Gürcüstanda yeni inqilab, kütləvi ixtişaşlar gözlənilir

    30

    Nəzakət Məmmədova: "Saakaşvilinin arxasında ABŞ-ın dayandığını nəzərə alsaq, bundan sonrakı addımlar ona verilən təlimatlardan asılı olacaq"

    Elxan Şahinoğlu: "İvanişvili administrativ resurslardan istifadə edərək bütün gücünü və enerjisini Salome Zurabişvilinin qələbəsinə yönəltdi"

    "Vaşadzenin qələbəsindən sonra keçmiş prezident Saakaşvili vətənə qayıdacaq və növbədənkənar parlament seçkisi tələb edəcəkdi"

    "Gürcüstanda prezident və baş nazir kim olursa-olsun Azərbaycanla strateji tərəfdaşlığı davam etdirmək məcburiyyətindədir"

    Bildiyiniz kimi, noyabrın 28-də Gürcüstanda prezident seçkilərinin ikinci turu keçirilib. Seçkilərdə Bidzina İvanişvilinin sədri olduğu hakim "Gürcü Arzusu -Demokratik Gürcüstan" Partiyasının dəstəklədiyi, birinci turda 38,64 faiz səs toplayan Salome Zurabişvili ilə müxalifətin yaratdığı "Güc birlikdədir" təşkilatının namizədi, birinci turda 37,74 faiz səs toplayan, Mixail Saakaşvili tərəfindən dəstəklənən Qriqol Vaşadze mübarizə aparıb. Beləliklə, Gürcüstanın Mərkəzi Seçki Komissiyasının yaydığı məlumatda deyilir ki, Salome Zurabaşvili seçicilərin 59,56 faizinin, Qriqol Vaşadze isə 40,44 faizinin səsini qazanıb.

    Əslində, prosesin məhz bu cür yekunlaşacağı öncədən bəlli idi. Çünki seçkinin birinci turundan sonra cərəyan edən proseslərin təhlili belə deməyə əsas verirdi ki, Bidzina İvanişvili Mixail Saakaşvili üzərində qələbəsini təmin etmək məqsədiylə bütün mümkün variantlara əl atacaq. Elə Gürcüstan hakimiyyətinin "Qara siyahı"da qeydiyyata düşən 600 mindən çox vətəndaşının banklara olan borcunu silməsi də bu istiqamətdə görülən ilk tədbirlərdən biri idi. Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, Gürcüstanda keçirilən seçkilər həm də Rusiya ilə ABŞ-ın bir-birinə əzələ nümayişi kimi də dəyərləndirilməlidir. Çünki bu prosesdə İvanişvili Kremli, Saakaşvili isə Vaşinqtonu təmsil edirdi.

    Onu da nəzərinizə çatdıraq ki, Salome Zurabişvilinin qalib elan edilməsinin ardınca Mixail Saakaşvili seçki saxtakarlığını əsas gətirərək Avropadan öz tərəfdarlarına müraciət edib və onları küçələrə çıxmağa, vətəndaş itaətsizliyinə səsləyib. Belə ki, Gürcü Arzusu -Demokratik Gürcüstan" Partiyasının sədri Bidzina İvanişvilini "çirkin oliqarx" adlandıran Saakaşvili İvanişvilinin qanunu, konstitusiyanı, demokratiyanı və seçki institutunu tapdaladığını qeyd edib. Onun sözlərinə görə, hakimiyyət seçkiləri oğru dünyasının dəstəyi ilə keçirib və bu seçkilərin demokratiyaya, xalqın öz iradəsini nümayiş etdirməsinə dəxli yoxdur: "Bu gündən etibarən İvanişvili Gürcüstanın legitim hökmdarı deyil. Mən bu seçkiləri tanımıram və gürcü cəmiyyətini də nəticələri tanımamağa səsləyirəm". Mixail Saakaşvili bildirib ki, seçkilərin nəticələrinin necə olacağından asılı olmayaraq müxalifət küçələrə çıxacaq və kütləvi itaətsizlik nümayiş etdirəcək: "Mən Gürcüstan polisini xalqın tərəfində dayanmağa çağırıram, silahlı qüvvələri qanunsuz əmrləri yerinə yetirməkdən imtina etməyə səsləyirəm. Dövlət aparatının sağlam qismi Gürcüstanda hökmranlıq edən kriminal, mafioz bandadan məsafə saxlamalıdır". Bununla yanaşı, Saakaşvili istənilən yolla Gürcüstana qayıdacağını da bəyan edib.

    Bu arada, "Güc birlikdədir" təşkilatının namizədi Qriqol Vaşadze isə seçki qərargahında təşkil edilən mətbuat konfransında Saakaşvilinin aksiya çağırışına cavab olaraq qeyd edib ki, birləşmiş müxalifət öz planlarını elan etməyənə qədər Mixail Saakaşvilinin aksiyalarla bağlı çağırışı bir şəxsin şəxsi fikri olaraq qalacaq: "Kollektiv qəbul olunmayan və bizim seçki qərargahımızdakı bu kürsüdən elan edilməyən bütün fikirlər bir şəxsin fikri olaraq qalacaq".

    "Gürcüstandan gələn məlumatlar əsasında demək olar ki, seçkilər zamanı kobud qanun pozuntuları olub"

    "Bako Saakyan Moskvaya təlimat almaq üçün gedib" - NƏZAKƏT MƏMMƏDOVA

    Mövzu ilə bağlı "Hürriyyət"ə açıqlama verən politoloq Nəzakət Məmmədova qeyd etdi ki, seçkilərdə kobud qanun pozuntuları olub: "Düzdür, seçkiləri bilavasitə yerində müşahidə etməsək də, Gürcüstandan gələn məlumatlar əsasında demək olar ki, seçkilər zamanı kobud qanun pozuntuları olub. Bilirik ki, Gürcüstanda, xüsusən də soydaşlarımızın yaşadığı bölgələrdə əhalinin vəziyyəti gərgindir, maddi imkanları zəifdir. Odur ki, seçki prosesi zamanı əhalinin müxtəlif yollarla ələ alınması, eyni zamanda hədə-qorxu gəlmə, təhriketmə halları qeydə alınıb. Və bu, kütləvi şəkildə baş verib. Bütün bunlar isə birbaşa qanun pozuntusu sayılır. Bildiyiniz kimi, əgər seçkinin nəticələrinə bilavasitə təsir edən kobud qanun pozuntuları olubsa, o zaman qarşı tərəf seçkinin nəticəsini tanımaya, məsələ mübahisələndirilə bilər. Belə olan halda, seçkinin nəticəsi ləğv olunmalıdır. İndi yəqin ki, beynəlxalq təşkilatların hesabatına diqqət yetiriləcək ki, görək onlar seçkini demokratik, yoxsa qeyri-demokratik hesab edirlər. Bir daha nəzərinizə çatdırım ki, seçkilərdə qanun pozuntuları olub və bunlar heç də xırda pozuntular deyil".

    "Birinci turla ikinci tur arasında fövqəladə nə baş verdi ki, Zurabişvili Vaşadzeyə qalib gəldi?!"

    Gürcüstan hakimiyyətinin "Qara siyahı"da qeydiyyata düşən 600 mindən çox vətəndaşının banklara olan borcunu silməsini seçkinin nəticəsinə təsir edən amillərdən biri kimi qiymətləndirən politoloqun fikrincə, seçkinin nəticəsinə təsir edəcək dərəcədə kobud qanun pozuntuları olduğundan Salome Zurabişvili təmiz qələbə qazanmayıb: "Çünki əhalinin böyük bir hissəsi Mixail Saakaşvilinin dəstəklədiyi Qriqol Vaşadzeyə rəğbət bəsləyirdi və verilən məlumatlara görə, ona da səs veriblər. Lakin buna rəğmən, müxtəlif yollarla əhaliyə təsir göstərməklə seçkiyə müdaxilə halları olub. Ümumiyyətlə, burda şübhəli gələn odur ki, seçkinin birinci turunda Salome Zurabişvili ilə Qriqol Vaşadzenin topladığı səslər çox yaxın idi. Yəni demək olar ki, onlar ikinci tura bərabər səs faizləriylə getdilər. Belə olan halda bəs, necə oldu, birinci turla ikinci tur arasında fövqəladə nə baş verdi ki, Zurabişvili Vaşadzeyə qalib gəldi?! İkinci turda onların topladıqları səslər arasında bu qədər fərqi yaradacaq nə baş verdi?! Şübhəsiz ki, vətəndaşların banklara olan borclarının silinməsi səs faizləri arasında bu boyda fərq yarada bilməzdi. Buradan belə görünür ki, seçkiyə müdaxilə olunub".

    "İvanişvili Rusiyanın adamıdır, onun maliyyəsi, qazancı məhz Rusiyadan gəlir"

    Bütün bunları nəzərə aldıqda Mixail Saakaşvilinin seçkinin nəticələrini tanımamasının başadüşülən olduğunu vurğulayan Nəzakət Məmmədovanın sözlərinə görə, Kreml Salome Zurabişvilinin seçkilərdə qələbə qazanmasından ötrü əlindən gələni etdi: "Bu məsələyə ancaq Gürcüstan prizmasından baxmaq doğru olmazdı. Çünki Gürcüstan elə bir dövlətdir ki, orda seçkilərdə kimin qalib gəlməsi, ümumiyyətlə iqtidarda kimin olması Gürcüstanla yanaşı, bütün Cənubi Qafqazın taleyini həll edəcək, o cümlədən bu regionda ABŞ-Rusiya rəqabətinə təsir edəcək. Bildiyiniz kimi, Gürcüstanın NATO-ya üzvlük məsələsi gündəmdədir. Bu səbəbdən də Rusiya əlindən gələni edir ki, iqtidarda onun maraqlarına xələl gətirməyəcək qüvvə təmsil olunsun. Bu səbəbdən də seçkilərə Kremlin müdaxiləsi istisna olunmur. Artıq heç kimə sirr deyil ki, İvanişvili Rusiyanın adamıdır. Onun maliyyəsi, qazancı məhz Rusiyadan gəlir. İndi də biznesinin böyük bir hissəsi Rusiyada yerləşir. Bundan başqa, seçicilərə Salome Zurabişviliyə səs vermələri üçün təsir vasitəsi kimi istifadə olunan maliyyə, eyni zamanda siyasi texnoloqlar hamısı Rusiyadan gəlib. Yəni Moskva geosiyasi baxımdan əlindən gələni etdi ki, İvanişvilinin dəstəklədiyi şəxs – Salome Zurabişvili seçkilərdə qələbə qazansın. Çünki Gürcüstanda baş verən proseslər Azərbaycan və Ermənistana da təsir edə bilər. Odur ki, Rusiya Cənubi Qafqazda mövqelərini itirməmək, NATO-nun Gürcüstan vasitəsiylə bu regiona daxil olmasının qarşısını almaq məqsədiylə müxtəlif üsullarla seçkilərə müdaxilə etdi. Çünki əks halda, NATO Rusiyanın cənub sərhədlərində qərarlaşa bilərdi. Ukrayna ilə bağlı vəziyyət gərgin olduğundan, Gürcüstandakı seçkilər Kreml üçün ölüm-qalım məsələsi idi. Ona görə də seçkilərdə İvanişvili vasitəsiylə Zurabişvilini dəstəklədi. Təbii ki, Mixail Saakaşvili də sakit oturmayacaq. Artıq o, seçkinin nəticələrini tanımadığını bəyan etməklə yanaşı, əhalini küçələrə çıxaraq kütləvi itaətsizlik nümayiş etdirməyə çağırıb. İndidən dəqiq bir söz demək çətin olsa da, Gürcüstanda yeni inqilab da ola bilər. Çünki Saakaşvili kimi bir siyasətçinin bu hadisəni boş buraxacağı inandırıcı deyil. Saakaşvilinin arxasında ABŞ-ın dayandığını nəzərə alsaq, o zaman bundan sonrakı addımların ona verilən təlimatlardan asılı olacağını demək mümkündür".

    "Bu, Gürcüstanda birbaşa əhalinin iştirakı ilə keçirilən son prezident seçkiləridir"

    Gürcüstanda prezidentin formal olduğunu, bütün səlahiyyətlərin parlamentdə olduğunu deyən politoloq bildirdi ki, prezidetn məhdud səlahiyyətləri olan bir şəxsdir: "Lakin indiki prezident kim olacaqsa, 2020-ci ildə onun partiyasının parlamentdə, yəni Gürcüstanda real hakimiyyəti ələ keçirmək şansı çox olacaq. Prezident postu məhz bu baxımdan vacibdir. Onu da qeyd edim ki, bu, Gürcüstanda birbaşa əhalinin iştirakı ilə keçirilən son prezident seçkiləridir. Yəni bundan sonra prezident parlamentdə seçkilər vasitəsilə başqa yolla seçiləcək. Bir növ ABŞ üsulu ilə seçiləcək. Yeri gəlmişkən, onu da qeyd edim ki, bu seçkilərdə Rusiya ilə yanaşı, Fransa da bu və digər formada iştirak edib. Yəni onlar seçkilərdən ABŞ-a qarşı istifadə etdilər. Görünən odur ki, Rusiya seçkilərə müdaxilə etməklə ABŞ-a qarşı qələbəsini təmin etdi".

    "Riyazi olaraq tək Bakradzenin səsləri Vaşadenin ikinci turda qələbəsini təmin etməli idi"

    "Erməni əsirlərin sayını artırmalıyıq" - MARAQLI TƏKLİF

    Məsələ ilə bağlı mövqeyini bildirən "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə hesab edir ki, birinci turda 10 faiz səs toplayaraq üçüncü yeri tutan müxalifətin digər namizədi David Bakradzenin ikinci turda tərəfdarlarını Qriqol Vaşadzeyə səs verməyə çağırması "Güc birlikdədir" təşkilatının namizədinin qələbəsini təmin etməli idi: "Gürcüstanda prezident seçkisinin birinci turundan sonra müxalifətin namizədi Qriqol Vaşadzenin ikinci turda qələbə çalma ehtimalı yüksək idi. Birincisi, o hakimiyyətin namizədi Salome Zurabişvili ilə faktiki eyni nəticə göstərmişdi. Birinci turda üçüncü yeri tutan müxalifətin digər namizədi David Bakradze ikinci turda tərəfdarlarını Vaşadzeyə səs verməyə çağırmışdı. Digər müxalif namizədlər də Vaşadzeni seçmişdilər. Bakradze 10 faiz səs toplamışdı. Riyazi olaraq tək Bakradzenin səsləri Vaşadenin ikinci turda qələbəsini təmin etməli idi. Etmədi. Vaşadze gözlənilənin əksinə olaraq kifayət qədər böyük fərqlə Zurabişviliyə məğlub oldu. Bu məğlubiyyətin əsas səbəbləri nədir? Birincisi, Bidzina İvanişvili administrativ resurslardan istifadə edərək bütün gücünü və enerjisini Salome Zurabişvilinin qələbəsinə yönəltdi. Çünki Vaşadze qələbə çalsaydı İvanişvilinin ağır günləri başlayacaqdı. Vaşadzenin qələbəsindən sonra keçmiş prezident Mixail Saakaşvili vətənə qayıdacaq və növbədənkənar parlament seçkisi tələb edəcəkdi. Bundan başqa, Saakaşvili İvanişvili ilə ölüm-dirim mübarizəsinə başlayacaqdı və bu mübarizədə İvanişvilinin qələbə çalmaq ehtimalı yüksək deyildi. Bu təhlükəli ssenarini önləmək üçün İvanişvili qısa vaxt ərzində Zurabişvilinin populyarlığının artırılması istiqamətində var gücüylə çalışdı və nəticə göz qabağındadır. İkincisi, İvanişvilinin gürcülərin banklara olan 600 milyon dollar borcunun qaytarılması vədi nəticəsini verdi. Bu bir vəddir, hələ yerinə yetirilməyib, yaxın aylarda yerinə yetiriləcəyi də sual altındadır. Ancaq vədin özü insanları düşünməyə vadar etdi və birinci turda Vaşadzeyə səs verənlər ikinci turda şirnikləndirici təklif qarşısında mövqelərini dəyişə bilərdilər".

    "Birinci turda Bakradze və Vaşadzeyə səs verən Gürcüstan azərbaycanlılarının bir hissəsi ikinci turda fəal olmadılar"

    Politoloq bu qənaətdədir ki, birinci turda Qriqol Vaşadzeyə səs verənlər ikinci turda fəal olmadılar, bir hissəsi ümumiyyətlə ikinci turda səsvermə məntəqəsinə yollanmadı: "Gələn xəbərlərə görə, birinci turda Bakradze və Vaşadzeyə səs verən Gürcüstan azərbaycanlılarının bir hissəsi ikinci turda fəal olmadılar. Vaşadze elektoratını fəallaşdıra bilmədi". Elxan Şahinoğlunun sözlərinə görə, Salome Zurabişvilinin qələbəsini təmin edən səbəblərdən biri də odur ki, Bidzina İvanişvili gürcüləri növbəti Rusiya müharibəsi ilə də qorxuda bilərdi: "Yəni guya Saakaşvili qayıtsaydı yenidən Rusiya ilə müharibə başlaya bilərdi. Digər tərəfdən, Azov dənizində son insident də İvanişvilinin işinə yaradı. Yəni gürcülər növbəti Rusiya-Ukrayna qarşıdurmasının Gürcüstanla baş verə biləcəyindən ehtiyat etdilər. 2008-ci il müharibəsi gürcülərin gözünü qorxudub. Bu amilin də ikinci turdakı nəticəyə təsiri oldu".

    "Azərbaycanın iqtisadi dəstəyi olmadan Gürcüstan ayaqda dura bilməz"

    Beləliklə, "Qriqol Vaşadze məğlubiyyət qarşısında nə edəcək" sualını cavablandıran politoloqun fikrincə, Vaşadze üçün qərar vermək çətindir: "Mixail Saakaşvili tərəfdarlarını küçəyə etiraza və inqilaba səsləyir. Saakaşvili rahatdır, tapşırıqlarını Hollandiyadan verir. Vaşadze üçün isə qərar vermək çətindir. Əlbəttə, o baş verən saxtakarlıqlara qarşı müvaqimət göstərəcək, ancaq mübarizəni vətəndaş qarşıdurmasına qədər inkişaf etdirəcəkmi? Bu onun üçün çətin sualdır. Çünki polislə qarşıdurmanın uzanması ölüm hallarına, bu isə öz növbəsində, vətəndaş müharibəsinə gətirib çıxaracaq. Ona görə də Saakaşvilidən fərqli olaraq Vaşadze tələsik qərar verməyəcək. O ki qaldı, Azərbaycana, açıq demək lazımdır ki, çoxumuzun simpatiyası Vaşadzenin tərəfində idi. Çünki Vaşadze Saakaşvilinin tərəfdarıdır və Azərbaycanla strateji əməkdaşlığa, o cümlədən Gürcüstandakı azərbaycanlılara önəm verir. Ancaq Zurabişvilinin prezident seçilməsindən də narahat olmağa dəyməz. Gürcüstanda prezident və baş nazir kim olursa-olsun Azərbaycanla strateji tərəfdaşlığı davam etdirmək məcburiyyətindədir. Çünki Azərbaycanın iqtisadi dəstəyi olmadan Gürcüstan ayaqda dura bilməz. Bunu İvanişvili və onun tərəfdarları da anlayırlar".

    Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org