Gürcüstanda niyə vəzifəlilər istefa verir?

    3

    Şahin Cəfərli: “Gürcüstanda sərbəst toplaşmaq azadlığı real şəkildə təmin olunub”

    Natiq Cəfərli: “Gürcüstanda kreslo qazanc mənbəyi deyil”

    Tiflisdə David Saralidze və Levan Dadunaşvili adlı 16 yaşlı yeniyetmələrin öldürülməsi ilə bağlı cinayət işinin obyektiv araşdırılmaması və Tiflis şəhər məhkəməsinin yeniyetmələrin qətli ilə bağlı verdiyi qərarın etirazla qarşılanması Gürcüstanın baş prokuroru İrakli Şotadzenin istefa verməsi ilə nəticələnib ki, bu da Azərbaycan ictimaiyyətində müzakirələrə yol açıb.

    Bu hadisədən bir sıra nəticələr çıxaran politoloq Şahin Cəfərli deyib ki, əvvəla, Gürcüstanda güclü vətəndaş cəmiyyəti formalaşıb: “Hökumət üzərində ciddi ictimai nəzarət qurulub. Bir fərdə, bir ailəyə qarşı ədalətsizliyi “bu gün ona, sabah mənə” düşüncəsi ilə bütün cəmiyyətin ortaq problemi kimi qavrayan duyarlı və yetkin bir toplum var.

    İkincisi, sərbəst toplaşmaq azadlığı dekorativ yox, real şəkildə təmin olunub. Dövlət binalarının qarşısına toplaşıb etiraz edənlər bilirlər ki, öz konstitusion hüquqlarından istifadə etdikləri üçün başlarına bir şey gəlməyəcək.

    Üçüncüsü, ölkədə istefa mədəniyyəti formalaşır. Qətl işi üzrə istintaq başlayanda Saralidze ailəsinin günahlandırdığı gəncin prokuror atası Qərb ölkələrinin praktikasında olduğu kimi, istintaq müddətində istefaya gedib. İndi də baş prokuror…”

    “Aydındır ki, Gürcüstan hələ Qərb demokratiyasının standartlarından uzaqdır, amma bu lokal hadisədən də görürük ki, indiyədək qət etdikləri məsafə heç də az deyil. Bu, avrointeqrasiya sayəsindədir”, – deyə politoloq vurğulayıb.

    Ş. Cəfərli xatırladıb ki, 1918-ci ilin iyununda Milli Şuranın özünü buraxdığı hüznlü iclasda Rəsulzadə MŞ üzvlərini ruhlandıran nitq söyləmiş və belə bir cümlə işlətmişdi: “Hətta əfəndilər, mən qeyd etmək istərdim ki, Azərbaycan Qafqazda ən azadlıqsevər və inqilabi respublika sayılan Gürcüstandan daha xoşbəxt olacaq…”

    Cəfərli ümid edir ki, nə vaxtsa belə olacaq, vətəndaş hüquq və azadlıqları sahəsində ən azı Gürcüstanın səviyyəsinə yetişəcəyik, sonra da onları ötüb, Avropa standartlarına yaxınlaşacağıq: “Azərbaycan ən qürur duyduğumuz bayramda insanların toplu halda gəzintiyə çıxdıqlarına görə cəzalandırıldığı ölkə olmamalıdır”.

    REAL Partiyasının icra katibi Natiq Cəfərli isə Gürcüstanda vəzifəli şəxslərin istefa verməsinin səbəblərini açıqlayıb:

    1. Onlar xalqdan, səsdən, seçkidən asılıdırlar.

    2. Kreslo qazanc mənbəyi deyil, əksinə vəzifədə olarkən publik şəxs olduqları üçün, istefadan sonra istənilən kommersiya qurumu onlara vəzifədə aldığı maaşdan 2-3 dəfə artıq maaş verib işə cəlb edir.

    3. Vəzifə tək səlahiyyət deyil, həm də məsuliyyətdir, seçkili sistemlərdə məsuliyyətin gətirdiyi yük, səlahiyyətin verdiyi üstünlükdən ağır olur.

    4. Vəzifə həm də həmişə diqqət mərkəzində olmaq, kamera qarşısında yaşamaq deməkdir, yəni şəxsi həyatın olmur, bu da çox adama xoş deyil.

    5. Bəzən istefa verib şəxsən uduzmalısan ki, partiyan, ölkən, məmləkətin udsun.

    “Bunları təmin etməyən bizim cəmiyyət indi deyir ki, niyə Gürcüstanda vəzifəlilər istefa verir, bizdə isə kresloları ilə diffuziya əlaqəsinə girir”,-deyə REAL sözçüsü qeyd edib.

    Cavid, Hurriyyet.org