“Gürcüstan Azərbaycana dəstəyini “Keşikçidağ”la əlaqələndirməməlidir”

156

Elxan Şahinoğlu: “Rəsmi Tiflisin bölgədə indiki ağır vəziyyətdə hələ də bu məsələsini gündəmdə saxlaması suallar yaradır”

“Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov sentyabrın 24-də Gürcüstana səfər edərək, bu ölkənin prezidentindən tutmuş gürcü həmkarına qədər müxtəlif görüşlər keçirib. Xarici işlər nazirləri görüşdən sonra ortaq mətbuat konfransı keçirib”. “Hürriyyət” xəbər verir ki, bu fikirlər “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğluna məxsusdur.

Mətbuat konfransında iki ölkə arasında əlaqələrin strateji əhəmiyyətinin bir daha vurğulandığını qeyd edən politoloqun sözlərinə görə, Ceyhun Bayramov “Azərbaycan Gürcüstanın əsas ticarət tərəfdaşı və investorlarından biridir” ifadəsini səsləndirməklə Tiflisin bölgədə əsas tərəfdaşının ünvanını göstərib: “Buna baxmayaraq, gürcü nazir görüşdə yenə “Keşikçidağ” mövzusuna diqqəti yönəldib.

Nazirlər qapalı görüşdə bu mövzuda fikir mübadiləsi aparıblar. Ötən il insidentin yaşanmasına baxmayaraq, vəziyyətin müsbətə doğru dəyişildiyi vurğulanıb. Bildirilib ki, dövlət sərhədinin delimitasiyası ilə məşğul olan komissiyanın üzvləri yenilənib. Gürcü nazir bildirib ki, 2006-2007-ci illərdə razılıq əldə edilən bəzi qərarlar dəyişə bilər. Söhbətin hansı qərarlardan getdiyi açıqlanmayıb”. “Atlas” Araşdırmalar Mərkəzinin rəhbərinin fikrincə, hiss olunur ki, Tiflis bu məsələnin qısa müddətdə həllini istəyir: “Gürcü nazirin “dövlət sərhədlərinin delimitasiya prosesi pandemiya ilə əlaqədar bir qədər uzandı. Əminəm ki, pandemiya başa çatdıqdan sonra bu situasiyadan çıxacağıq və hər iki ölkə üçün məqbul qərarlar qəbul ediləcək” sözləri də bundan xəbər verir. Ceyhun Bayramovla görüşən Gürcüstan prezidenti Salome Zurabişvili üçün də “Keşikçıdağ” mövzusu vacib olub.

“Sərhədlərin delimitasiyası prosesinin vaxtında başa çatdırılması qarşılıqlı strateji maraq kəsb edir” deyən Salome Zurabişvili əmin olduğunu bildirib ki, “bu prosesə heç kim və heç nə mane ola bilməz”. Sanki Salome Zurabişvili üçün Azərbaycanla münasibətlərdə başqa mövzu yoxdur. Halbuki, strateji tərəfdaş olaraq Gürcüstan prezidentindən Dağlıq Qarabağ məsələsində Azərbaycana birmənalı dəstək ifadəsini eşitmək istəyərdik. Necə ki, həmin dəstəyi Türkiyə, Pakistan və Ukraynanın rəhbərləri ifadə edirlər. Əslində, Gürcüstanla dövlət sərhədinin delimitasiya məsələlərinin üçdə ikisi başa çatdırılıb. Sadəcə, Tiflis yerdə qalanını da qısa müddətdə həll etmək istəyir. Rəsmi Tbilisi Rusiyanın Gürcüstan üzərindən Ermənistana hərbi yük daşımasına icazə verməyib. Rəsmi Bakı bunu yüksək qiymətləndirib”.

Elxan Şahinoğlu onu da əlavə edib ki, rəsmi Tiflisin bölgədə indiki ağır vəziyyətdə hələ də “Keşikçidağ” məsələsini gündəmdə saxlaması suallar yaradır: “Azərbaycan işğal altındakı torpaqları azad etməyə çalışarkən, rəsmi Tiflisin bizdən sərhəddə ərazi güzəşti gözləməsi yersizdir. Əlbəttə, iki ölkə arasında sərhədin delimitasiyasıyla bağlı danışıqlar davam etdirilməlidir. Ancaq Azərbaycan üçün hazırkı şərtlər daxilində əsas hədəf torpaqlarını azad etməkdir. Bunu həll etmədən Gürcüstana ərazi güzəşti mümkün deyil. Gürcüstan Azərbaycana dəstəyini “Keşikçidağ”la əlaqələndirməməlidir. Yəni bir növü demək istəyirlər ki, “Siz Keşikçidağı bizə versəz, Gürcüstan Qarabağ məsələsində Azərbaycana daha böyük dəstək verər”. Bizə şərti dəstək lazım deyil. Ona qalsa Bakı bu illərdə Tiflisə o qədər yaxşılıq edib ki. Ceyhun Bayramovun da Tiflisdə qeyd etdiyi kimi, bölgədə Gürcüstanın əsas tərəfdaşı və investoru Azərbaycandır. Gürcüstan hakimiyyətində gərək bunu unutmasınlar”.

Vazeh BƏHRAMOĞLU