Gürcüstanın yeni parlamentinə 9 partiya keçir…

27

Amma bəzi müxalif partiyalar deputat mandatlarından imtina edir

Gürcüstanın yeni X çağırış parlamentində 9 siyasi partiya təmsil olunacaq.

“Report”un yerli bürosu xəbər verir ki, “Gürcü Arzusu” Partiyasının qanunverici orqanda proporsional sistem üzrə seçilən 61 deputatı olacaq.

Hakim partiya 30 majoritar dairənin 14-də qalib gəldiyinə görə mandatlarının sayı 75-ə çatacaq.

Parlamentdə çoxluğunu təmin etmək və hökuməti formalaşdırmaq üçün “Gürcü Arzusu”na yalnız bir mandat tələb olunur. Bunun üçün partiyaya noyabrın 21-də keçiriləcək parlament seçkilərinin II turunda 16 majoritar dairənin birində səs çoxluğu qazanmaq kifayət edəcək.

Seçkilərin ilkin nəticələrinə əsasən, “Vahid Milli Hərəkat – Güc birlikdədir” seçki bloku 35, Avropalı Gürcüstan Partiyası 5, “Aqmaşenebeli strategiyası” siyasi birliyi 4, “Lelo” partiyası 4, “Vətənpərvərlər Alyansı” 4, “Qirçi” 4, “Vətəndaşlar – Aleko Elisaşvili” hərəkatı 2, Leyboristlər partiyası isə 1 mandat əldə edib.

Qeyd edək ki, yeni seçilən parlamentin ilk iclası dekabrın 20-dən gec olmayaraq keçirilməlidir.

Müxalifət partiyası mandatlardan imtina etdi

Bu arada, Gürcüstanın müxalif Avropalı Gürcüstan Partiyası parlament seçkilərində əldə etdiyi mandatlardan imtina edib.

Bu barədə partiyanın liderləri bildiriblər.

Müxalifət partiyası seçkiləri qeyri-legitim adlandıraraq II turda iştirak etməyəcəyini də açıqlayıb.

Qeyd edək ki, “Avropalı Gürcüstan” seçkilərdə 3,78% səs və 5 deputat mandatı əldə edib.

Deputat seçilən azərbaycanlıların sayı məlum oldu

Onu da qeyd edək ki, Gürcüstanda keçirilən parlament seçkilərində 3 azərbaycanlı namizəd qalib gəlib.

Onların 2-si – Zaur Darğallı və Savalan Mirzəyev hakim “Gürcü Arzusu” Partiyasından seçilib.

Z.Darğallı Marneuli-Qardabani dairəsi üzrə majoritar qaydada, S.Mirzəyev isə proporsional siyahı üzrə deputat mandatı əldə edib.

Qanunverici orqana keçən üçüncü azərbaycanlı Abdulla İsmayılovdur. O, “Vahid Milli Hərəkat – Güc birlikdədir” müxalif birliyin proporsional siyahısında 17-ci yerdə olub. A.İsmayılovun qanunverici orqanda təmsil olunub-olunmayacağı hələ məlum deyil. Belə ki, müxalif birlik seçkilərin qeyri-legitim olduğunu iddia edərək nəticələri tanımadığını bildirib.

Xatırladaq ki, Gürcüstanın öncəki parlamentində 4 azərbaycanlı deputat olub.

Hazırladı: KƏNAN