“Hədəflərimizi yüksək tutmalıyıq” 

243

Azərbaycan millisinin və “Sabah” klubunun futbolçusu Bəhlul Mustafazadənin “Report”a müsahibəsini sizlərə təqdim edirik.

– Dünya çempionatının seçmə mərhələsində Serbiya, İrlandiya, Portuqaliya və Lüksemburq rəqib oldunuz. Püşkün nəticəsini necə dəyərləndirirsiniz?

– Fikrimcə, maraqlı qrupdur. Portuqaliya hazırda Avropanın ən güclü komandalarındandır. Ancaq digər rəqiblər də yaxşı yığmalardır. Bu komandalarla müxtəlif vaxtlarda üz-üzə gelmişik. Yalnız İrlandiya bizim uçün yenidir. Bizi qarşıda maraqlı oyunlar gözləyir. Əlimizdən gələni edəcəyik ki, matçlarımızdan müsbət nəticə ilə ayrılaq.

– Qrupda ən arzuolunmaz rəqib hansıdır və nəyə görə?

– Əlbəttə, Portuqaliya. Amma bundan əvvəl də qeyd etdiyim kimi qrupdakı diger komandalar da yüksək səviyyədə futbol oynamağı bacaran kollektivlərdir.

– 4 rəqibdən 3-ü ilə əvvəl qarşılaşmışıq. Onların gücünü hardasa bilirik. Yalnız İrlandiya ilə oyun keçirməmişik. Bu rəqib barədə nə deyə bilərsiniz?

– İrlandiya haqqında məndə səthi məlumatlar xaricinde ciddi informasiya yoxdur. Artıq rəqiblərimizi bilirik və bu gündən məlumat toplamağa başlayacağıq.

– Azərbaycan qrupun ən zəif bəndi hesab olunur. Bu fikirlərlə razısınız?

– Bu fikirlə razı deyiləm. Məncə, qrupdaki bütün komandalara çetinlik yarada bilərik. Hədəflərimizi yüksək tutmalıyıq.

– Qrupun favoriti Portuqaliyadır. Heyətində Kriştiano Ronaldo kimi dünya ulduzu var. Siz də müdafiəçisiniz. Ona qarşı oynamaq əlavə motivasiya olacaq, yoxsa əlavə problem?

– Ronaldo oynadığı bütün rəqiblər üçün real problemdir. Mənim üçün onunla meydanda mübarizə aparmaq əlavə motivasiya olacaq.

– Millətlər Liqasında yığma yenilənmiş heyətlə mübarizə apardı. Çıxışınızı necə qiymətləndirirsiniz?

– Daha yaxşı çıxış edə bilərdik. Yenilənmiş heyətimiz var. Qarşıdakı turnirlərdə daha yaxşı komanda görəcəksiniz.

– Hazırkı komandanın potensialı seçmə mərhələdə neçənci yeri tutmağa imkan verir?

– Bu barədə nəsə demək çətindir. Əlimizdən gələni edəcəyik ki, seçmə mərhələni yaxşı nəticə ile başa vuraq.

– Koronavirusa görə çempionatda yenidən fasilə yarandı. İndiki halda yarışın davam etdirilməsinin, yoxsa dayandırılmasının tərəfdarısınız?

– Hamı üçün insan sağlamlığı hər şeydən önəmlidir. Nə qərar verilsə, razılaşmaqdan başqa yolumuz yoxdur. Ancaq şəxsən men çempionatın davam etdirilməsini istəyərdim. (Report)