Gürcüstanda genişmiqyaslı beynəlxalq hərbi təlimlər keçirilir

93

Bu gün Gürcüstanda “Layiqli Tərəfdaş 2020” (Noble Partner 2020) adlı beşinci çoxmillətli hərbi təlimlərə start veriləcək.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Vaziani poliqonunda keçiriləcək bu ilki hərbi təlimlərdə Gürcüstanla yanaşı, NATO üzvü olan 4 dövlətdən –  ABŞ, İngiltərə, Polşa və Fransadan olan ümumilikdə 2700-dən çox hərbi personal iştirak edəcək.

Builki hərbi təlimlərdə tərəfdaş qüvvələrin hərbçiləri sahə tapşırıqları ilə yanaşı, kiber təhlükəsizlik və informasiya əməliyyatları üzrə müxtəlif tapşırıqlar yerinə yetirəcəklər.

“Güc tərəfdaşlıqdadır” şüarı ilə keçirilən təlimlərin məqsədi tərəfdaş ölkələrin hərbi qüvvələrinin qarşılıqlı əməliyyat qabiliyyətinin, hərbi hazırlığının inkişaf etdirilməsi, həmçinin, Qara dəniz bölgəsində stabilliyin və təhlükəsizliyin gücləndirilməsi olduğu bildirilir.

Qeyd edək ki, sonuncu dəfə 2018-ci ildə keçirilən “Layiqli Tərəfdaş 2020” hərbi təlimlərində Azərbaycan da daxil olmaqla 13 ölkədən (Azərbaycan, Gürcüstan, Ermənistan, Almaniya, Fransa, Estoniya, Birləşmiş Krallıq, Litva, Polşa, Norveç, Türkiyə, Ukrayna və ABŞ) 3000-dən artıq hərbi qulluqçu iştirak edib.

Qeyd edək ki, Azərbaycanın builki hərbi təlimlərdə iştirakı Gürcüstanın Müdafiə naziri İrakli Qaribaşvilinin mart ayında Bakıya səfəri zamanı azərbaycanlı həmkarı general-polkovnik Zakir Həsənovla görüşü zamanı müzakirə edilmişdi.

musavat.com