Həqiqətin və prinsiplərin faydasızlığı

42

Yaş ötdükcə həyatda asanlıqla əldə edə biləcəyim qazancların həqiqət və prinsiplər naminə itirilməsi adamı hey düşündürür. Açıq-aşkar həqiqətlərin əksinə və inkarına səs verənlərin cəh-cəlallı həyatı istər-istəməz adamı düşündürür. Küçə marketlərindən demək olar ki, hər şeyi nisyə alırıq. Əlbəttə, çörəkdən başqa. Deməli, dünyada heç nə yoxumdur və  səbrli və bəsirətli arvadımdan və öz sadə dünyasında yaşayan oğlumdan başqa heç kimim də yoxdur. 27 cildi çap olunan və 23  cildi çapını gözləyən əsərlərim, eyni zamanda bir neçə yüz oxucum və ad günlərimdə məni təbrik edən 10-15 nəfər ən yaxın dostlarım məni xalqımızla bağlayır.

Dünyaya tamaşa etdiyim bu 75 ildə  ZƏRURƏTİN mənə bəxş etdiyi həyat dərsləri və həqiqətləri ki, beynimə yazılıb, onların da cəmi-cümlətanı 100-ə yaxın alıcısı var. Ona görə xalqın sevimlisi olmaq bədbəxtliyindən uzağam. Kitablarımın da demək olar ki, ən inadkar və sadiq oxucusu tək özüməm. Çünki boynumuza alaq ki, bu minlərlə böyük-kiçik yazıların qapıları kütlələrin üzünə bağlıdır. Ümumiyyətlə insan tək gəlir və tək də gedir. Yalnız nadir hallarda məhəbbət aləmindən qadınlar sevgililəri ilə qoşa gedirlər.

Məsələ ondadır ki, mənim uzun illərin saysız-hesabsız yaradıcıların əsərlərini götür-qoydan sonra müəllim və tərbiyəçim kimi iki mütəfəkkir üstündə dayandım.  Nitşe və Kafka.

Məsələn, əlbəttə onların prizmasından acı və qorxunc həqiqətlərdən Oksfordda, Sorbonnada saatlarla və hətta günlərlə mühazirələr oxuyar, çıxlar edə və dinləyiciləri qulaq asmağa məcbur edə bilərəm. Əlbəttə, bu da artıq gecdir. Çünki onun üçün yaxşı olardı ki, ingilis və fransızcanı mükəmməl biləsən. Lakin onlar bir növ, biz bir növ, mən özüm də başqa – üçüncü bir növ adamam. Növ deyirəm ha… Çünki mən bu ölkədə başqa bir növün nümayəndəsiyəm. Və gəldiyim nəticə də odur ki, nəinki insanların həyatının, hətta kainatların mahiyyətcə heç bir mahiyyəti yoxdur.

Bizdə bütün məşhurlar mənə düşməndir. Çünki buna bir az da özüm səbəb olmuşam. Və peşiman deyiləm də. Hətta bunu ən böyük nailiyyətlərimdən biri hesab edirəm. Çünki bunun səbəbini də bilirəm. Təvazökarlıqdan uzaq olsa da bu səbəbin bir tərəfini açıqlamaq istəyirəm. Sizə təqribən beş il qabaq haqqımda internetdə çap olunan bu tip çoxlu yazılardan birini  təqdim etmək istəyirəm. Təkrar edirəm, bəndəniz  haqqında bu cür yazılar az qala onlarladır. Ölkəmizin başqa qələm sahibləri haqqında da bilmirəm belə yazılar yazılıb, ya yox. Amma mənim haqqımda çox yazılıb. Və bu, tutduğum yolun düz olduğunu bir daha təsdiq edir:

  “ Əlisa Nicatı bir filosof və yazıçı kimi oxuyur, bəyənirdim amma heç vaxt real həyatda görməmişdim. Nəhayət bu adamı real görmək şərəfinə nail ola bildim. İlk görünüşdən Əlisa müəllim çox kasıb  bir görünüş bağışlayır: köhnə paltar, daranmamış saçlar… Və sonra danşmağa başladı. Bu qədər böyüklüklə il dəfəydi rastlaşırdım. Kitablarda dai insanların fikrini oxumuşdum, amma ilk dəfəydi ki, bir dahini canlı görürdüm. Ağzından çıxan hər kəlməsi qızıl bərabərindəydi. Mən anladım, Əlisa müəllim kasıb deyil, o Azərbaycanın ən varlı adamıdır. Onun varı özüdür, daxilidir. Əlisa müəllimin bahalı ayaqqabısı, brend geyimi, göz oxşayan evi yoxdur, onun 72 kitabı var. Əlisa müəllim 79 illik ömründə 72 kitab yazıb bizim üçün…  Əlisa müəllimin heç nəyi yoxdur, amma Azərbaycana onun qədər böyük hədiyyəni heç kəs verməyib. O bizə nə dəyərli şeyi,  böyük düşüncəni hədiyyə etdi. Bunun üçün bütün ömrü boyu yazıçılar ittifaqından aldığı birotaqlı evini satıb. Sırf kitabları nəşr edilsin deyə. Əlisa müəlim bu qədər böyük ürəyə sahib insandır. Əlisa Nicat göz oxşayan, dəbdəbəli müğənnilər kimi bu günün adamı deyil, Əlisa nİcat gələcəyin adamıdır. Lazımsız müğənnilərdən heç nə qalmazkən, gələcək nəsil fəxr edərək bu sözləri deyəcək:  “Mən Əlisa Nicatın ölkəsindənəm”.

Bu adamı və bu cür yazılar yazan başqalarını mən tanımamışam. Heç bir kontaktım olmayıb və yadınıza salıram ki, mənim heç bir vəzifəm, yuxarılarda böyük vəzifələrdə işləyən heç bir qohum-qardaşım, kimlərəsə təmtəraqlı qonaqlıq vermək imkanım yoxdur və heç zaman da olmayıb. Mən bu adamların çoxuyla heç sonralar da görüşməmişəm və onlara heç təşəkkür də etməmişəm. Halbuki məsələn, Anar kimisinə bir balaca tərif yazan, məsələn Ramiz Rövşən kimi onu böyük yazıçı adlandıranları AYB-nin sədri nəinki min cür hədiyyələr, hətta “xalq şairi” kimi titullar hədiyyə edir.

 

Əlisa  NİCAT