Həftə sonları köşklərin bağlı olması qəzetlərin satışına təsir edib

186

Müşfiq Ələsgərli: “Təkcə Azərbaycanda deyil, dünyanın müxtəlif yerlərində bu cür problemlər yaranır»

“Ümid edək ki, bu dəfə də yaranmış anlaşılmazlıq həllini tapacaqdır”

Mövcud pandemiyanın yaratdığı şəraitdən dolayı, ölkədə karantin rejimi tətbiq edilir. Pandemiya dövründə ən çox ziyan çəkən sahələrdən biri də çap mediasıdır. Nazirlər Kabineti sərt karantin rejimində həftə sonları bir sıra iş sahələrinə qadağa tətbiq edib. Belə ki, həftə sonları çapdan çıxan qəzetlər köşklərin bağlı olduğu səbəbindən satışı həyata keçirilə bilmir.

Mətbuat Şurasının idarə heyətinin üzvü, Jurnalist Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli “Hürriyyət”ə açıqlamasında mövcud problemlə bağlı dövlət qurumlarıyla əlaqə yaradılacağını və ortadakı anlaşılmazlığın aradan qaldırılması üçün çalışacaqlarını bildirib:

“Təkcə Azərbaycanda deyil, dünyanın müxtəlif yerlərində bu cür problemlər yaranır. Beynəlxalq Jurnalistlər Federasiyasının hesablamalarına görə, kütləvi informasiya vasitələri arasında ən çox ziyan görən sahə çap mediasıdır. Yəni qəzetlər və jurnallar daha çox ziyan çəkib. Artıq bu qlobal problemə çevrilib. Məlumat üçün qeyd edim ki, Beynəlxalq Jurnalistlər Federasiyası sözügedən problemin qarşısını almaqdan ötrü, beynəlxalq platforma yaradıb. Platformanın adı “keyfiyyətli jurnalistikanın qorunması uğrunda” gedir. Məqsəd pandemiya dövründə kütləvi informasiya vasitələrinin rastlaşdıqları problemlərin aradan qaldırılması üçün müəyyən tədbirlər hazırlamaqdır. Bu baxımdan, təşkilatın müəyyən təklifləri də var. Təkliflər sırasında göstərilir ki, hazırkı dönəmdə ən çox ziyan çəkən KİV sahəsidir və onların da arasında çap mediasıdır. Hətta müəyyən hesablamar da aparılıb. Dünya kütləvi informasiya vasitələrinin təqribən dörddə bir hissəsi öz fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb. İlkin qərarlardan biri də odur ki, dövlətlər bu dövrdə çap mediasında yaranan problemləri aradan qaldırılması üçün tədbirlər görməlidir. Azərbaycan dövləti uzun illərdir ki, çap medianın qorunması üçün müəyyən tədbirlər həyata keçirdir. Hazırkı durumda isə yardımların artırılması və satışın bərpa olunmasıyla bağlı məsələləri normallaşdırmaq olar. Yayım prosesinin dayandırılması da ciddi problemlərdəndir. Bu məsələni, yayım firmaları və qəzetlər də qaldırıblar. Mətbuat Şurasının sədri Əflatun Amaşov da bununla bağlı açıqlama yayıb. O, açıqlamada bu sahədə problemin olduğunu da qeyd edib.

Karantin dövründə KİV-lərin fəaliyyətinə icazə verilir. KİV-in fəaliyyətinə icazə verilsə də, lakin KİV məhsullarının yayılmasında isə problem yaranır. Əflatun Amaşov yaydığı açıqlamasında mövcud problemlə bağlı dövlət qurumlarıyla əlaqə yaradılacağını və ortadakı anlaşılmazlığın aradan qaldırılması üçün çalışacağını bildirib. Qeyd edim ki, pandemiya dövründə yaranmış problem təkcə bundan ibarət deyil. Bilirsiniz ki, pandemiyanın ilk dövrlərində sərbəst fəaliyyət göstərən jurnalistlərin fəaliyyətiylə bağlı da müəyyən problemlər yaranmışdı. Mətbuat Şurası müəyyən qurumlarla məsələylə bağlı danışıqlar apararaq, problemin həll olunmasına nail oldu. Ümid edək ki, bu dəfə də yaranmış anlaşılmazlıq həllini tapacaqdır”.

YƏHYA