Hələ bir çox korrupsioner məmurların həbsi gözlənilir

84

Məhəmməd Əsədullazadə: “Bütün icra başçıları dəyişdirilməlidir və post-pandemiya dövrünə yeni kadrlarla getmək lazımdır”

Natiq Cəfərli: “Problem icra başçısında deyil, sistemdə, icra hakimiyyətinə yüklənən nəzarətsiz gücdədir”

“Təcili Konstitusiya islahatları həyata keçirilib yerli özünüidarə institutları yaradılmalı, seçkili mer institutu təsis edilməli, ümumiyyətlə idarəetmə islahatları sürətlə aparılmalı, parlamentin və hökumətin həm məsuliyyəti, həm də səlahiyyəti artırılmalıdır”

Son dövrlər ayrı-ayrı məmurlar, əsasən də icra başçıları işlərində yol verdikləri çoxsaylı nöqsanlara, qanun pozuntularına, vətəndaşlar tərəfindən müvafiq qurumlara edilən şikayətlərə əsasən hüquq-mühafizə orqanlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yaxalanıb. Misal kimi, Ağstafanın keçmiş icra başçısı Nizaməddin Quliyevi, onun müavini Ramiz Tatarovu, Yevlaxın keçmiş icra başçısı Qoca Səmədovu, Neftçala Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevi və bugünlərdə saxlanılan Biləsuvar Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Mahir Quliyevi göstərmək olar. Onu da qeyd edək ki, partiya sədrləri, siyasi şərhçilər, ekspertlər və hüquqşünasların fikrincə, korrupsiya ilə mübarizə istiqamətində başlanılan həbs dalğası hələ bir çox məmurları isti kreslolarından edib onları dəmir barmaqlıqlar arxasına yollayacaq.

“İcra başçısı sistemi səmərəsiz və dövlətlə xalq arasında uçurum yaradan sistemdir”

Dörd günlük müharibə Ermənistanın hərbi-siyasi sisteminin laxlatdı ...

“Hürriyyət” xəbər verir ki, bununla bağlı mövqeyini bölüşən Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, bu günədək bir sıra icra başçılarının dövlət vəsaitini mənimsəmədə ittiham edilərək həbs edilməsi görünür, digərlərinə dərs olmayıb: “Biləsuvar rayonun icra başçısının həbsi bunu bir daha göstərdi. Bunları arxayın edən hansı faktordur ki, bu qədər sərbəstdilər? Qeyd edim ki, bu həbs yenə də digərləri üçün dərs olmayacaq. Neçə illərdir, yerini möhkəmləndirən icra başçıları var ki, eyni əməli davam etdirirlər. Dövlət başçısının dəfələrlə icra başçılarına xəbərdarlıq etməsinə baxmayaraq, bu kimi halların davam etməsi göstərir ki, bütün icra başçıları dəyişdirilməlidir və post-pandemiya dövrünə yeni kadrlarla getmək lazımdır. Hazırda Bakıda yoxlanılıb həbs olunmalı neçə başçısı var?!” Politoloq hesab edir ki, prezidentin bu istiqamətdə cəza mexanizmi bürokratik əngəli və xalqa qarşı olan belə şəxslərin aradan qaldırılmasına zəmin yaradacaq: “Ümumiyyətlə, icra başçısı sistemi səmərəsiz və dövlətlə xalq arasında uçurum yaradan bir sistemdir. Düşünürəm ki, bələdiyyələrin səlahiyyətlərinin artırılmasına və bu istiqamətdə ciddi islahtaların aparılmasına ehtiyac var. Çünki bunlar o qədər azğınlaşıblar ki, kasıb təbəqə üçün ayrılan vəsaiti mənimsəyir, dövlətin sosial siyasətini sabotaj edirlər”.

“Biz həmişə deyirdik ki, ümumiyyətlə icra başçısı institutu ləğv edilməlidir”

Natiq Cəfərli: “Venesuellada baş verənlər netf bazarına təsir edəcək”

Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərli isə bu qənaətdədir ki, uzun illərdir, həm iqtidar, həm də müxalifətin bir hissəsi problemlərin sistemli olduğunu, sistemdən qaynaqlandığını anlamaq, bu haqda danışmaq istəmirlər: “REAL yaranan gündən “sistem” sözünü işlətdiyinə görə tənələrə, tənqidlərə məruz qalıb, hətta lətifələr də qoşulub. Halbuki, biz həmişə problemlərin kökünü göstərmişik. Və nə qəribədir ki, o vaxt bizə vedrə bağlayanlar bu gün artıq müsahibələrində sistem problemlərindən danışırlar. Həm iqtidar, həm müxalifətin bir hissəsi illərdir “yaxşı oğlan” axtarışındadırlar, iqtidar problemlərə “flan icra başçısı pisdir, yaxşı oğlan tapıb ora təyin edəcəyik – hər şey düzələcək” yanaşması göstərirdi, müxalifən bir hissəsi isə “iqtidarın təyin etdiyi icra başçısı pisdir – biz təyin edən yaxşı olacaq” prinsipi ilə məsələlərə yanaşırdılar. Biz isə ilk gündən deyirik ki, yaxşı və ya pis icara başçısı olmur, doğru və ya səhv sistem olur. Biz həmişə deyirdik ki, ümumiyyətlə icra başçısı institutu ləğv edilməlidir. Hətta bunun yollarını da 2013-də yazmışıq. Yəni, biz “yaxşı və ya pis insan” yanaşmasından uzaq olub həmişə sistemin dəyişməsindən yana olmuşuq”.

“Təyin olunmuşlar həmişə təyin edənin, seçilmişlər isə seçicilərin qarşısında məsuliyyətli olmağa çalışacaq”

Problemin A, B və ya C rayonunun icra başçısında deyil, məhz sistemdə, icra hakimiyyətinə yüklənən nəzarətsiz gücdə olduğunu vurğulayan politoloqun fikrincə, təyin olunmuşlar həmişə təyin edənin, seçilmişlər isə seçicilərin qarşısında məsuliyyətli olmağa çalışacaq: “Bu, əsrlərin sınağından çıxmış yoldur. Daha bir məsələ isə icra başçılarının, ümumiyyətlə, məmurların maaşlarındadır. Çox aşağı rəsmi maaşları var. Sanki dövlət deyir ki, bilirəm bu maaşla dolanmayacaqsan, bu qədər səlahiyyət verirəm, get çap-tala və qazan! Məsələn, Biləsuvarın icra başçısının maaşı 1045 manatdır, vergisini və sosial müdafiəyə ödənişlərini çıxanda yerdə 800 manatdan bir az çox pul qalır. Hansı icra başçısı 800 manata dolana bilər və ya dolanır?! İstənilən rayonun və şəhərin icra başçısının yaşayışına, maşınına, dolanışığına baxın, görəcəksiniz ki, heç birinin maaşla dolanmadığı aşkar görünür. Yaxşı, indi DTX bütün icra başçılarını həbs etsin?! Olmur axı belə, birdəfəlik məsələ kökündən həll edilməlidir. Bunun üçün təcili Konstitusiya islahatları həyata keçirilib yerli özünüidarə institutları yaradılmalı, seçkili mer institutu təsis edilməli, ümumiyyətlə idarəetmə islahatları sürətlə aparılmalı, parlamentin və hökumətin həm məsuliyyəti, həm də səlahiyyəti artırılmalıdır. Yeni Konstitusiyaya keçici bölüm əlavə edilərək 5 il müddədində parlament respublikasına keçidlə bağlı addımlar da yazılmalıdır. İslahat, məsələlərə sistemli yanaşma məhz belə olur”.

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org