Gürcüstan və Rusiya arasında danışıqlar bərpa olunub

252

Rusiya ilə Gürcüstan arasında danışıqlar bərpa olunub və növbəti görüş baş tutub.

AZƏRTAC xəbər verir ki, Gürcüstanın baş nazirinin Rusiya ilə münasibətlər üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze ilə Rusiya xarici işlər nazirinin sabiq müavini, senator Qriqori Karasin arasında noyabrın 27-də online görüş keçirilib.

Gürcüstan hökumət administrasiyasından bildirilib ki, görüşdə iqtisadi, humanitar, ticari və nəqliyyat sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri diqqət mərkəzində olub. Bildirilib ki, pandemiya səbəbindən cari ilin yanvar-oktyabr ayları ərzində iki ölkə arasında ticarət dövriyyəsi xeyli azalıb.

Hər iki ölkənin ticarət şirkətlərinin işinə köməklik göstərilməsi və onların qarşılaşdıqları problemlərin həlli barədə razılıq əldə olunub.

Zurab Abaşidze Abxaziya və Tsixinvali bölgələrindəki vəziyyətlə bağlı narahatlığını dilə gətirib.

Bu məsələ ilə bağlı daha ətraflı müzakirələrin növbəti Cenevrə görüşündə aparılacağı bildirilib.

Nəqliyyat əlaqələrinin bərpası ilə bağlı Rusiya tərəfi bildirib ki, epidemioloji vəziyyət sabitləşdikdən sonra iki ölkə arasında birbaşa aviareyslərin bərpası ilə bağlı danışıqlara başlanıla bilər. Amma Rusiya hələlik bu barədə konkret qərar qəbul etməyib.

Məlumat üçün qeyd edək ki, 2019-cu il iyunun 20-də Tbilisidə Rusiya əleyhinə keçirilən aksiyalardan sonra danışıqlar prosesinə fasilə verilib və Rusiyadan Gürcüstana birbaşa aviareyslər dayandırılıb.

İki ölkə arasındakı diplomatik münasibətlər isə 2008-ci ilin məlum avqust hadisələrindən sonra dayandırılıb.