Gürcüstanda saxta pul hazırlayan cinayətkar dəstə ifşa olunub

357

Gürcüstanda saxta pul hazırlayan dörd nəfərdən ibarət cinayətkar dəstə ifşa olunub. Onlardan üçü saxlanılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin istintaq xidməti məlumat yayıb.

Məlumatda bildirilib ki, saxlanılan şəxslər, kompüter vasitəsilə qanunsuz yolla qazanc əldə etmək üçün 50 və 100 lari dəyərində saxta əsginaslar hazırlayıblar.

İstintaqla müəyyən olunub ki, təqsirləndirilən şəxslər saxta pulları Kutaisidə yerləşən yanacaqdoldurma məntəqələrində və ticarət şəbəkəsində satmağa çalışıblar.

Faktla bağlı, Gürcüstan Cinayət Məcəlləsinin 212-ci maddəsinin ikinci hissəsi ilə cinayət işi açılıb. Saxlanılan şəxsləri 7 ildən 10 ilədək həbs cəzası gözləyir.