“Həbs edilən icra başçılarının təqdimatını Ramiz Mehdiyev verib” – ASLAN İSMAYILOV

117

“Bakı və digər şəhər rayonlarının başçılarının da murdar əməlləri var”

“Özlərini YAP-çı adlandıranlar acgözlüklərindən YAP-ı yaradan Heydər Əliyevin saldığı bütün parkları da məhv etdilər”

“Bəziləri o qədər həyasız, acgöz oldular ki, ilk xəbərdarlıqdan – Ağstafanın icra başçısının həbsindən sonra da öz əməllərindən əl çəkmədilər”

“Biləsuvar İcra Hakimiyyətinin başçısı Mahir Quliyev həbs edildi. Əlbəttə, bu addımı alqışlayıram”. “Hürriyyət” xəbər verir ki, belə bir açıqlamayla tanınmış hüquqşünas Aslan İsmayılov çıxış edib. O hesab edir ki, bu həbs bütün harınlamış icra başçıları üçün növbəti dərs olacaq: “Anlayacaqlar ki, vəzifələri başçılıq etdikləri rayonlarda insanların yaşayışını yaxşılaşdırmaqdır. Bunun üçün isə birinci növbədə görüləcək iş rayonlarda onsuz da güclə fəaliyyət göstərən sahibkarlığın inkişafına mane olmamaqdır”.

“Tamahlarının razmeri olmayanlar məktəblərin həyətlərində olan futbol meydançalarını, hündürmərtəbəli evlərin arasında yerləşən uşaq meydançalarını, istirahət zonalarını da dədə-malı kimi mənimsədilər”

Bu günə qədər bunun tam əksi olduğunu deyən hüquqşünasın sözlərinə görə, hər gələn icra başçısı rayonda fəaliyyət göstərən bütün sahibkarlıq obyektlərini ya zorla alıb, ya şərik olub, yaxud da “tasa oturdub”. Aslan İsmayılovun fikrincə, məhz buna görə regionlar boşalıb və insanlar Bakıya axışıb: “Azərbaycan az qala şəhər-dövlətə çevrilib. Kənd rayonlarında torpaqlar başçılar, onların qohumları, yaxınları tərəfindən zəbt edildiyindən otlaq sahələri ərşə çəkilib, maldarlıq-heyvandarlıq məhv olub. Onlara məxsus olmayan əkin sahələri isə suya çıxışın ancaq başçı və qohum-əqrabasına məxsus olduğundan quraqlıqdan məhv olub. Bakı və digər şəhər rayonlarının başçılarının da murdar əməlləri var. Onlar fəaliyyətdə olan biznes sahələri ilə yuxarıda yazdığım kimi davranmaqdan əlavə, həmin ərazidə olan yaşıllıqları məhv edib yaşayış massivlərinə, ticarət obyektlərinə çeviriblər. Özlərini YAP-çı adlandıranlar acgözlüklərindən YAP-ı yaradan Heydər Əliyevin saldığı bütün parkları da məhv etdilər. Tamahlarının razmeri olmayanlar isə məktəblərin həyətlərində olan futbol meydançalarını, hündürmərtəbəli evlərin arasında yerləşən uşaq meydançalarını, istirahət zonalarını da dədə-malı kimi mənimsədilər. Bəziləri o qədər həyasız, acgöz oldular ki, ilk xəbərdarlıqdan – Ağstafanın icra başçısının həbsindən sonra da öz əməllərindən əl çəkmədilər. Eşidəndə, görəndə ki, bu əclaflar səfalət içində yaşayan insanların artıq acından ölməməsi üçün ayrılan pulları, koronavirus dövrü ac insanlara paylanan qida məhsullarına da göz tikiblər, ibtidai icma adamı olub belələrinin dar ağacında asılmasını arzulayıram. Bu siyahını uzatmaq da olar”.

“Demək, bunun yaxşı day-dayı olub, bunlardan biri qudası, Hacı İbrahim, digəri isə Cavid Qurbanovdur”

Aslan İsmayılov bildirib ki, Biləsuvarın icra başçısının həbsi başqa bir biabırçılığı da üzə çıxartdı. Onun sözlərinə görə, bəlli oldu ki, Azərbaycanda ofisiantlıqdan qısa zamanda icra başçısı da olmaq olarmış: “Əminəm ki, bu zad heç fərli ofisiant da olmayıb. Fərli ofisiant olsa, heç olmasa normal texnikum bitirmiş olardı. Bu isə savadsız, acgöz, insanlıqdan xəbəri olmayan, metro girişində saxta diplom almışın biridir. Aydındır ki, belə təsadüfi birisi Astara, ondan sonra da Biləsuvarın icra başçısı olub, həmin rayonları bərbad vəziyyətə salmazdı. Demək, bunun yaxşı day-dayı olub. Bu day-daylar isə bu gün də hamıya bəllidir. Bunlardan biri qudası, “dünya şöhrətli biznesmen” Hacı İbrahim, digəri isə daşdan pul çıxartmaq qabiliyyəti olan, həm AXC, həm də YAP hakimiyyətləri dövrü at oynadan, büdcənin anasını ağlatmaq üzrə aparıcı mütəxəssis sayılan Azərbaycan Dəmiryolu İdarəsinin rəisi Cavid Qurbanovdur. İndi normalda həmin şəxslər və bu bəlanın sənədlərini təyinat üçün prezidentə təqdim edən bütün şəxslər məsuliyyətə alınmalıdırlar. Bax, ancaq belə halda əminliklə islahatdan danışa bilərik. İndi isə son 20 illik idarəetməni xatırlayıb buna da şükür edirəm.

Prezidentə icra başçılarını təqdim edənlərdən söhbət düşmüşkən bir məqama da toxunmalıyam. Bu çıxarışı diqqətlə oxuyun: “Rəhbərlik sahəsinə təsadüfi və ya siyasi idarəçilik sistemindən bixəbər funksionerin gəlməsi həm ölkə əhalisi üçün, həm də əcnəbi investorlar üçün ciddi problemlər yarada bilər. Hətta bu sistemə qoşulmuş yüksək təhsilli kadrın zəruri keyfiyyətləri yoxdursa (əgər həmin şəxs radikallıq, destruktivlik kimi sistemsiz keyfiyyətlərə malikdirsə), o, dövlət idarəçiliyi prinsiplərinə öz yanaşmalarını tətbiq edə bilər. Bu, inkişafın siyasi kursuna mənfi təsir göstərəcək. Bu isə həm arzuedilməz, həm də bütövlükdə yolverilməzdir”. Bu sözlər akademik Ramiz Mehdiyevin 11 dekabr 2019-cu il tarixli Administrasiya rəhbəri vəzifəsindən azad ediləndən sonra dərc edilən yazısındandır. Yazının sonunda isə akademik bu sözləri qeyd edir: “Burada şərh edilənlərin hamısı mənim Prezident Administrasiyasının rəhbəri vəzifəsində işlədiyim 16 il ərzində müşahidələrimin nəticəsidir”. Görünür “uzaqgörən” akademik həbs edilən başçını əvvəlcə Astaraya, ordan isə Biləsuvara icra hakimiyyəti rəhbəri göndərəndə bu kriteriyaları rəhbər tutubmuş. Sən demə 16 illik müşahidələrdən sonra R.Mehdiyev üçün yüksək ali təhsilin olması, dövlət-idarəçilik təcrübəsindən daha önəmli kriteriyalar var imiş. Misal üçün yeyib-içdiyi “Sahil” restoranında dadlı kabab bişirmək, süfrəyə yaxşı qulluq etmək, analoqu olmayan yaltaqlıq nümayiş etdirmək və s. Astara kimi İranla sərhəddə yerləşən, olduqca həssas rayona rəhbərliyi ali təhsili olmayan bir acgözə tapşıran akademik hansı kadr siyasətindən danışır?! Deyəcəksiniz ki, icra başçılarını prezident təyin edir. Bəli, doğru deyirsiz. Ancaq Sizə əminliklə deyirəm ki, həbs edilən icra başçılarının hamısının təqdimatını birbaşa Ramiz Mehdiyev verib”.

Valeh TÜRKSOY, Hurriyyet.org