Həqiqətpərvərlik

96

Allahverdi anti-həqiqətpərəstlər ordusunun ən alicənabıdır. İndi gör Anar və Elçinlərin içində necə nəhəng antihəqiqətlər hegemonluq edir…

Əzizim Allahverdi! Sən öz daxili mahiyyətinə və xüsusiyyətinə qalib gəldin! Bunu mənə həsr etdiyin essenin axırında özün də etiraf edirsən və mən səni bu qələbə münasibəti ilə təbrik edirəm! Çünki insanın ən böyük qələbəsi onun özü üzərində çaldığı qələbə hesab olunur.

Keçək əsl mətləbə. Müasir Azərbaycanın elmi-yaradıcılıq və mənəvi aləmində ya həqiqət tamamilə yoxdur, ya da cüzidir. Və əlbəttə təvazökarlıqdan uzad olsa da, 50 cildlik külliyyatımdakı həqiqətləri nəzərə almasaq. Tək-təklərin yaratdıqlarında kiçik və dayaz cücərtilər sözsüz ki, var. Lakin sistem yoxdur və Azərbaycanın demək olar ki, bütün bədii yaradıcılıq potensialı sanki hansısa qüdrətli bir əlin işarəsilə elə deformasiyaya uğrayıb ki, dünya üçün sanki heç belə bir şey yoxdur. Halbuki 150 il qabaq yaradıcılarımızın sayı cəmi beş-altı imzası olarkən bu ədəbiyyatın nümunələri sərhədlərimizdən çox-çox uzaqlarda çap olunub hətta şöhrət qazanırdı.

İndi isə şanlı Anarın rəhbərliyi altında Yazıçılar Birliyinin mindən çox üzvü olsa da, heç birinin yaratdığı necə deyərlər, dünya standartlarından aşağıdır. Filolqlara, tənqidçilərə, ədəbiyyatşünaslara, publisistlərə və hətta müxtəlif partiyaların xadimlərinə gədikdə isə xüsusilə onların mərkəzləşdirdiyi AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutu və başqa universitetlərin doktor və professorları neçə illərdir ki, bəziləri üçün külliyyat çap etdirməklə məşğuldurlar.

Mənzərə bu cür acınacaqlı şəkildədir. Belə olan yerdə hansı həqiqətlərdən danışmaq olar?

Təbii aləmdə qəribə işlər var. İki kəpənəklər bir-birinə rast gələndə erkək və dişidirsə dərhal qovuşur və sonra beləcə bir-birlərinin adını belə, soruşmadan (onsuz da adları yoxdur) hərəsi bir yana uçub gedir. Sonra dişi kəpənək gedib hardasa xəlvəti bir kol dibində yumurtalarını (tırtıllarını) gizlədib daha nə olacağı ilə qətiyyən maraqlanmır. Çünki bilir ki sonrasını sonrasının qayğısını təbiət çəkəcək. İnsan və heyvanlarda isə belə deyil. Kəpənəklərdən sayca qat-qat az olan varislərin qayğısını təbiət tamamilə erkəklə dişinin öhdəsinə buraxır. Bu ağır və çətin missiya loru dildə desək, ana və xüsusilə atanın demək olar ki həyat amalına çevrilir. Burada təbiətin hökmündən çox nadir hallarda imtina edənlər tapılır.

Beləliklə insan artıq başqalarının həyatı üçün də cavabdehdir. Və bu cavabdehlik naminə çox vaxt mənəvi normaların əksinə hərəkət edir. Üstəlik əgər məsələn,  hər hansı bir almana və ya fransıza hər hansı bir məbləğ həqiqət əleyhinə şahidlik təklif olunrsa, çox böyük ehtimalla onlar bu təklifi rədd edirlər. Bizdə isə beləsinə rast gəlmək ağ fil kimi nadir və qeyri-mümkün bir hadisə ola bilər. Kəpənəklərə gəldikdə isə – gözünüz aydın, ölkəmizdə çaylar və meşələr artıq tamamilə yararsız hala, meşələr isə qırılıb qurtardığına görə demək ki, kəpənək, iynəcələrin və cırcıramaların kökü kəsilmişdir. Əbəttə,  kələm kəpənəyindən başqa.

Qayıdaq insan adlanan bu “humanist” yırtıcıların daxili xüsusiyyətlərinin hegemonuna. Bu hegemonluq bütün xalqların nümayəndələrində olub nəzərə çarpır. Bəzilərində o mənəvi prinsiplərin nümayəndəsinə məxsusdur. Yəni həqiqət, ədalət, şərəf və vicdan mahiyyətlərinin cəmləşdiyi xüsusiyyətdir. Xüsusilə daxili xüsusiyyətlərin hegemonluğunda azadlıq hissi aparıcı qüvvədir. Bizdə isə bütün qələm sahiblərində mənfi prinsiplərin hegemonluğu tüğyan edir. Bizdə heç bir qələm əhli dostunun, həmkarının nəinki uğurlarına sevinmir, əksinə nifrət şəklində daxilində ağır bir yük kimi daşıyır. Nitşe əbəs yerə yazmırdı ki, dost odur ki, nəinki sənin səhvlərini, hətta uğurlarını belə bağışlasın, yəni həzm edə bilsin. Dünyada bizim üçün, bizimkilər üçün  bundan çətin heç nə yoxdur. Təbiətən xeyirxah və idrakca bəsirətli və realist dostum Allahverdi Eminov  500 səhifəlik kitabında bircə dərin və mənalı misra olmayan Ramiz Rövşənə həvəslə, ləzzətlə üç qəzet səhifəsi həcmində  mədhnamə həsr edir. Çünki bu onun üçün asandır və ona xələl gətirmir. Amma mənə həsr etdiyi bir səhifəlik yazısı isə, özünün qeyd etdiyi kimi, ona çox çətinliklə başa gəlib.  Çünki daxili hegemon buna imkan vermir. Fransız filosofu Klod Adrian Helvetsi əbəs yerə deməmişdi ki, “tərifə layiq olan adamı tərifləmək çox çətindir.” Allahverdi anti-həqiqətpərəstlər ordusunun ən alicənabıdır. İndi gör Anar və Elçinlərin içində necə nəhəng antihəqiqətlər hegemonluq edir.

Ədəbiyyat, elm və ictimai fikir meydanında heç vaxt gələcək nəzərə alınmır. Heç vaxt nəzərə alınmır ki, aşağısı 50 və ya 100 il sonra hərə öz kreslosunda və stulunda oturdulacaq. Görünür siyasət meydanında olduğu kimi  yaradıcı aləmdə də yalnız və yalnız bu günün münasibətləri üstünlük təşkil edir. Burada gələcəyə əhəmiyyət verməyənlər bəlkə də haqlıdırlar. Şəxsən mənim üçün  ölümdən sonrakı taleyim maraqlı deyil. Çünki ölümdən sonrakı mövcudluğa heç cür inana bilmirəm (Epikurizm). Heç cür təsəvvür edə bilmirəm ki, ruh deyilən anlayışın uzun müddətli mövcudluğu var. Çünki ruh hansı şəkildə olursa-olsun, bir enerji toplumu kimi əbədi mövcud ola bilməz. Dünyada nə varsa enerjinin formalarının birinə aiddir və o bir topa tüstü, alov və ya sadəcə hava kimi bir şey olmalıdır. Həmin hava topasının düşünə bilməsi hansı şəkildə mümkündür?

Təbiət milyon illər gərgin fəaliyyət nəticəsində düşünmək qabiliyyəti olan beyni ixtira etmişdir. Onda bəs qarışqa? Cəmi 0,1 qram çəkisi olan qarışqanın beyni varsa o nə qədərdir?  Nöqtədən də qat-qat kiçik və heç gözlə də görünə bilmir. Amma bu kiçik varlığın hərəkət və rəftarında nə qədər sağlam düşüncə hiss olunur. Deməli, düşünmək üçün neyronlarsız da keçinmək olar. Əlbəttə onların xüsusilə bir xüsusiyyəti  heyrətamizdir.  Məsələ bundadır ki, qarşıqanın ən ali məqsədi hardasa bir şirniyyat mənbəyi tapıb doyunca yeyərək ölməkdir. Və bunu mən demək olar ki, hər gün evdə müşahidə edirəm.  Ona görə gələcəyə əhəmiyyət verməyib bu gün ilə yaşayanlar bəlkə də haqlıdırlar. Mən isə  heç cür həqiqətpərvərliyə arxa bilmirəm ki, bilmirəm. Ona görə yox ki, adlarını çəkdiyim cənablar kimi rütbə və dərəcələrin, orden və ya titulların zərrə qədər də həvəsində deyiləm. Ona görə ki, dolanışığımız ən elementar tələblərə də cavab vermir. Və məhəllədə nisyə nəsə almadığımız market, mağaza yoxdur.

 

Əlisa  NİCAT