Gürcüstanda ABŞ-Rusiya savaşı

15

Vaşinqton parlament seçkilərinin nəticəsini öz xeyrinə dəyişə biləcək?

2011-ci ilin sonundan məşhur “Forbes” nəşrinin reytinq siyahısında 153-cü yeri tutan Bidzina İvanişvilinin Gürcüstanda siyasətə gəlməsi ilə ölkə Qərbdən üz döndərək, siyasi yönünü Rusiyaya çevirdi. Həmin tarixdən sonra İvanişvilinin “Gürcü Arzusu” Partiyası parlamentdə yerlərin yarıdan çoxuna sahibdir. Maraqlıdır ki, siyasətə gəlməmişdən əvvəl İvanişvili Fransa vətəndaşı idi. Hətta 2018-ci ildə seçilən prezident Salome Zurabaşvili də öz missiyasına Fransadan başladı. Ümumiyyətlə, siyasi proseslərə nəzər yetirərkən, bir tərəfdən Moskva-Paris tərəfdaşlığı müşahidə olunsa da, pərdə arxasında Rusiyanın Fransa tərəfindən səssiz mənimsənilməsi prosesi getməkdədir. Siyasi fiqurlar kimi İvanişvili-Zurabaşvili rus-fransız, Saakaşvili isə ABŞ yönümlü qüvvələr kimi çıxış edir. Odur ki, Saakaşvilinin gedişindən sonra ABŞ ölkənin Avro-atlantik məkana cəlb olunmasında maraqlı olduğu səbəbindən, gürcü hakimyyətinin Rusiyanın nəzarətinə keçməsinə baxmayaraq, Gürcüstanı NATO-ya inteqrasiyadan məhrum etmədi və bu xətti davam etdirdi.

İki gün əvvəl – oktyabrın 31-də Gürcüstanda keçirilən parlament seçkilərinin ilkin nəticələri açıqlanıb. Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, Bdzina İvanişvilinin rəhbərlik etdiyi “Gürcü Arzusu” Partiyası 48,15%, keçmiş prezident Mixail Saakaşvilinin “Vahid Milli Hərəkat” isə 27% səs alıb. Avropalı Gürcüstan Partiyası isə 3,77% səs əldə edib. “Vətənpərvərlər Alyansı” 3,26%, “Lelo” partiyası 3,16%, “Aqmaşenebeli strategiyası” 3,1%, “Qirçi” 2,87%, “Vətəndaş – Eliko Elisaşvili” 1,34%, Leyboristlər partiyası isə 1,03% səs qazanıb.

MSK-dan qeyd olunub ki, Tiflisin bütün birmandatlı seçki dairələrinin parlament seçkilərində qalibini müəyyən etmək üçün ikinci tur tələb olunacaq. Gürcüstan üzrə bəzi regionlarda da ikinci turun keçiriləcəyi mümkündür. Müxalifət bildirir ki, seçkidə saxtakarlıq olub. Bütün partiyalar arasında prinsipial razılıq əldə olunub ki, parlamentə gedilməsin. Eyni zamanda, dünən etibarən Tiflisdə kütləvi etiraz aksiyaları başlayıb. Şəhərin mərkəzi meydanında çadırlar qurulub.

Proporsional sistem üzrə MSK-nın açıqladığı rəqəmlərlə paralel səssayma həyata keçirən İSFED (The International Society for Fair Elections and Democracy) təşkilatının rəqəmləri arasında çox az fərq var. Seçkiqabağı rəy sorğuları da hakim partiyanın açıq fərqlə birinci olacağını göstərirdi. Başqa bir göstərici isə “exit poll” rəqəmləridir.

Gürcüstanda seçkilər Cənubi Qafqazda  Azərbaycanın Qarabağda apardığı uğurlu hərbi əməliyyatlarda maraqları kəsişən dövlətlərin geosiyasi mübarizəsi və gərgin çəkişməsi fonunda keçirildi. Seçkilərin nəticələrinə görə, çox təəssüf ki, ölkə əhalisinin bir qisminin mövcud siyasi hakimiyyətin qalmasında maraqlı olduğunu qeyd etməliyik. Əlbəttə, İvanişvilinin köhnə sınanmış metodu ilə -seçkilərdə verilən səsləri pulla almaqla.

Seçkilərdə saxtakarlıq olmasına və qanunsuz faktların aşkar qabardılmasına baxmayaraq, görünür, xalq yenə də M. Saakaşvilinin  hakimiyyətə gəlməsinə hazır deyil. Qərb isə açıq şəkildə Moskva və Parisin üstündən adlayıb, hakimiyyəti öz istədiyi kimi biçib-tikməyi gözə ala bilmir. Ən azından aşkar müxalifət-hakimiyyət qarşıdurmasına və ya ikinci “rəngli inqilab” fikrində deyil.

Azərbaycanla Gürcüstan Qərb üçün xüsusi strateji tərəfdaşdır və burada baş verən siyasi proseslər daima diqqət mərkəzində olub. Hazırda regionda yeni geosiyasi xəritənin formalaşması getdiyinə görə, burada davam edən siyasi-hərbi proseslər Rusiya-Fransa və Qərb-ABŞ maraq toqquşması arealı müstəvisindədir. Üstəgəl, yeni oyunçu olaraq Türkiyə də meydandadır. Türkiyə tam şəkildə Azərbaycan və Gürcüstanla birgə siyasi platforma üzərində çalışır.

Azərbaycan artıq uğurlu Qarabağ hərbi əməliyyatını aparmaqla, regionda prosesləri öz lehinə dəyişərək, Qərb üçün də əlverişli zəmin yaradır. Ona görə ki, Qərb enerji-nəqliyyat layihələri və Asiyaya açılımını üstün tutaraq, bu layihələr Azərbaycan üzərindən keçdiyindən, Bakını önəmli tərəfdaş kimi qəbul edir. Qarabağ məsələsində də neytrallağın qaynağı bu amilə bağlıdır.

“Gürcü Arzusu” Partiyasının hakimiyyətdə qalması bu anlama gəlir ki, Gürcüstan- Azərbaycan münasibətləri hazırkı vəziyyətdə davam edəcək. İkitərəfli əlaqələrin ən yüksək səviyyəyə çatdırılmasına isə rəsmi Tiflis – “Gürcü Arzusu” imkan verməyəcək. Bunun əsas səbəbi isə, Tiflisin “Boz kardinal”ı B.İvanaşvilinin Rusiya-Fransa tandemindən irəli gələn Azərbaycana qarşı şəxsi qərəzindən qaynaqlanır. Əlbəttə ki, biznes maraqları və Paris-Kremldən gələn təlimatlar da öz yerində.

Dediyim kimi, M.Saakaşvilini prioritet kimi irəliyə sürən ABŞ inqilablar dönəminin başa çatdığının və müxalifətin etiraz aksiyalarının heç də ölkədə inqilabi dəyişikliklərə gətirməyəcəyinin də fərqindədir. Bundan sonra da rəsmi Tiflisin  Rusiya ilə əlaqələrdə problemlərə getməsi gözlənilmir. Buna baxmayaraq NATO-ya inteqrasiya prosesi davam edəcək. Hətta gələn il Gürcüstanın Alyansa qəbul ediləcəyi də reallaşa bilər.

Tiflisin Abxaziya və Cənubi Osetiyasız Alyansa qəbul edilməsinə razılıq verilməklə, Gürcüstanın təhlükəsizliyini təmin edərək, gələcək perspektivdə separatizmə qarşı mübarizəni gücləndirə bilərlər. Hətta Azərbaycanın Qarabağda uğurlu hərbi əməliyyatları və ərazi bütövlüyünü təmin etməsi Tiflis üçün də ərazi bütövlüyünü bərpa etməkdə nümunə rolunu oynaya bilər. Məhz bu nöqtədə Rusiya-Türkiyə işbirliyi baş tuta bilər. Yəni Abxaziya və Cənubi Osetiyanın yenidən Gürcüstanın suverenliyi altına qayıtmasında anlaşa bilərlər.

Zaman-zaman “Gürcü Arzusu” Partiyasının hökumət kabineti Azərbaycanla sərhədin delimitasiyasını gündəmə qaytarmağa cəhd etsə və bunu Azərbaycana qarşı “təzyiq” rıçağı kimi istifadə etsə də,  Qarabağ qələbəsi və Ermənistan üzərində tam hərbi üstünlük “Keşikçidağ” məsələsində Tiflisin mövqeyini zəiflədəcək.

Gürcüstanın geosiyasi missiyasinın regionda Azərbaycan və Türkiyənin ortaq maraqları çərçivəsində addımlamaqla müşayiət olunması həm özü, həm regional ortaqları baxımından məntiqlidir. Təəssüf ki,  “Gürcü Arzusu”-Moskva-Paris tandemi nəticəsində Gürcüstanda demokratiyanın inkişafı və hüququn tam üstünlüyü zəifləməyə doğru gedəcək. Ola bilər ki, bu amil ölkədə siyasi sabitliyi pozmasın, amma Vaşinqtonun da sakitcə oturub-gözləyəcəyi inandırıcı deyil. Məhz Rusiya-Fransa xəttinin zəiflədilməsindən ötrü Türkiyəyə böyük missiya düşür. Hansı ki, Ankara özü də bu cütlüyü, başlıca olaraq Fransanı sıradan çıxarmağa maraqlıdır. Rusiyanın yeni geosiyasi mənzərədə zəifləmə dövrünə qədəm qoyduğuna görə, Ankara Moskva ilə ortaq məxrəcə gələ bilər. Moskva özünün çöküş dövrünün fərqindədirsə (əlamətlərə görə fərqindədir), Türkiyə ilə əməkdaşlıq bu dövrün uzadılmasına xidmət edə bilər. Təsadüfi deyildir ki, prezident Putin də Rusiyanın xeyli sayda əhalisinin müsəlman olduğunu, hətta rus xalqının formalaşmasında türk amilinin rol oynadığını, hazırda bu ərazidə türk xalqlarının yaşamaqda olduğunu, ölkəsinin də bir baxımdan müsəlman ölkəsi sayıla biləcəyini dəfələrlə vurğulamışdır.

ABŞ-ın Gürcüstanda hansı tədbirlər görəcəyini diqqətə alsaq, Saakaşvilinin gedişindən sonra inqilaba geri dönüşün mümkünsüzlüyünü anlayan bu dövlət, Tiflisi nüfuz dairəsinə daxil etmək üçün parlamentdə səsçoxluğunun Vahid Milli Hərəkata keçirilməsinə çalışdı. Seçkilər çox zəngin tərkibli, müxtəlif səviyyəli müşahidəçi qruplar tərəfindən izlənildi və qiymətləndirildi. O cümlədən, NATO Parlament Assambleyası sədrinin müavini Osman Aşkin Bakın verdiyi məlumata görə, 31 oktyabr tarixində NATO Parlament Assambleyasının on üzvü Tiflisi və Mtsxetadakı seçki prosesini izlədi. Onun sözlərinə görə, 2020-ci il parlament seçkiləri Gürcüstan parlament idarəetmə sisteminə keçdiyi üçün vacib idi. Osman Aşkin Bakın fikrincə, seçkilər zamanı, qüsursuz olmasa da, ümumilikdə əsas hüquqlara riayət olunub.

“Dünən əsas hüquqların riayət olunduğu və prosedurların çoxuna həqiqətən əməl oluduğu, lakin bəzi qüsurların da müşahidə olunduğu rəqabətli seçkiləri müşahidə etdik. Xüsusilə aktivistlərin olması səbəbindən bir çox seçki məntəqəsinin ətrafında hökm sürən gərgin atmosferi qeyd edirik. Seçkilər yaxşı  şəkildə keçdi. Bununla birlikdə, medianın qütbləşməsi və seçki kampaniyasının maliyyələşdirilməsinin qeyri-kafi işıqlandırılması, seçicilərə təzyiq və hakim partiya ilə dövlət arasında ayrılma xəttinin olmaması da daxil olmaqla bir çox məsələnin həllinə ehtiyac var. Bizim aşkar etdiyimiz bu məsələlər qeyri-bərabər iş mühiti yaratdı və cəmiyyətin seçki prosesinə inamına təsir etdi”, – Osman Askin Bak deyib.

“Gələcək parlament də daxil olmaqla Gürcüstan hökumətini bu hesabatda vurğulanan məsələləri nəzərə almağa və müzakirə etməyə çağırıram. Bütün maraqlı siyasi partiyaları önümüzdəki günlərdə və həftələrdə məsuliyyətli davranmağa və əlavə islahatların səmərəli həyata keçirilməsində konstruktiv şəkildə iştirak etməyə çağırıram. Bu səylər Gürcüstanın Avroatlantik inteqrasiya yolunda irəliləməsi üçün lazımdır. NATO Parlament Assambleyası bu səylərdə Gürcüstanı dəstəkləməyə davam edir”, – deyə Osman Askin Bak əlavəı edib.

Bundan başqa ABŞ-ın Gürcüstan səfir Kelli Deqnandan, ABŞ-ın NATO missiyasının Twitter səhifəsindən, İngiltərənin Gürcüstandakı səfirliyindən, Patriarx Katalikos İliyadan belə, seçicilərə seçki məntəqələrinə gəlməyə və səs vermədə iştirak etməyə çağırışlar oldu. Bəllidir ki, Qərb gürcü iqtidarını dəyişmək üçün məhz bu seçkilərə çox ümidli idi, amma rusyönümlü hökumətin elə “rus metod”larından istifadə edəcəyini diqqətə ala bilməmişdilər. Belə ki, Gürcüstan artıq parlamentli respublika quruluşuna keçmək üzrədir, yəni hökumətin fakitiki idarəedicisi prezident yox, baş nazir olacaq. Baş nazir isə parlament, yəni deputatlar tərəfindən seçiləcək. Vaşinqtonun yeganə şansı parlamentdə çoxluğun ABŞ və Qərb yönümlü (Fransa xaric) istiqamətə yönlənməsi idi.

İndi ümid seçkilərin noyabrın 21-də keçiriləcək ikinci raundunadır. Səslərin 48,15 faizini təkbaşına əlində cəmləyən “Gürcü Arzusu”na hökumət qurmaq üçün 50+1 səs lazımdır. Əgər ikinci raundda kiçik partiyalardan hansısa biri bu faizi tamamlasa, “Gürcü Arzusu” “Vaşinqton arzu”sunu yenə qapı ardında qoyacaq. Vaşinqton bu dəfə də Türkiyənin Gürcüstan daxil olmaqla Cənubi Qafqazda nüfuzunun güclənməsi üçün əlindən gələni etmək və seçki ilə ala bilmədiklərini Ankara ilə əməkdaşlığa gedərək, almaq barədə ciddi düşünməlidir. 

Ülviyyə ŞÜKÜROVA