oynamaq çox çətindir”.

25 yaşlı hücumçu bildirib ki, eyni çətinliyi bütün klublar yaşayır: “Pandemiya dövründə hamının, o cümlədən, məşqçilər və futbolçuların işi ikiqat artır. Məşqçilər oyunçuları həftəiçi hazırlaşdırır, sonra isə bəzi testlər müsbət olur və futbolçu meydana çıxa bilmir. Hazırda çox ağır dönəmdir, amma əlimizdən gələn bir şey yoxdur. Bu, pandemiya dövründə normal haldır”.

Bir müddət öncə koronavirusdan sağalan forvard xəstəliyi simptomsuz keçirdiyini sözlərinə əlavə edib: “2-3 gün temperaturum qalxmışdı. Günlər keçdikcə isə bütün simptomları hiss edirdim. Xəstəliyi çətin keçirdiyimi deyə bilmərəm. Lakin daha sonra məşqlərə başlayanda çətinlik yaşadım. Çünki bu xəstəlik adamı çox formadan salır”.