Gürcüstan idmançılarının Dağlıq Qarabağda keçiriləcək “turnir”də iştirakı qadağan olunub

    3

    Gürcüstanın erməni əsilli idmançılarının VII “Panermənistan oyunları”nın Azərbaycanın işğal altındakı ərazilərində təşkil olunacaq açılış mərasimi və yarışlarda iştirakı qadağan olunub.

    Hurriyyet.org report-a istinadən xəbər verir ki, bu barədə Samtsxe Cavaxeti bölgəsi üzrə informasiya mərkəzi məlumat yayıb.

    Axalkalaki rayonundan olan 50-yə yaxın idmançı “Panermənistan oyunları”nın yalnız Ermənistanda keçiriləcək yarışlarına qatılacaqlar. Qondarma “Dağlıq Qarabağ Respublikası”nda təşkil olunacaq armrestlinq və şahmat üzrə yarışlarda iştirak edəcək 7 idmançı komanda heyətindən çıxarılıb.

    Axalkalaki bələdiyyəsinin təhsil, mədəniyyət, idman və gənclərlə iş üzrə xidmətinin rəisi Valeri Stelmaşov bildirib ki, idmançılar yalnız Ermənistanda keçiriləcək yarışlarda iştirak edəcəklər: “Bəzi səbəblərə görə biz açılış mərasimində iştirak edə bilməyəcəyik”.

    Qeyd edək ki, “Panermənistan oyunları”nın rəsmi açılış mərasimi avqustun 6-da Ermənistanın işğalı altında olan Xankəndi şəhərində keçiriləcək. Avqustun 17-dək davam edəcək yarışlar Ermənistanla yanaşı, Azərbaycanın işğal olunmuş ərazisində də təşkil olunacaq.