“Gürcüstanı qalmaqallı günlər gözləyir” – POLİTOLOQ

    12

    Qabil Hüseynli: “Bu seçki xalqın siyasi iradəsini əks etdirmir və nəticə etibarilə onun nəticələrini legitim saymaq olmaz”

    Əksər analitiklər tərəfindən Gürcüstanda keçirilən prezident seçkilərində “Güc Birlikdədir” koalisiyasının namizədi Qriqol Vaşadzenin prezident seçiləcəyi proqnozlaşdırılsa da, hakim “Gürcü Arzusu” Partiyasının dəstəklədiyi prezidentliyə müstəqil namizəd Salome Zurabaşvili Gürcüstanın prezidenti seçildi və ölkənin ilk qadın prezidenti kimi tarixə düşdü.

    Qeyd edək ki, Salome Zurabaşvili seçicilərin 59,56 faizinin səsini toplayıb, müxalifətdən olan namizəd Qriqol Vaşadze isə seçicilərin 40,44 faizinin səsini qazanıb.

    Məlumata görə, Zurabişvilini 1 milyon 146 min seçici, Vaşadzeni isə 778 min nəfər dəstəkləyib.

    Seçkiyə müstəqil namizəd kimi qatılan Salome Zurabaşvili Gürcüstan prezidenti seçilməsində “Gürcü Arzusu” Partiyası böyük rol oynadı. Belə ki, hazırkı iqtidar bütün inzibati resurslardan istifadə edərək, var gücü ilə Zurabişvilinin prezident olması üçün çalışdı. “Gürcü Arzusu” Partiyasının rəhbəri milyarder Bidzina İvanişvilinin pulları seçkiyə lazımi “töhvə” verdi, o cümlədən iqtidarın 600 min insanın bank borcunu bağlamaq vədi seçkinin taleyini həll etdi.

    Gürcüstanda Rusiya və Qərbin maraqları üst-üstə düşdüyünü nəzərə alsaq, bu seçkidə uduzan Qərb oldu. Rusiya isə belə demək olar ki, seçkinin nəticəsini bayram edir. Çünki 2012-ci ildən Gürcüstanda hakimiyyətə gələn “Gürcü arzusu” Partiyasının rəhbəri Bidzina İvanişvili Rusiyaya xidmət edən bir şəxs kimi tanınır. Məhz o baxımdan İvanişvlinin pullarının seçkiyə “dəstəyi” öz işini gördü. Əslində, bu seçkidə mübarizə aparan İvanişvili və Saakaşvili ideyalarıdır, Vaşadze və Zurabişvli bu ideyaları həyata keçirmək üçün seçilmiş şəxslərdir. İvanişvlinin ideyaları Rusiyaya, Saakaşvlinin ideyaları isə Qərbə bağlı olsa da, Qərb bu seçkidə lazımi dəstək göstərmədiyi üçün Rusiya ideyaları, xətti Gürcüstanda müəyyən zaman üçün yenə davam etməli olacaq. Əslində, Qərbin ciddi dəstəyi olsaydı, İvanişivlinin milyonları seçkinin nəticələrinə təsir edə bilməzdi. Hakimiyyətdə yenə Rusiyameylli qüvvələr qalsa da, bütün hallarda Gürcüstan üzünü Qərbə tutub.

    Amma buna rəğmən, ehtimal olunur ki, Rusiyameylli iqtidarın dəstəklədiyi S.Zurabişvilinin prezident seçilməsinə Qərbin razılığı olub. Çünki S.Zurabişvilinin seçilməsində hakim “Gürcü arzusu” Partiyasının rolu böyük olsa da, onun Gürcüstan prezidenti seçilməmişdən öncə Fransa vətəndaşı olması da mühüm rol oynaya bilərdi və bu baxımdan, Qərb Gürcüstanda keçirilən prezident seçkilərində müxalifətin namizədi olan Qriqol Vaşadzenin prezident seçilməsində maraqlı olmaya bilərdi. Çünki S.Zurabişvili Rusiyameylli hakim “Gürcü arzusu” Partiyasının dəstəyi ilə prezident seçilsə də, Qərb düşüncəli biridir. Hələ prezident səlahiyyətlərinin icrasına başladıqdan sonra onun İvanişvilin göstərişi ilə hərəkət edib-etməməsi də suallar doğurur.

    “Bu mübarizdə Rusiya qələbə çaldı”

    Картинки по запросу Qabil Hüseynli

    Gürcüstanda keçirilən prezident seçkiləri ilə bağlı keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli “Hürriyyət”ə dedi ki, seçkilərin saxtalaşdırıldığına əmindir: “Çünki müxtəlif seçki fırıldaqları olub. Bu seçki xalqın siyasi iradəsini əks etdirmir və nəticə etibarilə onun nəticələrini legitim saymaq olmaz. Əlbəttə ki, siyasi müxalifətin qələbəsi Gürcüstan xalqının arzularına daha yaxşı cavab verə bilərdi, amma bu, baş vermədi. Çünki işin başında duran adam Rusiya ilə ciddi əlaqəsi olan milyarder Bidzina İvanişvilidir. Orada səslərini çoxunun pulla alınması prosesi baş verib. Gürcüstanda Qərb və Rusiya arasında ciddi mübarizə gedirdi. Bu mübarizdə də görünür ki, Rusiya qələbə çaldı”.

    “Bülletenləri topa-topa seçki qutularına atıblar”

    “Qərbin Gürcüstanda uduzmasının səbəbləri nədir” sualını cavablandıran Q. Hüseynli qeyd etdi: “Əgər 600 min seçici Zurabişiviliyə səs verəcəyi təqdirdə onların bank borclarının ödənəcəyi öhdəlik götürülsə, 600 min nəfər az deyil… Seçki məntəqələrində səslərin birinin 50 laridən satın alınması praktikası da geniş yayılmışdı. Həm də müxalifətin müşahidəçi nümayəndələri olmayan yerlərdə seçkidə iştirak etməyən adamların əvəzinə, bülletenləri topa-topa seçki qutularına atıblar. Yəni kütləvi saxtakarlıq, seçki məcəlləsinin pozulması, ondan sonra, müxalifətin nümayəndələrinə qarşı şantaj elementlərinin olması seçkidə məğlubiyyətin başlıca səbəbləridir”.

    “Gürcüstanda Rusiyanın mövqelərinin tam güclənməsi çətindir”

    Q.Hüseynlinin fikrincə, bundan sonra Gürcüstanla Rusiyanın münasibətləri müəyyən qədər güclənəcək: “Amma mən güman etmirəm ki, Rusiyanın bütün arzularını, istəklərini həyata keçirmək mümkün olsun. Çünki gürcü xalqı buna imkan verməz. Rusiya əgər Gürcüstanı parçalayıbsa, onun ərazilərinin bir hissəsinin ilhaq edibsə, ölkədə Rusiyanın mövqelərinin tam güclənməsi çətindir. Amma müəyyən ticarət əlaqələri, münasibətlər qaydasına düşə bilər”.

    “Saakaşvili ölkədə olsaydı, münasibətlər başqa cür ola bilərdi”

    Q.Hüseynli hesab edir ki, Zurabişvili hakimyyətə gəlsə də, Gürcüstan Qərbdən uzaqlaşmayacaq: “Gürcüstan NATO-ya qəbul edilmək uğrunda mübarizə aparır. Artıq NATO-nun bəzi strukturları Gürcüstanın ərazisindədir. Üstəlik də gürcü xalqı siyasi cəhətdən inkişaf etmiş xalqdır. Çox yaxşı başa düşürlər ki, onların ərazi bütövlüyünün təmin edilməsi NATO ilə bağlıdır. Saakaşvili ölkədə olsaydı, məncə, münasibətlər başqa cür ola bilərdi, Qərb müxalifəti daha ciddi surətdə dəstəkləyərdi və burada Rusiyayönlü qüvvələrə daha ciddi siyasi mübarizəyə girişə bilərdi. Yəni ortada bir sıra faktlar var ki, bu faktların heç biri reallaşmadı”.

    “Bir sıra ölkələrdə seçkinin legimliyi şübhə altına alınacaq”

    Seçkinin legitimliyinin gündəmə gələcəyini düşünən poliotoloqun sözlərinə görə, Qərbdə bir sıra ölkələrdə seçkinin legitimliyi şübhə altına alınacaq: “Çünki ortada çox ciddi faktlar var və bu faktları da isbat etmək çətin olmaz. Yəqin ki, müxalifət bununla əlaqədar olaraq Avropa Şurasına müraciət edəcək. Yəni qabaqda Gürcüstanı daha qalmaqallı günlər” gözləyir”.

    “Seçkinin nəticələrinin ləğv edilməsi mümkün ola bilərmi” sualını Q.Hüseynli belə cavablandırdı: “Yox, o məsələni zənn etmirəm. Çünki o çox çətin bir prosesdir”.

    “Gürcüstan kimi demokratiyanın oturuşmadığı bir ölkədə Avropa demokratiyaları səviyyəsində seçki gözləmək yanlışdır”

    Картинки по запросу Şahin Cəfərli

    Politoloq Şahin Cəfərli isə Gürcüstandakı seçkilərin nəticələri bağlı fikirlərini belə ifadə edib: “Müxalifətə yaxın “Rustavi-2” telekanalının sifarişi ilə ABŞ-ın “Edison Research” şirkətinin keçirdiyi “exit-poll”un nəticələrinə əsasən də Salome Zurabişvili prezident seçilib. İqtidara yaxın “İmedi”nin sifarişi ilə “Gallup İnternational”ın “exit-poll”u da eyni nəticəni göstərib. Əgər müxalifətin sifarişi ilə keçirilən sorğu iqtidar namizədinin qalib gəldiyini göstərirsə, deməli, kütləvi saxtakarlıqdan danışmaq doğru deyil. Əlbəttə, qanun pozuntuları, ən müxtəlif əyintilər kifayət qədər olub. Bunlar zatən 1-ci turda da var idi. Amma İvanişvili ilk turdakı uğursuzluqdan sonra çox ciddi işlədi, özünün bütün maddi və siyasi resurslarını, eyni zamanda inzibati resursları işə saldı və öz namizədinin lazımi miqdarda səs yığmasını təmin etdi. Gürcüstan kimi demokratiyanın oturuşmadığı, bu istiqamətdə hələ kövrək addımlar atmaqda olan bir ölkədə Avropa demokratiyaları səviyyəsində seçki gözləmək yanlışdır. Hakimiyyətdəki qüvvənin böyük üstünlüyü var, pul və güc mühüm amildir. İkinci tur ərəfəsində problemli kreditlərin silinməsi, maaş, müavinət artımı kimi populist addımlar öz rolunu oynadı”.

    “Qərb maraqlıdır ki, radikal və impulsiv Saakaşvilinin iqtidara qayıtmasındansa, indikilər bir müddət də qalsın”

    Cəfərlinin fikrincə, ən mühüm faktor isə Saakaşvili dönəmindən narazı olan, onun qayıtmasını istəməyən təbəqələrin hərəkətə gətirilməsi olub: “Belələrinin sayı Gürcüstanda kifayət qədər çoxdur. İqtidarın seçkini şüurlu şəkildə “Saakaşvili gəlsin, gəlməsin?” referendumuna çevirməsinin müxalifətin əleyhinə işləyəcəyini yazmışdım. “Rusiya qalib gəldi” şəklində reaksiyalar görürəm, əlaqəsi yoxdur. “Gürcü Arzusu” 2012-ci ildən hakimiyyətdədir və ötən müddətdə avroatlantik inteqrasiya yönündə ciddi məsafə qət edilib. Qərb də maraqlıdır ki, radikal və impulsiv Saakaşvilinin iqtidara qayıtmasındansa, indikilər bir müddət də qalsın”.

    Şamo EMİN, Hurriyyet.org