“Gürcüstanın sərhəddəki insidentə yanaşması Rusiyanın yanaşmasından fərqlənmir” – ELXAN ŞAHİNOĞLU

51

“Ukrayna birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”

“Gürcüstan prezidenti Salome Zurabişvili Ermənistan-Azərbaycan sərhədində yaşanan gərginliklə bağlı narahatlığını bu sözlərlə ifadə edib. “Bu gün biz hamımız görünməz düşmənə qarşı vuruşarkən beynəlxalq həmrəylik və qlobal stabilliyin saxlanılması olduqca önəmlidir. Regionumuzda sülh və təhlükəsizlik Gürcüstanın gələcək inkişafı baxımından, həmçinin bizim dost və tərəfdaş ölkələrimiz -Ermənistan və Azərbaycan üçün vacibdir”. Hurriyyet.org xəbər verir ki, bu barədə “Atlas”Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu qeyd edib.

 Şahinoğlu nəzərə çatdırıb ki, bu da Ukrayna Xarici İşlər Nazirliyinin yaydığı bəyanatdakı cümlələrdir:  “Ukrayna münaqişənin sülh yolu ilə, beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarıdır. Münaqişə tərəflərini BMT Təhlükəsizlik Şurasının 822,  853, 874 və 884 saylı qətnamələri əsasında bütün səylər göstərməyə çağırırıq. Ukrayna vəziyyətin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə hörmət əsasında siyasi yolla həll olunmasının tərəfdarıdır”.

“Azərbaycana məsafəcə Gürcüstan yaxın olsa da..”

Fərqin göz qabağında olduğunu vurğulayan Şahinoğlu diqqətə çatdırıb ki, Gürcüstan işğalçı ilə işğala məruz qalanla bərabərlik işarəsi qoyarkən, Ukrayna birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir: “Gürcüstanın sərhəddəki insidentə yanaşması Rusiyanın yanaşmasından fərqlənmir. Azərbaycana məsafəcə Gürcüstan yaxın olsa da, dəyərlərin paylaşması baxımından Ukrayna bizə daha yaxındır”.

Şamo EMİN, Hurriyyet.org