Gürcüstan Azərbaycanın maraqlarına zidd addım ata bilər? – POLİTOLOQ RƏYİ

    6

    Elxan Şahinoğlu: "Tiflis Paşinyanın istəyi əsasında Abxaziya üzərindən dəmiryolunun açılmasına icazə versə, bununla Bakıya xoş olmayan mesaj göndərəcək"

    İlqar Vəlizadə: "Azərbaycanın əleyhinə hansısa qərarın qəbul edilməsi, ilk növbədə Gürcüstanın milli maraqlarına uyğun deyil"

    "Bu gün Ermənistanın əlində Gürcüstana təklif edə biləcək bir şey yoxdur"

    Xəbər verdiyimiz kimi, Ermənistanın yeni baş naziri Nikol Paşinyan mayın 30-da ikigünlük səfərlə Gürcüstana gedib. Tiflis beynəlxalq aeroportunda erməni nümayəndə heyətini Gürcüstan baş nazirinin müavini, xarici işlər naziri Mixail Canelidze qarşılayıb. Canelidze "Rustavi 2" telekanalına açıqlamasında bildirib ki, səfər çərçivəsində Gürcüstanla Ermənistan arasında ticarət və mədəni əlaqələrlə bağlı məsələlər müzakirə olunacaq. Qeyd edək ki, Nikol Paşinyan səfər zamanı gürcü həmkarı Georgi Kvirikaşvili və Gürcüstan prezidenti Georgi Marqvelaşvili, o cümlədən parlament sədri İraklı Kobaxidze ilə görüşüb.

    Nəzərinizə çatdıraq ki, Nikol Paşinyan Gürcüstanın rəsmi dairələri ilə keçirdiyi görüş zamanı bir sıra bəyanatlar səsləndirib, əsasən də Azərbaycanın mövqeyinə və milli maraqlarına zidd olan açıqlamalar verib. Belə ki, yayılan məlumatlarda deyilir ki, Paşinyanın Gürcüstana səfər etməsində əsas məqsədi Abxaziya üzərindən Ermənistana dəmir yolunun açılmasına Tiflisin icazəsini almaqdır. Qeyd edək ki, sözügedən mövzu ilə bağlı fikirlərini özünün facebook səhifəsində bölüşən "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şahinoğlunun sözlərinə görə, bu gün əsl balans siyasətini Tiflis həyata keçirir: "Hələ iki gün əvvəl Gürcüstanın baş naziri Azərbaycanın Tiflisdəki səfirliyinə gələrək Cümhuriyyət bayramımıza qatılmış və nitqində iki ölkə arasındakı münasibətlər barədə ən yüksək sözləri demişdi. İki gün sonra isə Gürcüstanın baş naziri eyni sözləri Paşinyanla Tiflisdəki görüşündə Ermənistanın ünvanına söyləyib".

    Politoloq hesab edir ki, Gürcüstan kreditlər və enerji təminatı məsələlərində Azərbaycandan asılı olsa da, Bakı və İrəvana eyni gözlə baxmağa çalışır: "Başqa dövlətlər də oxşar siyasət yürüdür və bu xoşumuza gəlməsə də normal qarşılayırıq. Ancaq Gürcüstan bu dövlətlərin heç birinə bənzəmir. Birincisi, Ermənistan rəsmiləri heç zaman "Abxaziya və Cənubi Osetiya Gürcüstan ərazisidir" və "Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyirik" açıqlamasını dilə gətirməzlər. İkincisi, Rusiyanın Ermənistandakı hərbi varlığı Azərbaycanla yanaşı, Gürcüstana da real təhdiddir. Üçüncüsü, Gürcüstan Azərbaycan və Ermənistanla yaxşı münasibətləri qorumasına rəğmən, heç zaman Dağlıq Qarabağ münaqişəsinin həllində quruca sözlə də olsa "tərəflərin istəyi əsasında vasitəçi olmağa hazıram və bunun üçün Tiflisdə görüşlər təşkil edə bilərik" təşəbbüsüylə də çıxış etmədi. Halbuki, əgər Paşinyan Gürcüstanla əməkdaşlığı xarici siyasətinin əhəng daşı hesab edirsə, Tiflis bölgədə barışın əldə olunması üçün fəallığını artıra bilər. Bunun üçün Paşinyana bəzi vacib məsələləri anlatmaq lazımdır".

    Bu arada, Ermənistanın baş nazirinin Gürcüstan səfərinin əsas məqsədinin bəlli olduğunu vurğulayan "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri bu qənaətdədir ki, bu, Nikol Paşinyanın baş nazir qismində ilk xarici səfəri sayıla bilər: "O baş nazir seçildikdən sonra ilk olaraq Dağlıq Qarabağa gəldi və separatçılara "ürək-dirək" verdi. Paşinyan daha sonra Soçiyə gedərək Rusiya prezidenti Vladimir Putinlə görüşdü. Ancaq bunu rəsmi səfər adlandırmaq çətindir. Çünki Paşinyan Avrasiya İqtisadi Birliyinin toplantısında iştirak etmək üçün Soçiyə getmişdi. Gürcüstana səfər isə rəsmi status daşıyır və iki gün çəkəcək. Fikirmcə, Nikol Paşinyanın Gürcüstana səfərinin və bu ölkə ilə əməkdaşlığa bu qədər önəm verməsinin əsas səbəbi Abxaziya üzərindən Ermənistana dəmir yolununu açılmasına Tiflisin icazəsinə nail olmaqdır. Paşinyandan əvvəlki Ermənistan liderləri bunu çox arzulasalar da, Rusiya-Gürcüstan dəmiryolunun açılışına nail ola bilmədilər". Paşinyanın Abxaziya üzərindən Ermənistana dəmir yolunun açılmasıyla xarici siyasətdə ilk uğurunu əldə etmək istədiyini qeyd edən politoloqun fikrincə, onun Tiflisə səfərinin başqa məqsədi də var: "Cənubi Qafqaz ölkələrindən Avropa İttifaqı ilə ən sıx əlaqələri Gürcüstan qurub. Paşinyan Gürcüstanın bu təcrübəsini öyrənmək istəyir. Təsadüfi deyil ki, Nikol Paşinyan çıxışlarında Avropa İttifaqı ilə vizasız gediş-gəlişə nail olmaq istədiyini bildirib. Gürcüstan bu hədəfə daha tez nail olub. Nikol Paşinyan Tiflisdən sonra ermənilərin yaşadığı Cavahetiya bölgəsinə də gedəcək. Bu da bir ilkdir. Ermənistanın müstəqil olduğu bu illərdə bu ölkənin heç bir prezidenti və ya baş naziri Cavahetiyaya getməyib və ya gedə bilməyib. Görəsən Tiflis Paşinyana bu icazəni niyə verib? Tiflis qorxmur ki, Paşinyanın bu bölgəyə səfəri Gürcüstanda erməni separatizmini növbəti dalğasına yol aça bilər?" Tiflisin odla oynadığını bildirən Elxan Şahinoğlunun sözlərinə görə, Gürcüstan Paşinyanın istəyi əsasında Abxaziya üzərindən dəmiryolunun açılmasına icazə versə, bununla Bakıya xoş olmayan mesaj göndərəcək: "Paşinyanın Gürcüstanda yaşayan ermənilərlə görüşüb dərdləşməsi də bölgəyə və Gürcüstana yaxşı heç nə vəd etmir. Görünür, Tiflis bu yolla Paşinyanı Rusiyanın caynağından qoparacağını düşünür. Ancaq bu o zaman baş verəcək ki, Paşinyanın özü Rusiyadan qopmağı istəsin".

    “Paşinyandan köklü heç bir dəyişiklik gözləmək olmaz” - İLQAR VƏLİZADƏ

    Mövzu ilə bağlı fikirlərini öyrəndiyimiz politoloq İlqar Vəlizadə isə hesab edir ki, bu gün Tiflis-İrəvan münasibətlərinin inkişafı üçün böyük imkanlar yoxdur: "Düşünmürəm ki, Gürcüstan Ermənistanla danışıqlar zamanı Azərbaycanın maraqlarına zidd, bizim əleyhimizə olan hansısa qərar qəbul etsin. Çünki bu, ilk növbədə Gürcüstanın milli maraqlarına uyğun deyil. Eyni zamanda, Azərbaycan Ermənistandan fərqli olaraq, Gürcüstan üçün çox şeyləri təklif edib. Ümumiyyətlə, regionda həyata keçirilən siyasi və iqtisadi layihələrdə Azərbaycanla Gürcüstanın münasibətləri mühim rol oynayır. Məhz bu səbəbdən də nə rəsmi Tiflis bundan imtina edər, nə də Gürcüstan cəmiyyəti buna yol verər".

    Siyasi ekspertin fikrincə, əgər Gürcüstan Ermənistanla danışıqlar zamanı Azərbaycanın maraqlarına xələl gətirəcək hansısa addım atarsa, o zaman Gürcüstan cəmiyyəti buna sərt formada reaksiya verə bilər: "Ötən illərdə bunu müşahidə etmişik. Məsələn, bir ara Gürcüstanın yeni hakimiyyəti Bakı-Tiflis-Qars layihəsini ekspertizadan keçirmək istəyirdi. Halbuki həmin vaxt işin 80 faizi tamamlanmışdı. Lakin Gürcüstan cəmiyyətinin pressinqini və rəsmi Bakının narahatlığını nəzərə alaraq onlar bunu etmədilər. İndi də vəziyyət eynidir. Yəni əgər kimsə Azərbaycan-Gürcüstan münasibətlərini reviziya etmək istəsə, o zaman ilk növbədə Gürcüstanda müəyyən proseslər başlaya bilər. Eyni zamanda, həm rəsmi Bakının, həm də digər ölkələrin sərt reaksiyası Azərbaycanın maraqlarına zidd olan hər hansı addımın atılmasına imkan verməyəcək. Paşinyanın səfərinə gəlincə, qeyd etməliyəm ki, bu gün Ermənistanın əlində Gürcüstana təklif edə biləcək bir şey yoxdur. İrəvan istəsə belə, Tiflisə heç nə təklif edə bilməz. Bu gün Gürcüstanda ən böyük investor Azərbaycanla Türkiyədir. Bundan başqa, xarici şirkətlər arasında ən iri vergi ödəyəcisi məhz SOCAR-dır. Bütün bunların qarşılığında Ermənistan Gürcüstana nə təklif edə bilər? Təbii ki, heç nə. Əslində, Gürcüstan rəhbərliyi də bunu çox gözəl başa düşür. Düzdür, müəyyən şüarlar, müxtəlif bəyanatlar səsləndirilsə belə, onları reallaşdırmaq üçün ciddi maliyyə, həmçini siyasi istək və bacarıq lazımdır. Bunların isə heç biri Ermənistanda yoxdur".

    Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org